AZ

Mehriban qonşuluq və humanizm...

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitlik və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Mehriban qonşuluğun önəmi...

Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.

Azərbaycanın xarici siyasəti isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə  bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Azərbaycan regionda geosiyasi və iqtisadi birləşdirici körpü rolunu oynayır, enerji və nəqliyyat layihələri (məsələn, Bakı-Tbilisi-Qars, Şimal-Cənub) ilə qonşuların iqtisadi əlaqələrini dəstəkləyir.

Bununla belə yaxın regionlarda qonşu dövlətlərin ərazilərində baş verən hərbi toqquşmalar ciddi narahatlıq doğurur. Bu mənada, Yaxın Şərqdə yenidən alovlanan münaqişə bütün region üçün təhlükədir. Azərbaycan da yaranmış vəziyyətdən narahatdır. Çünki İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.

İran Azərbaycana təşəkkür edir

Azərbaycan dünyada, o cümlədən yaxın regionumuzda sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz hər zaman bu mövqeyini nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan bir sıra qarşı duran tərəflər arasında vasitəçilik edib, eləcə də onların görüşlərinə evsahibliyi edib. Buna nümunə olaraq, ABŞ - Rusiya, NATO - Rusiya, İsrail - Suriya nümayəndələri arasında keçirilən görüşləri göstərmək olar.

Eyni zamanda, Azərbaycan üçüncü ölkələrin öz ərazisindən qonşu dövlətlərə qarşı istifadəsinə heç zaman icazə verməyib. Bu faktı İranın  ölkəmizdəki səfiri Müctəba Dəmirçilu keçirdiyi mətbuat konfransında da təsdiqləyib. “Xarici işlər nazirləri arasında telefon danışığı olub. Ceyhun Bayramov və Seyid Abbas Əraqçi son proseslərlə bağlı fikir mübadiləsi aparıblar. Həmin telefon danışığında Azərbaycanın rəsmi mövqeyi ifadə edilib və qeyd olunub ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol verməyəcək. Biz hər zaman buna inanmışıq. Azərbaycanın ən yüksəksəviyyəli rəsmiləri də bu mövqeni açıq şəkildə bəyan ediblər”-deyə səfir vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, İran özünümüdafiə məqsədilə “düşmənlərinin” regiondakı hərbi bazalarına endirdiyi zərbələr regionun dost və qonşu ölkələrinə qarşı yönəlməyib: “Bu, yalnız təcavüzkar ölkələrin İrana qarşı atdığı addımlara cavabdır”.

Səfir Azərbaycan dövlətinə və xalqına minnətdarlığını da bildirib: “Azərbaycan bu çətin dövrdə həm rəsmi, həm də qeyri-rəsmi başsağlığı mesajları ilə həmrəylik nümayiş etdirib və öz dəstəyini ifadə edib. Bu, ortaq mədəniyyətimizin və münasibətlərimizin bir göstəricisidir və buna görə təşəkkürümüzü bildiririk”.

Ölkəmizin vasitəsilə əcnəbilərin İrandan təxliyəsi davam edir

Onu da qeyd edək ki, İran ətrafında münaqişənin alovlanmasından sonra bu ölkədəki xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisi vasitəsilə təxliyəsi həyata keçirilir. Bu fakt isə ölkəmizin humanitar siyasətinin bariz göstəricisidir. Məlumdur ki, Azərbaycan müxtəlif ölkələrə humanitar yardımlar göstərir, ekoloji və təbii fəlakətlər zamanı dəstək nümayiş etdirir. Eyni zamanda, ölkəmiz dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi çıxış edərək, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayır. Bütövlükdə, humanitar siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və regionda sülh və əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.

Yeri gəlmişkən, xatırladaq ki, fevralın 28-dən etibarən müxtəlif ölkələrin yüzlərlə vətəndaşı İrandan Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Həmin ölkələr arasında Çin, Rusiya, Tacikistan, Pakistan, Oman, Səudiyyə Ərəbistanı, Gürcüstan, Belarus, Serbiya, İsveçrə, Yaponiya, Qətər, Fransa, İtaliya, Böyük Britaniya, Polşa və s. var.

Beləliklə, ölkəmizin mövqeyi bərabərlik, qarşılıqlı anlaşma və mehriban qonşuluq, humanizm prinsiplərinə əsaslanır. Azərbaycanın mehriban qonşuluq siyasəti regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Gərginliyin davam etdiyi hazırkı şəraitdə də dövlətimiz bu mövqeyini həyata keçirməkdədir.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
yeniazerbaycan.com

2Mənbələr