Yaxın Şərqdə gərginlik fonunda İsrail rəhbərliyi İrana qarşı mübarizənin yeni mərhələyə keçdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir açıqlama verib. Onun sözlərinə görə, İsrail ordusu İranla qarşıdurmada yeni mərhələyə hazırlaşır və bir sıra gözlənilməz addımlar planlaşdırılır.
“İranla döyüşün başqa bir mərhələsinə keçirik və sürpriz addımlar planlaşdırırıq”, – Zamir bildirib.
İsrailin müdafiə naziri Israel Katz isə açıqlamasında İran daxilində baş verə biləcək siyasi dəyişikliklərə də toxunub: “Biz ümid edir və gözləyirik ki, İran xalqı bu fürsətdən yararlanacaq və rejimi dəyişdirərək ən optimal nəticəyə nail olacaq”.
Katz əlavə edib ki, İran rəhbərliyi İsraili məhv etməyə yönəlmiş proqramları davam etdirmək istəyən şəxsləri vəzifəyə təyin etməməlidir. Nazirin sözlərinə görə, İsrail üçün təhlükə yaradan bütün yüksək rütbəli hökumət və hərbi şəxslər potensial hədəf hesab olunur: “İstənilən yüksək rütbəli hökumət və ya hərbi xadim bizim hədəfimizdədir”.
Musavat.com