AZ

Deputat: Bu müəllimlərin attestasiyadan çıxarılması və sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur

BAKI, 5 mart. TELEQRAF

"Müzakirəyə təqdim olunan bu qanun layihəsi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur".

Teleqraf xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Vasif Qafarov deyib.

O qeyd edib ki, mövcud attestasiya sistemi əsasən sənədlərə və şifahi qiymətləndirməyə əsaslanır, yazılı testlər, rəqəmsal qiymətləndirmə və konkret performans meyarları isə tətbiq edilmir:“Bu isə obyektivliyin azalmasına, subyektiv yanaşma hallarının yaranmasına və nəticələrin hüquqi baxımdan mübahisəli olmasına səbəb olur. Attestasiya nəticələrinin məhkəmədə tətbiqi mexanizmlərinin aydın olmaması da əmək mübahisələri riskini artırır.

Eyni zamanda, komissiyaların təşkili və uzunmüddətli prosedurlar dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə gətirib çıxarır. Buna görə də attestasiyanın daha müasir və şəffaf mexanizm olan sertifikatlaşdırma ilə əvəz olunması daha uyğun hesab edilir. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq Maddə 67-2-də sertifikatlaşdırmanın əhatə dairəsi genişləndirilir və bu mexanizm yalnız ümumi təhsil müəssisələrinə deyil, həm də musiqi, incəsənət və rəssamlıq məktəblərinə şamil edilir.

Lakin nəzərə almalıyıq ki, musiqi, incəsənət və rəssamlıq sahələrində praktik bacarıqlar əsasdır. Buna görə hesab edirəm ki, praktik hissənin ayrıca qiymətləndirilməsi vacibdir və bu hissə qiymətləndirmədə ümumi nəticənin ən azı 50 faizini təşkil etməlidir. Bu, real peşə bacarığının obyektiv ölçülməsinə xidmət edəcəkdir.
“Təhsil haqqında” Qanuna dəyişikliklər çərçivəsində musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimlərinin attestasiyadan çıxarılması və sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulur. Maddə 33.3.9-da sertifikatlaşdırmanın məcburi xarakter daşıması nəzərdə tutulur. Lakin burada uğursuz nəticə halları aydın şəkildə tənzimlənməlidir. Bu prosedurun əmək müqaviləsinə təsirinin hüquqi baxımdan dəqiq tənzimlənməsi də vacibdir.

Müəllimlərə 2 dəfə təkrar imtahan hüququ verilməsini, bu müddətdə onların təlimlərdə iştirakının təmin olunmasını və 3-cü dəfə uğursuz nəticə olduqda əmək müqaviləsinə xitam verilməsi qaydasının konkret göstərilməsini təklif edirəm. Hesab edirəm ki, burada əsas məqsəd cəza vermək deyil, peşəkar inkişafı təşviq etmək olmalıdır.

Maddə 36-2-yə əsasən sertifikasiyadan keçən müəllimə 5 il müddətinə dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Müəllim hər 5 ildən bir yenidən sertifikasiyadan keçməlidir. Hesab edirəm ki, həkimlərin sertifikasiyadan keçirilməsi qaydalarına tətbiq edilən son yeniliklər müəllimlərin sertikasiyasına da tətbiq edilə bilər. Yəni, həkimlərdə olduğu kimi, müəllim də 5 il müddətində müəllim inkişaf təlimlərində və ya müəllim ixtisasartırma kurslarında iştirak edib illik 50 bal, ümumilikdə isə 5 il ərzində 250 bal yığacaqsa, o, növbəti sertifikasiyadan azad olunmalıdır. Hesab edirəm ki, bu yanaşma müəllimlərin davamlı inkişaf modelini formalaşdıracaq və onların peşəkar inkişafına xidmət edəcəkdir".

Deputat bildirib ki, musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan təhsilverənlərin sertifikatlaşdırmaya cəlb edilməsi qiymətləndirmənin şəffaflığını artıracaq, nəticələrin müqayisəsini mümkün edəcək və peşə yararlılığını daha obyektiv ölçəcəkdir: “Lakin bunun üçün keyfiyyətli sual bazasının hazırlanmasını, mütəxəssislərin yetişdirilməsini və güclü rəqəmsal sistemin qurulmasını vacib hesab edirəm. İlkin mərhələdə pilot layihənin tətbiqini və nəticələrə əsasən təkmilləşdirmələrin aparılmasını təklif edirəm.

Motivasiyanın artırılması da vacibdir. Hesab edirəm ki, uğurlu nəticə göstərən müəllimlərə topladıqları nəticələrə uyğun disserensial əməkhaqqı əlavəsinin verilməsini, karyera yüksəlişində üstünlük tətbiq olunmasını və sertifikasiya nəticələrinin işə qəbul və təyinat zamanı əsas meyar kimi istifadə edilməsini təmin etmək də vacibdir.

Ən vacibi isə odur ki, sertifikatlaşdırma işdən çıxarma vasitəsinə deyil, peşəkar inkişaf alətinə çevrilməlidir. Musiqi, incəsənət və rəssamlıq sahələri üçün ayrıca meyarların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir.
Hesab edirəm ki, bu dəyişikliklər həyata keçirilərsə, təhsilin keyfiyyəti yüksələcək, müəllimlərin peşəkar inkişafı güclənəcək və dövlət vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaqdır”.

Seçilən
28
teleqraf.com

1Mənbələr