AZ

İsmayıl İman: “CHARACTERS” pyes müsabiqəsinə marağın çox olması sevindirici haldır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

“CHARACTERS 2026” dramaturgiya müsabiqəsinin qısa siyahısı elan edilib. “CHARACTERS” Müasir Dramaturgiya Hərəkatı “EURODRAM” Avropa teatr tərcüməsi şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində pyeslər üzrə müsabiqənin ilkin nəticələrini yekunlaşdırıb.

“CHARACTERS” Müasir Dramaturgiya Hərəkatının bədii rəhbəri, dramaturq İsmayıl İman AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, müsabiqə dramaturqlar, o cümlədən rejissorlar və teatrlar arasında əlaqə yaratmaq üçün vasitə kimi düşünülüb.

“Bu gün də bu xəttə sadiq qalırıq. Problem ondadır ki, teatrlarımız, adətən, müasir dramaturgiyaya az maraq göstərir, bəzən isə müəlliflərlə ünsiyyət qurmağı bacarmır və klassik, əsasən də pulsuz pyeslərə üstünlük verir. Eyni zamanda, etiraf etmək lazımdır ki, müasir pyeslər hər zaman lazımi bədii standartlara cavab vermir. Lakin məhz proses zamanı mütəmadi müsabiqələr və davamlı hərəkət sayəsində inkişaf mümkündür. Belə ki, yeni, maraqlı və aktual mətnlər meydana çıxır və nəticədə keyfiyyətli sıçrayış baş verə bilər”, – deyə dramaturq qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, bu il baxılmaq üçün 27 pyes təqdim olunub. Onların xeyli hissəsi qəbulun son günlərində göndərilib:”Müsabiqənin coğrafiyası kifayət qədər genişdir, pyeslər təkcə Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən göndərilir. Müsabiqəyə bu dərəcədə marağın olması məni çox sevindirir. Fürsətdən istifadə edərək münsiflər heyətimizin üzvlərinə — Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə doktor, professor İsrafil İsrafilova, sənətşünaslıq üzrə doktor, dosent Elçin Cəfərova, Azərbaycan Dövlət Yuğ Teatrının rejissoru Mikayıl Mikayılova, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayevə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovaya müsabiqəyə ayırdıqları vaxt və diqqətə görə təşəkkürümü bildirirəm”, – deyə İsmayıl İman vurğulayıb.

Müxbir - Anara Axundova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr