AZ

Azərbaycan və Çin qadın alimlərinin dünya elminin inkişafına verdiyi töhfələr

Bakı, 5 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov davamlı inkişafın təmin edilməsində gender bərabərliyinin, qadınların Azərbaycan və Çində dövlət quruculuğunda, təhsilin, elmin və mədəniyyətin inkişafında mühüm rolundan danışaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Çinin birinci xanımı Pen Liyuanın səmərəli ictimai-siyasi fəaliyyətlərini xüsusilə qeyd edib.

Tədbirdə çıxış edən tələbələr ənənəvi Çin cəmiyyətində qadınların roluna, qədim Çin mədəniyyətində qadın gözəlliyinin simvolları olan dörd böyük Çin gözəli - Si Şi, Van Ciaozhuyun, Diaochan və Yan Quyfeyə, həmçinin qəhrəmanlıq və iradəni təcəssüm etdirən əfsanəvi qadın döyüşçülər Fu Hao və Mulana diqqət yetiriblər. Eləcə də Azərbaycan və Çin qadın alimlərinin - qədim Çinin ilk qadın tarixçisi Ban Ciao, malyariyanın müalicəsini hazırlayan Nobel mükafatı laureatı Tu Youyou, paleontoloq Çjan Miman, Azərbaycanda şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru Aida İmanquliyeva və orta əsrlər Azərbaycan-Çin münasibətlərinin tanınmış tədqiqatçısı Sara Aşurbəylinin dünya elminin inkişafına verdiyi töhfələr qeyd edilib.

Çıxış edənlər, həmçinin dahi şair Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasında Çin mədəniyyətini, müdrikliyini, gözəlliyini və incəliyini təcəssüm etdirən “Çin gözəli” obrazından danışıblar. Qeyd edilib ki, Çin ənənəvi mədəniyyətində qadın fəzilətləri idealını təcəssüm etdirən, sevgi, fədakarlıq və təhsil mənbəyi olan ananın sosial əhəmiyyətli obrazı Azərbaycan və Çin ədəbiyyatında geniş şəkildə əks olunub.

Seçilən
58
azertag.az

1Mənbələr