AZ

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Gürcüstanın Bolnisi rayonunda soydaşlarımızın kompakt yaşadığı Faxralı kənd orta məktəbində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə, kəndin meri Noyruz Ayvazov, ziyalılardan Ramiz Bəkirov məktəbin Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış ediblər.

Çıxış edənlər şairin zəngin ədəbi irsi, Azərbaycan poeziyasına verdiyi töhfələr və onun yaradıcılığının bu gün də aktuallığını qoruduğunu qeyd ediblər. Bildirilib ki, Səməd Vurğun vaxtilə iki dəfə Faxralı kəndində olub və kənd sakinləri ilə görüşlər keçirib. Bu səbəbdən şairin xatirəsi kənddə xüsusi ehtiramla yad edilir. Faxralı sakinləri onu xoş xatirələrlə xatırlayır, yaradıcılığını daim əziz tutur və gələcək nəsillərə tanıtmağa çalışırlar.

Çıxış edənlər bu cür təşəbbüslərin Gürcüstanda ana dilinin qorunması, yaşadılması və gənc nəsil arasında təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonra məktəblilər arasında şairin yaradıcılığına həsr olunan şeir müsabiqənin qalibləri fəxri fərmanla təltif olunublar.

Mərasim bədii hissə ilə davam edib. Məktəblilər tərəfindən şairin dram əsərlərindən səhnələşdirilmiş səhnəciklər təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlı icmasının milli-mədəni dəyərlərinin, xüsusilə ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.

Seçilən
6
1
kulis.az

2Mənbələr