AZ

Azərbaycan qadını cəmiyyətin inkişafında aparıcı rola malikdir

Yüksək mənəvi keyfiyyətlərə malik, ağıllı, iradəli, namuslu,qürurlu və mətanətli Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, öz soykökünə, xalqın mənəvi dəyərlərinə, adətlərinə sadiq qalıb, tarixi ənənələri qoruyub yaşatmış, cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.                                         

Azərbaycan qadını ana olmaqla yanaşı öz istedadı ilə xalqın mənəvi sərvətlərini artıran alim, müəllim, həkim, hüquqşünas, yazıçı, bəstəkar, rəssam, şair, dövlət və maarif xadimləri, eyni zamanda bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır.  Bu gün  müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Ölkəmizdə dövlət qadın siyasətinin müəyyən edilməsinin və dövlət səviy yəsinə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktdır. Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. O, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsini hər zaman diqqət mərkəzində saxlayır, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Ulu öndərin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi,  kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.

Ulu Öndərin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə barəbar demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Dahi öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlər - 1998-ci il 14 yanvar tarixli Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaranması haqqında imzaladığı fərman,  Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam,  qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə 6 mart 2000-ci ildə "Azərbaycan Respublikası Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında"  Fərmanı , 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” və digər mühüm tədbirlər qadınların hüquqlarının tapdalanmasının qarşısını almağa yönəldilmişdir.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Azərbaycan qadınları mühüm dövlət qurumlarında, Parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük uğurlar əldə edirlər. Dövlət qadın siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu da Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.

2004-cü ilin mayından Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, yarandığı ilk gündən xeyirxahlıq və ümid məbədinə çevrilən Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinə, gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti cəmiyyətimizdə xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi hərtərəfli fəaliyyəti  həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti,  xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər, milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Azərbaycan qadınının cəsurluğu, qorxmazlığı, qayğıkeşliyi, mərdliyi, qeyrəti bu gün uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan qadını xalqımızın tarixindən süzülüb gələn qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları vətənpərvər ruhda, milli mentalitetimizə, dəyərlərimizə bağlı, xalqına yurduna məhəbbət, sevgi ilə böyüdən anadır. Azərbaycan qadını  44 günlük müharibədə Zəfəri bizə qazandıran igid oğullar yetişdirən, onları öz xeyir duası ilə döyüşə yola salan böyük qüvvədir. Azərbaycan qadını şəhid anasıdır, şəhid bacısıdır, şəhid yarıdır, şəhid qızıdır. Ölkə başçımız İlham Əliyevin qeyd etdiyi kimi : “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirən, dualarla cəbhəyə göndərərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyinizə ən böyük tövhə də heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”.

Məhz bu məğrur, qəhrəman qadınların yetişdirdiyi igid oğullar sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyi bacardıq. 

Həmişə sülhün, əmin-amanlığın fəal carçısı olmuş Azərbaycan qadınları tarixən ölkə həyatı və taleyi ilə bağlı ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, milli dövlətcilik mövqeyindən cıxış etmişlər.

Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, dövlət quruculuğu prosesində, cəmiyyətimizin inkişafında onların rolunu gücləndirir.  Cəmiyyətin sosial-mədəni həyatında və dövlət idarəetmə sistemində fəal mövqe tutan Azərbaycan qadınları ölkəmizin inkişafı, mədəni-mənəvi zənginlikləri mizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Seçilən
14
ikisahil.az

1Mənbələr