AZ

Maqbat Spanov: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu gücləndirir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 mart, AZƏRTAC

Qazaxıstan ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasət İnstitutunun eksperti, iqtisad elmləri doktoru Maqbat Spanov söyləyib.

Ekspert bildirib ki, hazırda regionda əməkdaşlıq artıq yeni formatda - “5+1” çərçivəsində formalaşır. Bu model Mərkəzi Asiyanın beş ölkəsi ilə Azərbaycanın vahid iqtisadi məkan kimi qarşılıqlı fəaliyyətini nəzərdə tutur.

M.Spanov qeyd edib ki, bu yeni yanaşma Azərbaycanın region üçün strateji əhəmiyyətini daha da artırır: “Azərbaycan enerji resurslarının daşınması, müxtəlif tərəfdaşlarla əlaqələrin qurulması və logistika marşrutlarının inkişafı baxımından mühüm mərkəzi halqaya çevrilib”.

Ekspert xatırladıb ki, uzun illər Qazaxıstandan Bakı–Ceyhan istiqamətində neft kəmərinin çəkilməsi məsələsi müzakirə edilsə də, müəyyən siyasi amillər bu layihənin reallaşmasına imkan verməyib. Bununla belə, hazırda Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə tanker daşımaları ilə Azərbaycana çatdırılması və buradan Avropa bazarlarına nəqli həyata keçirilir.

“Bu baxımdan Azərbaycan Qazaxıstan üçün alternativ logistika marşrutlarının təmin olunmasında getdikcə daha mühüm rol oynayır”, – deyə M.Spanov vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmır. Bu tərəfdaşlıq həm də yaşıl iqtisadiyyat, xüsusilə yaşıl hidrogen istehsalı kimi yeni istiqamətlərin inkişafı üçün geniş imkanlar yaradır.

Ekspert qeyd edib ki, Avropa İttifaqının qəbul etdiyi yeni ekoloji tələblər və karbon izi ilə bağlı mexanizmlər enerji ixrac edən ölkələr qarşısında yeni çağırışlar yaradır. “Bu şəraitdə Azərbaycan və Qazaxıstanın koordinasiyalı mövqeyi enerji resurslarının Avropa bazarlarına çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”, – deyə o bildirib.

M.Spanov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması regionda iqtisadi əlaqələrin genişlənməsinə əlavə təkan verəcək. “Bu dəhlizin fəaliyyətə başlaması ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Qarşıdakı 5–10 il ərzində Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi və enerji əməkdaşlığı daha da genişlənəcək və bu, hər iki ölkənin milli maraqlarının təmin olunmasına xidmət edəcək”, – deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
azertag.az

2Mənbələr