AZ

Azərbaycan kinosunda uşaq obrazı ilə yadda qalan nadir simalardan biri Ceyhun Mirzəyev

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ceyhun Mirzəyev Azərbaycan kinosunda həm uşaq obrazı ilə yadda qalan nadir simalardan biri, həm də sonrakı yaradıcılığı ilə milli kinonun yaddaşında dərin iz buraxan sənətkar kimi xatırlanır. Onun yaratdığı obrazlar illər keçsə də tamaşaçının yaddaşında öz səmimiyyətini qoruyub saxlayır.

Azərbaycan tamaşaçısı üçün “Ögey ana” filmindəki İsmayıl obrazı təkcə uğurlu uşaq rolu deyildi. Bu, ekran vasitəsilə ailə, mərhəmət və anlayış haqqında qurulan ilk emosional körpülərdən biri idi.

“Fəryad” filmi ilə aktyor artıq tamam başqa müstəvidə yadda qaldı. “Fəryad” müharibə ağrısını, əsirlik travmasını və milli faciəni ekrana gətirən ən sarsıdıcı işlərdən biri oldu. Bu film təkcə kino əsəri deyil, həm də bir dövrün ağrısını yaddaşa çevirən mühüm ekran salnaməsi kimi qəbul olunur.

“Ögey ana” və “Fəryad” filmlərində onun performansını necə xarakterizə edərdiniz?Azərbaycan tamaşaçısı aktyorun sənətindən nəyi əbədiləşdirməlidir?

Azərbaycan kinorejissoru, ssenari müəllifi Cəmil Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Ögey ana” filmindəki rol Ceyhuna çox böyük məşhurluq gətirdi: “Azərbaycanın görkəmli kinorejissoru və aktyoru Ceyhun Mirzəyev uşaq yaşlarından taleyini kinematoqrafiyaya bağlayıb. 1956-cı ildə televiziya yaranandan təxminən 8-9 ay sonra Ceyhun Mirzəyev artıq televiziya verilişlərində aparıcı kimi çıxış edirdi. O, “Sizin üçün məktəblər” verilişində aparıcı kimi çıxış edirdi, kinostudiyada bir neçə dublyajda iştirak etdi. Daha sonra, 1955-ci ildə rejissor Tofiq Tağızadənin “Görüş” filmində kiçik bir epizodda - Şəxəlinin oğlu rolunda çıxış etdi. Ardınca isə Əjdər İbrahimovun çəkdiyi “Bir məhəllədə iki oğlan” filmində ona daha bir kiçik epizod həvalə olundu.

Nəhayət, 1958-ci ildə Ceyhun Mirzəyevin taleyində “Ögey ana” filmi mühüm rol oynadı. Filmin sınaq çəkilişlərinə təxminən on nəfərə yaxın yeniyetmə dəvət olunmuşdu. Onların arasında filmin rejissoru Həbib İsmayılovun qardaşı oğlu da var idi. Lakin Həbib İsmayılov əvvəlcədən düşünürdü ki, İsmayıl rolunu, məhz Ceyhun Mirzəyev ifa etməlidir. Doğrudan da bu rol Ceyhuna çox böyük məşhurluq gətirdi. O, filmdə dramatik və eyni zamanda ziddiyyətli bir uşaq obrazı yaratdı.

Bu filmdən sonra onun Azərbaycan kinosunda bir çox uğurlu işləri oldu. Bununla yanaşı, o, Azərbaycan kinosundan kənarda da filmlərə dəvət aldı. 1962-ci ildə rejissor Qriqori Koltunovun “Qara qağayı” filmində çəkildi. Film “Lenfilm” kinostudiyasında istehsal olunmuşdu. Ardınca 1963-cü ildə rejissor Mixail Tereşenkonun çəkdiyi “Kompanyeros” filmi ekranlara çıxdı. Bu film isə “Odessa” Kinostudiyasında çəkilmişdi. Hər iki filmdə Ceyhun Mirzəyev kubalı gənc obrazını canlandırmışdı- birində Manolo, digərində isə Miqel rolunda çıxış etmişdi”.

Cəmil Quliyev

Cəmil Quliyev vurğulayıb ki, Ceyhun Mirzəyev “Fəryad” filmində İsmayıl xəttini davam etdirir: “Sonrakı illərdə onun yaradıcılığı yenidən Azərbaycan kinosu ilə sıx bağlı oldu. O, “Yenilməz batalyon”, “Dəli Kür”, “Yol əhvalatı” və digər filmlərdə çəkildi. 1985-ci ildə isə qırğız rejissoru Bolotbek Şamşıyevin çəkdiyi “Snayperlər” filmində, Qazaxfilm kinostudiyasının istehsalı olan bu ekran işində mayor Salayev rolunu ifa etdi. Ceyhun Mirzəyev bu obrazın da öhdəsindən böyük ustalıqla gəldi.

Təbii ki, onun yaradıcılığında mən xüsusilə “Fəryad” filmini qeyd etmək istəyirəm. Film Qarabağ hadisələrinə həsr olunmuşdur və tamaşaçılar tərəfindən böyük rəğbət qazandı. Bu filmdə Ceyhun Mirzəyev İsmayıl xəttini davam etdirir. Artıq İsmayıl böyüyüb və cəbhəyə yola düşür, işğalçılarla mübarizə aparır. O, qəhrəmancasına vuruşur, əsir düşür, lakin heç kim onu sındıra bilmir və nəticədə düşmənlər üzərində qələbə qazanır”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr