AZ

"Hərbi cavab variantları nəzərdən keçirilə bilər" - Komitə sədri

"Bu gün İran ərazisindən atılan PUA-lar ilə Naxçıvan Beynəlxalq Hava Limanı vuruldu. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə baş vermiş təxribatla bağlı Təhlükəsizlik Şurasının iclası keçirildi. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür".

 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsimin sədri, deputat Arzu Nağıyev deyib. Komitə sədri bildirib ki, İran silahlı qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin riyakarlığının və nankorluğunun göstəricisidir:

"Beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq qalıb. Ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün təhlükə olmayıb. Azərbaycan heç bir vaxt ikili və riyakar siyasət yürütməyib. Daim prinsipimiz ərazi bütövlüyümüz, suverenliyimizin qorunması və vətəndaşımızın rifahı olub. Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Belə bir şəraitdə İran tərəfindən Naxçıvan ərazisində mülki obyektlərin vurulması, hava limanını, dinc sakinləri hədəf götürmək terror aktıdır. Siyasi və diplomatik addımlar atılır. Azərbaycan məsələni beynəlxalq təşkilatlara çıxara bilər. Hərbi cavab variantları nəzərdən keçirilə bilər. Cənab Prezident çıxışında qeyd etdi. Sərhəddə operativ hərbi hazırlıq vəziyyəti artırılır. Bütün qoşunlara tapşırıq verilib. Belə hallarda siyasi və diplomatik kanalları işə salmağa üstünlük verməklə paralel təhlükəsilzik riskləri artarsa, hərbi tədbirlər də görməyə hazırıq".

Deputat Aydın Mirzəzadə qeyd edib ki, bu çox təhlükəli bir təxribatdır. Onun sözlərinə görə, məqsəd Azərbaycanı bu gün İranda baş verən proseslərə qarışdırmaq və Azərbaycanın dinc həyatını pozmaqdır:

"Bu gün Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, biz İrana qarşı olan əməliyyatlarda iştirak etmirik və etməyəcəyik. Bunu keçirməyə nə marağımız, nə də siyasətimiz imkan vermir. Bununla belə İranın Azərbaycana qarşı xain hərəkətinə sərt cavab veriləcək. Azərbaycan özünün suverenliyini, müstəqilliyini qoruya bilir və bundan sonra da qoruyacaq. Heç bir halda İranın Azərbaycana qarşı təxribatları cavabsız qalmayacaq".

Anar Kəlbiyev

Seçilən
72
50
unikal.az

10Mənbələr