AZ

Azərbaycan qadınının ölkənin tərəqqisində danılmaz rolu vardır



Dünyanın mütərəqqi fikirli insanlarını, böyük mütəfəkkirləri cəmiyyət həyatının müxtəlif sahələrində qadınların kişilərlə bərabər hüquq və azadlıqlara malik olması məsələsi daim düşündürmüşdür. Tanınmış alim və filosoflar dəfələrlə vurğulamışlar ki, bəşər cəmiyyətinin mədəni inkişaf səviyyəsi və tərəqqisi qadına münasibətlə ölçülür. Qadın hüquqları, qadın təhsili və ümumilikdə qadının ictimai həyatda mövqeyi hər bir ölkədə demokratik inkişafın və cəmiyyətin ümumi səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur.
Tarixən böyük mədəniyyətlər yaratmış xalqlarda qadın həmişə yüksək dəyərləndirilmiş, ülvi varlıq kimi qəbul olunmuşdur. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllində bu gün də öz töhfələrini əsirgəmirlər. Azərbaycan qadınları da əsrlər boyu xalqımızın tarixi taleyində, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynamışlar.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan qadını haqqında belə demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi və vətənpərvərliyi ilə tanınmışdır. Ancaq bununla yanaşı, əsrlər boyu onun üzərinə böyük zəhmətlər düşmüşdür və Azərbaycan qadını bu zəhməti həmişə mərdlik və cəsarətlə çəkmişdir.”
Tarixi keçmişimizdə Azərbaycan qadınının çoxsaylı görkəmli nümayəndələri olmuşdur. Fəxrlə qeyd etmək olar ki, fitri istedadı və dərin zəkası ilə seçilən alimlər, şair və yazıçılar, uzaqgörən dövlət xadimləri, sərkərdələr və diplomat qadınlar yetişdirən xalqımız qadına həmişə böyük ehtiram göstərmiş, onun cəmiyyət həyatında iştirakını yüksək qiymətləndirmişdir. Azərbaycan qadınının mənəvi saflığı, zərifliyi, gözəlliyi, mərdliyi və sədaqəti qədim dövrlərdən etibarən ədəbi abidələrdə və sənət nümunələrində tərənnüm olunmuşdur. “Dədə Qorqud” dastanından başlayaraq bir çox ədəbi əsərlərdə qadın obrazı yüksək idealların daşıyıcısı kimi təqdim edilir.
Dahi Nizami Gəncəvi özünün ölməz “Xəmsə”sində müdrik və gözəl Azərbaycan qadınlarının bədii obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvaninin inşa etdiyi Möminə xatun türbəsi isə xalqımızın qadına göstərdiyi ehtiramın parlaq memarlıq nümunələrindən biridir. Orta əsrlər boyu Azərbaycan qadınlarının fəaliyyəti milli-mədəni ənənələrin qorunub saxlanmasına və zənginləşdirilməsinə xidmət etmişdir. Həmin dövrlərdə görkəmli siyasi və dövlət xadimi kimi tanınan qadınların adları bu gün də böyük hörmətlə yad olunur.
XIX əsr Azərbaycan qadınlarının ictimai fəallığının və yaradıcılıq uğurlarının artması ilə səciyyələnir. Bu dövrdə ölkədə baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsi üçün əlverişli şərait yaratmışdır.
Azərbaycan qadınları müstəqillik uğrunda başlanan ümumxalq hərəkatında, eləcə də respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə ön sıralarda yer almışlar. 20 Yanvar faciəsinin qurbanları arasında qadınlarımızın da olması onların vətənpərvərlik və fədakarlıq nümunəsinin bariz göstəricisidir. Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş qadınlar isə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin simvoluna çevrilmişlər.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ölkədə qadın hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, qadın siyasətinə dövlət səviyyəsində xüsusi diqqət yetirildi.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu təsbit etməklə onların dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının hüquqi əsaslarını möhkəmləndirdi.
Müstəqillik illərində ölkədə baş verən demokratikləşmə prosesləri qadın hərəkatının sürətli inkişafına təkan verdi, bu sahədə beynəlxalq əməkdaşlıq genişləndi. Azərbaycanın qadın təşkilatlarının 1995-ci ildə Pekində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransında iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmçinin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addım oldu.
Ümummilli lider Heydər Əliyevin qadın siyasətinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 1998-ci il yanvarın 14-də Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2000-ci il martın 6-da imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman isə qadınların hüquq bərabərliyinin təmin olunması və onların dövlət idarəçiliyində daha geniş təmsil olunması məqsədini daşıyırdı.
Beləliklə, Azərbaycan qadını XX əsr ərzində yüzilliklərə bərabər inkişaf yolu keçmiş, cəmiyyət və ailə həyatında onun mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Sosial yükünün ağırlığına baxmayaraq, Azərbaycan qadını cəmiyyətin mənəvi dayağı kimi öz rolunu ləyaqətlə yerinə yetirir.
Bu gün Azərbaycan qadını müstəqil respublikamızda demokratik cəmiyyətin fəal və aparıcı üzvlərindən biri kimi çıxış edir. Ölkəmizin davamlı inkişafı və firavan gələcəyi naminə həyata keçirilən tədbirlərdə qadınlarımızın xüsusi rolu vardır. Onlar milli dövlət quruculuğunun müxtəlif sahələrində fəal iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və mədəni potensialın zənginləşdirilməsinə mühüm töhfələr verirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycan qadınının böyük potensiala malik olduğunu bir daha təsdiq edir.”
Qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında Azərbaycan qadınlarının rolu əvəzsizdir. Maarifpərvər sələflərinin yolunu davam etdirən Azərbaycan xanımları bu gün də geniş sosial-mədəni fəaliyyəti ilə cəmiyyətimizin inkişafına dinamizm və ahəngdarlıq bəxş edirlər.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistanın uzun illər davam edən işğalına son qoyulması ilə Azərbaycan xalqı tarixi Qələbə qazandı. Bu Qələbədə Azərbaycan oğullarını vətənpərvər ruhda böyüdən anaların da böyük payı vardır. Şəhid anaları, qazilərimizin anaları öz mərdliyi və mətanəti ilə xalqımız üçün nümunədirlər.
Ümummilli lider Heydər Əliyevin ailəsində əsas həyat prinsipi xalqa və dövlətə sədaqətlə xidmət olmuşdur. Bu ənənə bu gün də davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun uğurla davam etdirilməsini təmin edir.
Bu fəaliyyətin həyata keçirilməsində Prezidentin ömür-gün yoldaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Onun humanizmə, xeyirxahlığa və milli-mənəvi dəyərlərə əsaslanan fəaliyyəti müasir Azərbaycan qadınının yüksək nümunəsini formalaşdırır. Mehriban Əliyeva təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələrlə cəmiyyətin inkişafına mühüm töhfələr verir, Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə uğurla təbliğ edir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Seçilən
48
1
aia.az

2Mənbələr