AZ

Kişinyovun Bakıya ilginc təklifləri

Moldova neft məhsullarının saxlanması infrastrukturuna Azərbaycandan investisiya cəlb etməkdə maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Yunqietu Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası münasibətilə “Trend”ə eksklüziv müsahibəsində bildirib: "Moldova təbii qaz təchizatı marşrutlarını şaxələndirmək üçün əhəmiyyətli səylərini nəzərə alaraq, Azərbaycan ölkəmiz üçün potensial strateji tərəfdaşdır".

Nazir həmçinin bildirib ki, Moldova Energetika Nazirliyi Azərbaycan şirkətlərini bərpa olunan enerji layihələri üzrə tenderlərdə iştirak etməyə dəvət edir: "Energetika Nazirliyi Azərbaycan şirkətlərini bərpa olunan mənbələrdən elektrik enerjisinin böyük, ixtisaslı istehsalçısı statusu üçün yeni tender mərhələsində iştirak etməyə dəvət edir. Rəsmi tender sənədləri 19 dekabrda Energetika Nazirliyinin veb saytında dərc edilib".

Dorin Yunqietu xatırladıb ki, 2025-ci ilin aprel ayında Azərbaycan Bərpa Olunan Enerji Agentliyi və Moldova Respublikasının Milli Davamlı Enerji Mərkəzi iki ölkə arasında təcrübə mübadiləsinin, birgə tədqiqatların və bərpa olunan enerji sahəsində innovativ texnologiyaların inkişafının genişləndirilməsinə yönəlmiş bərpa olunan enerji sahəsində anlaşma memorandumu imzalayıblar.

659bb569e2e38659bb569e2e39170470.jpg

Qeyd edək ki, Rusiya üçün Moldova postsovet məkanında strateji əhəmiyyət daşıyan ölkədir. Moskva son iki ilədək Moldovanın qaz bazarında dominant mövqeyə malik olub. Ukraynadakı işğalçı müharibə başlayandan sonra Moldova Avropa istiqamətindən qaz təminatı sistemi yaratmaqla bu mövqeyə ağır zərbə vurub. Ötən ilin sentyabrından Rusiya “Qazprom”una məxsus “Moldovaqaz”a Moldova ərazisində qaz satışı tam qadağan edilib. Alternativ təchizat və infrastrukturun qurulması ilə Moskvanın enerji vasitəsilə təsir imkanları azalır. Son dövrlər Moldova neft məhsullarının saxlanması infrastrukturuna və enerji marşrutlarının şaxələndirilməsinə yönəlik addımları sürətləndirir. Bu çərçivədə Azərbaycan şirkətlərinin investisiya imkanları gündəmə gəlib. Rəsmi Kişinyov bu əməkdaşlığı enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ təchizat kanallarının yaradılması kimi təqdim edir.

Lakin siyasi analitiklər hesab edirlər ki, Rusiya Moldovanın enerji asılılığının azalmasını öz təsir rıçaqlarının zəifləməsi kimi qəbul edə bilər. Xüsusilə enerji sektoru uzun illər Moskvanın regionda əsas təsir mexanizmlərindən biri olub. Bu mexanizmin Moldova kimi əhəmiyyətli ölkədə itirilməsi, bu prosesin Azərbaycanın dəstəyi ilə baş verməsi, aydındır ki, Moskvanı qıcıqlandıracaq.

Maraqlıdır ki, Moldovalı nazir Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşündə Bakıdan qaz alışı məsələsini də gündəmə gətirsə də, daha çox Azərbaycanın Moldovada alternativ enerji layihələrində investor kimi iştirakı məsələsinə diqqət yetirib. Bunun səbəblərindən biri son 10 ildə Azərbaycanın milli enerji şirkəti olan SOCAR-ın postsovet məkanı(Gürcüstan və Ukrayna), Şərqi Avropa(Rumıniya) və Qərbi Avropada(İsveçrə) enerji sahəsində bir neçə uğurlu işlərə imza atmasıdır. Daha bir ölkədə - Albaniyada da SOCAR-ın qaz təchizatı şəbəkəsinin yaradılması prosesində iştirakı nəzərdə tutulur.

