Martın 5-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclası açaraq gündəliyə Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini söyləyib.
Newscenter.az xəbər verir ki, komitə sədri bildirib ki, təqdim olunan qanun layihəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin peşə yararlılığının attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndirilməsi nəzərdə tutulub. Anar İsgəndərov layihə barədə məlumat vermək üçün Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.
Adil Vəliyev qeyd edib ki, hazırda tətbiq olunan attestasiya qiymətləndirilməsi müasir metodologiyalar və müasir təcrübə ilə uyğunlaşmır. Eyni zamanda, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmir.
Layihənin qəbul edilməsi nəticəsində yuxarıda göstərilən təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri, təcrübəsi və peşə yararlılığı sertifikasiya imtahanı vasitəsilə xüsusi qaydalara uyğun qiymətləndiriləcək. Vurğulanıb ki, sertifikasiya imtahanının tətbiqi qiymətləndirilmə prosesinin şəffaflığını və obyektivliyini artıracaq, həmin təhsil müəssisələrinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.
Məsələnin müzakirəsində komitənin sədr müavini Fariz İsmayılzadə, komitə üzvləri Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Bəxtiyar Əliyev, Vasif Qafarov çıxış edərək, öz qeyd və təkliflərini səsləndiriblər.
Müzakirədən sonra qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Elnarə Akimova, Tamam Cəfərova, Sevinc Fətəliyeva, Afət Həsənova, Elçin Mirzəbəyli, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman