AZ

Belə vəziyyətdə pulu necə saxlamaq etibarlıdır? — Qızıl, dollar ya milli valyuta...

Son dövrlər geosiyasi risklərin artması və iqtisadi qeyri-sabitlik vətəndaşların kiçik yığımlarını necə qorumaq məsələsini aktuallaşdırıb. Ekspertlər bildirirlər ki, sərmayənin təhlükəsizliyi üçün valyuta, qızıl və milli valyuta arasında risklərin bölüşdürülməsi vacibdir. Hər bir alətin öz üstünlükləri və riskləri var. 

Azia.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, uzun illərdir təlatümlü dövrlərdə insanlar qızıl və dollara daha çox güvənirlər.

“Dünya bazarında da bu tendensiyanı müşahidə etmək mümkündür. Qlobal iqtisadi qeyri-sabitlik, inflyasiya və maliyyə böhranları dövrlərində investorlar və adi vətəndaşlar riskləri minimuma endirmək üçün etibarlı dəyər saxlama alətlərinə üstünlük verirlər. Bu baxımdan, uzunmüddətli yatırım və ya dəyər saxlama aləti kimi dollar, avro və qızıl kifayət qədər cəlb edicidir və onların populyarlığı artır”.

İqtisadçı qeyd edib ki, qısa müddətli dövrdə manatı bu valyutalara və ya qızıla çevirib sonra yenidən manata çevirmək hər zaman məqsədə uyğun olmaya bilər.

“Belə əməliyyatlar məzənnə dəyişiklikləri, əməliyyat xərcləri və bazar oynanıqlığı səbəbindən müəyyən itkilərə səbəb ola bilər. Yəni, qısa müddətli manevrlər riskli ola bilər və real gəlir gətirməyə bilər. Gündəlik və ya aylıq xərcləri nəzərə aldıqda isə manatla saxlamaq daha səmərəli və praktikdir. Bu yanaşma həm xərclərin planlaşdırılmasını asanlaşdırır, həm də gündəlik ehtiyaclar üçün likvidlik təmin edir”.

Tövsiyə olunur ki, yığımların qorunmasında risklərin bölüşdürülməsi və fərqli alətlərə diversifikasiya edilməklə mümkün olan itkilər minimallaşdırıla bilər. Məsələn, aylıq ehtiyat və gündəlik xərclər üçün manat saxlamaq, uzunmüddətli investisiya və dəyər saxlama üçün isə qızıl və etibarlı valyutalara yönəlmək balanslı yanaşma hesab olunur.

Yəni, geosiyasi və iqtisadi qeyri-sabitlik dövrlərində kiçik yığımların qorunması üçün təkcə qızıl və ya valyutaya deyil, həm də milli valyutaya balanslı yanaşmaq vacibdir. Diversifikasiya, risklərin bölüşdürülməsi və uzunmüddətli perspektiv üçün düzgün planlama vətəndaşların sərvətini qorumaqda əsas rol oynayır. Beləliklə, həm gündəlik ehtiyaclar, həm də gələcək planlar üçün maliyyə dayanıqlılığı təmin edilmiş olur.


Seçilən
83
2
azia.az

3Mənbələr