200d9ef05fa83d54f3aabf6d320a2502.jpeg

SOCAR-ın işlədiyi ölkələrdə layihələrin uğurla həyata keçirilməsi, zəruri infrastruktur üçün investisiya vədlərinin tam icra olunması, həmçinin Azərbaycanın Rusiya ilə rəqabət şəraitində Avropanın qaz təminatında payını artırması diqqətdən kənarda qalmır. Rusiya ilə açıq qarşıdurmaya getmədən Moskvanın qovulduğu Avropa enerji məkanınada irəliləyən Azərbaycanın etibarlı tərəfdaş imici də müsbət amil kimi çıxış edir.

Alternativ enerji istehsalı məsələsinə gəlincə, son 3 ildə bi sahədə Azərbaycanda çox iddialı layihələrin icrasına başlanıb. Bu layihələrin çoxunda SOCAR əsas tərəfdaş kimi iştirak edir. Onun törəmə müəssisəsi olan "SOCAR Green" şirkəti Cəbrayıl rayonunda BP şirkəti tərəfindən icra olunan, 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının (GES) tikintisi layihəsində iştirak edir, BƏƏ-nin "Masdar" şirkəti ilə birlikdə bərpa olunan enerji mənbələri sahəsində üç mühüm layihə həyata keçirir. Bu stansiyalar ümumi gücü bir giqavatdan bir qədər az olan iki günəş və bir külək enerjisi stansiyalarıdır.

"SOCAR Green"in həmçinin çinli tərəfdaşlar ilə birlikdə işlənmə mərhələsində olan iki layihəsi var: Bunlar hər birinin gücü 200 MVt olan iki pilot ofşor külək enerjisi layihəsidir. Ofşor külək enerjisi potensialının daha ətraflı öyrənilməsindən sonra onların hər birinin gücünün 2-3 GVt-a qədər artırılması imkanı var

659bc52ece723659bc52ece724170470.jpg

Məlumat üçün qeyd edək ki, Azərbaycan artıq işğaldan azad olunmuş əraziləri Yaşıl enerji zonası elan edib. Yaponiyanın "TEPSCO" şirkəti ilə hazırlanan konsepsiya əsasında Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. 1500-dən çox fərdi yaşayış evi, ictimai və sosial binalarda 5 MVt-dan çox günəş panelləri quraşdırılıb. Cəbrayılda "Şəfəq", "Üfüq" və "Şəms" GES layihələri həyata keçirilir. "Nobel Energy", "TotalEnergies" və "A-Z Czech Engineering" kimi şirkətlərlə 1000 MVt-dan çox gücə malik layihələr üzrə müqavilələr imzalanıb. Hökumətin əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaqla Azərbaycanı regionda əsas yaşıl enerji ixracatçısına çevirməkdir. Bu sahədə mühüm addımlardan biri MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemlərinin yaradılmasıdır. Bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur.

Azərbaycan öz ərazisində alternativ enerji layihələrini icra etmək üçün dünyanın bu sahədə təcrübəli, peşəkar şirkətlərini cəlb edib  - MASDAR, ACWA Power, Çinin böyük şirkətləri. Bütün bunlar Moldovanın Azərbaycanı özünün alternativ və təbii enerji layihələrinin icrasına cəlb etmək istəyi üçün yetərli əsaslar yaradır: Çünki Azərbaycan bu layihələrlə Moldovaya ən müasir təcrübəni gətirə biləcək.

Nəhayət, Moldovanın enerji təminatı kimi strateji sahədə Azərbaycanı görmək istəməsi rəsmi Bakıya dost münasibətindən qaynaqlanır. Rusiya təzyiqlərinə qarşı uğurla davam gətirən Azərbaycanın təcrübəsi Moldova üçün mühüm əhəmiyyət kəsb edir.

DÜNYA,
Musavat.com

 

Seçilən
112
musavat.com

1Mənbələr