AZ

Enerji təhlükəsizliyi: “Cənub Qaz Dəhlizi ən etibarlı ixrac...”

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bugünlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında bu məsələyə toxunulub. 

Prezident İlham Əliyev çıxışında bildirib ki, hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir:

“Planlarımıza gəldikdə, bəli, biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. 

Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir. 

Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.

Qeyd edək ki, "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Marko Tonequtti bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə qaz təchizatı sayəsində Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər, çünki Avropa İttifaqının (Aİ) əlavə boru kəməri qazı həcmlərinə ehtiyacı var.

Azərbaycanın bu ehtiyacı qarşılamaq imkanı nə qədərdir?

Məsələ ilə bağlı neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cebheinfo.az”-a bildirib ki,  Yaxın Şərqdə baş verənlər qlobal enerji təhlükəsizliyini təhdid altına almaqla yanaşı, sənaye istismarında olan ixrac güclərinin, mənbələrin inkişafını və şaxələndirməsini qaçılmaz edir:

“Bu mənada Cənub Qaz Dəhlizi (CQD) Azərbaycan qazını region ölkələrinə və CQD-nin Avropa ayağı olan TAP üzərindən  Avropanın artan sayda ölkələrinə etibarlı və təhlükəsiz şəkildə çatdırılması baxımından rolu və əhəmiyyəti böyükdür.

2025-ci ildə Azərbaycan və SOCAR Avropa İttifaqının üzv dövlətlərinə 12,5 mlrd. kubmetr təbii qaz tədarük edib ki, bu göstərici 2021-ci illə müqayisədə 53,8 % artım deməkdir.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən olan TAP-ın 2020-ci ilin dekabr ayında sənaye istismarına verilməsindən 2025-ci ilin sonuna kimi Avropanın qaz bazarına 52 milyar kubmetrdən çox mavi yanacaq ixrac edilib.

Təbii ki, qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının artması və ixrac infrastrukturunun genişləndirilməsi, Azərbaycanın aktivində olan qaz yataqlarına yönəldiləcək investisiya və maliyyə tələblərinin yerinə yetirilməsindən asılı olacaq. 

Bu məsələlər həllini taparsa, qarşıdakı illərdə Azərbaycandan Avropanın qaz bazarlarına əlavə qaz həcmlərinin çatdırılması mümkündür. Bölgənin təchizat xəritəsi göstərir ki, Cənub Qaz Dəhlizi ən etibarlı və təhlükəsiz ixrac gücüdür”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

 

Açar sözlər:

Cənub Qaz Dəhlizi Zəfər Vəliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
1
cebheinfo.az

2Mənbələr