AZ

Müasir enerji diplomatiyası geostrateji güc amili Deputat yazır

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Enerji təhlükəsizliyi məsələlərinin effektiv həlli qlobal gündəliyin ən vacib istiqamətlərindən biridir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında dövlətimizin başçısı İlham Əliyev tərəfindən çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. On iki il əvvəl başlanan həmin təşəbbüsün bu gün də uğurla davam etdirilməsi bir daha sübut edir ki, enerji təhlükəsizliyi yalnız dialoq, koordinasiya və qarşılıqlı etimad mühitində təmin olunur.

Son onillikdə dünya enerji bazarlarında yaşanan geosiyasi gərginliklər, iqtisadi böhranlar və təchizat zəncirindəki qırılmalar fonunda bu platformanın əhəmiyyəti daha da artıb. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasını real nəticəyə çevirə biliblər. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri ölkəmizin qaz ixrac coğrafiyasının genişlənməsi olub. Əvvəllər 12 ölkəyə qaz tədarük edən dövlətimiz hazırda 16 ölkəni təbii qazla təmin edir. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünya miqyasında ön sırada qərarlaşması həyata keçirilən enerji strategiyasının konkret nəticəsidir.

Avropa bazarında mövcudluğun gücləndirilməsi əsas prioritet kimi müəyyənləşdirilib. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması ilə artıq Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Bu amil həm Avropanın enerji təhlükəsizliyinə töhfədir, həm də uzunmüddətli tərəfdaşlıq modelinin möhkəmləndirilməsidir. Lakin artan tələbat yeni çağırışlar yaradır. Cənub Qaz Dəhlizi hazırda tam yüklənmiş vəziyyətdədir. Buna görə də əlavə genişləndirmə, yeni interkonnektorların yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi zərurəti yaranıb. Məqsəd ixrac həcmlərini maksimum səviyyəyə çatdırmaq və yeni bazarlara çıxışı təmin etməkdir.

Prezident İlham Əliyev çıxışında yeni qaz mənbələri ilə bağlı konkret gözləntiləri də səsləndirib. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi yaxın illərdə əlavə həcmdə qaz təmin edəcəkdir. Eyni zamanda, əsas mənbələrdən biri olan Şahdəniz yatağında 2028-ci ildən yeni mərhələ üzrə hasilatın başlanması planlaşdırılır. Bütün bunlar isə həm ixrac potensialını artıracaq, həm də Azərbaycanın qlobal enerji bazarındakı rolunu daha da gücləndirəcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək: “Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.

Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas mövzulardan biri də yaşıl enerji keçididir. Cari ilin əvvəlində regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən istismara verilib. Bundan əvvəl, 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyasını istifadəyə təqdim edib.

SOCAR ilə yanaşı, özəl sektorun alternativ enerji layihələrinə qoşulması ölkədə sağlam və rəqabətqabiliyyətli investisiya mühitinin formalaşdığını göstərir. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə olunması planlaşdırılır və bu göstəricilər artıq imzalanmış müqavilələrə əsaslanır. Bu yaşıl güc həm ixrac ediləcək, həm də daxili bazarda təbii qazın əvəzlənməsi yolu ilə iqtisadiyyatın digər sahələrinin – sənaye, kommunikasiya, süni intellekt və data mərkəzlərinin inkişafına şərait yaradacaqdır.

Azərbaycanın enerji strategiyası təkcə hasilat və ixracla məhdudlaşmır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, texnologiya və bağlılıq sahələrində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd layihələrin beynəlxalq siyasi və iqtisadi dəstək çərçivəsini genişləndirir. Bununla yanaşı, ölkəmiz regional tranzit mərkəzi kimi də rolunu gücləndirir, Xəzərin şərq sahillərindən neft nəqlini artırmaq üçün mövcud infrastrukturu genişləndirir.

İqlim məsələlərinə praqmatik yanaşmanın vacibliyi mühüm önəm kəsb edir. Enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balans qorunmalıdır. Nəticə etibarilə, Azərbaycanın enerji strategiyası iki əsas komponentə - etibarlı qaz təchizatçısı olmaq və paralel şəkildə yaşıl enerji keçidini sürətləndirmək amilinə əsaslanır. Bu sinxron yanaşma ölkəni həm regionda, həm də qlobal enerji xəritəsində mühüm aktora çevirir.

Asif Əsgərov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
unikal.az

5Mənbələr