Ramazan ayı İslam aləmində xüsusi mənəvi dəyərə malik olan dövrdür.
Həmin dönəmdə oruc ibadəti dinin əsas şərtlərindən biri kimi qəbul olunur. Bəzən ailədə böyüklərin oruc tutduğunu görən uşaqlar da onlara qoşulmaq, eyni ibadəti yerinə yetirmək istəyirlər. Hətta bəzi valideynlər övladlarını erkən yaşdan dini vərdişlərə alışdırmağa çalışırlar.
Bəs azyaşlıların oruc tutması dini baxımdan zəruridirmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirib ki, İslamda “uşaq orucu” anlayışı mövcud deyil:
“Oruc tutmaq sadəcə həddi buluğa çatan, gücü yetən və orucla bağlı bütün məsələlərə agah olan şəxslər üçün vacibdir. Təəssüf ki, bəzi valideynlər uşaqlarının öyrəşməsi üçün onları günortaya qədər oruclu saxlayırlar.
Bu, tamamilə bidət və qondarma ədətdir. Çünki oruc pəhriz və idman deyil ki, adamı tədricən öyrəşsin. Bu, bir ibadətdir. İbadət isə tam olmalı və əmr olunduğu vaxtda icra edilməlidir. Uşaqları gücü yetmədiyi, istəmədikləri zaman oruc tutmağa məcbur etmək günahdır. Unutmayaq ki, ibadət könüllü olmalıdır”.
Günel Cəlilova
