AZ

Qadınların sosial ictimai fəaliyyətinin inklüziv cəmiyyət formalaşdırılmasında rolu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın mübarizələrlə dolu tarixinin müxtəlif səhifələrində  Vətəni, ailəsi, eləcə də mənəvi dəyərləri uğrunda yurdunun igid oğullarıyla bərabər mübarizə aparmış qadın qəhrəmanların adlarına da rast gəlinir. Qayğıkeş ana, vəfalı həyat yoldaşı, cəsarətli sərkərdə, müdrik hökmdar, xeyriyyəçi kimi çoxşaxəli missiyanı özündə ehtiva edən Tomris, Möminə xatun, Sara xatun, Nüşabə kimi çoxsaylı qadın qəhrəmanlarımıza yaşadıqları cəmiyyətlərdə göstərilən ehtiram dastanlarımızda, yaxud adlarına ucaldılmış məqbərələrdə əks olunmuşdur. Günümüzədək sağlam şəkildə gəlib çatmış Möminə xatun türbəsi qadın adının ucalığına, onun inklüziv fəaliyyətinə göstərilən hörmətin daşlaşmış sənət nümunəsidir. Bu xüsusiyyət qadınların ailədə və cəmiyyətdə bir neçə funksiyanı eyni zamanda icra etməsində də özünü göstərmişdir: ailənin bütün üzvlərini eyni dərəcədə öz qayğsı və mərhəməti əhatə etmək onun fitrətindən qaynaqlanmışdır.

Müasir dövrdə də inklüziv cəmiyyət anlayışı cəmiyyətin bütün sosial qruplarını eyni dərəcədə əhatə edə bilən bərabər imkanlar, sosial ədalət və fəal vətəndaş iştirakını nəzərdə tutur. Bu çoxyönümlü proses yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin sosial-ictimai proseslərdə real və davamlı iştirakı ilə təmin olunur. Bu baxımdan qadınların sosial-ictimai platformalarda geniş fəaliyyəti inklüziv cəmiyyətin formalaşmasında əhəmiyyətli rola malikdir. Təbii ki, bu sahədə qadınlara verilən azadlıq, hüquqi imkanlar mühüm əhəmiyyət daşımışdır. Azərbaycan qadınları bu imtiyazı daha tez qazanmışdır. Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçib-seçilmək hüququ verilmiş, onlar cəmiyyətin ictimai-sosial və siyasi həyatında fəal iştiraka cəlb olunmuşdur. Qadınların ictimai təşkilatlarda, hökumət qurumlarında, sosial təşəbbüslərdə  fəallığı sosial həmrəyliyin möhkəmlənməsinə xidmət etmişdir. 

Azərbaycanda qadın siyasətinin əsasının qoyulması Ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır. Bu siyasət qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, ictimai fəallığının artırılması, intellektual inkişafını və ictimai-siyasi proseslərdə yaxından iştirakını stimullaşdırmışdır.

Azərbaycanın 1995-ci ildə IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etməsi, 1998-ci 25 sentyabr tarixindən başlayaraq keçirilən Azərbaycan qadınlarının qurultayları qadınların hərtərəfli inkişafına səmərəli şərait yaratmışdır. 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” ölkə Prezidenti tərəfindən imzalanmış Fərmanla ölkəmizdəki bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi həyata keçirilmişdir.

Dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmış, qadınların sosial, ictimai, siyasi və mədəni sahədə fəallığı gücləndirilmişdir. 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul olunması qadınların ictimai-sosial fəaliyyətinin artırılmasını hüquqi baxımdan stimullaşdırılmışdır. Dövlət qadın siyasətinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 6 fevral 2006-cı ildə imzalanmış Fərmana əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Qadın hüquqlarının müdafiəsi, gender siyasətinin təbliği və sosial layihələrin icrası istiqamətində sistemli fəaliyyət proqramları, ayrıca institusional mexanizmlər onların ictimai həyatda fəal iştirakına və sosial inteqrasiyanın güclənməsinə əhəmiyyətli təsir göstərmişdir. 

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi qadın siyasətinin effektivliyinin təmin edilməsində, həmçinin onların sosial-ictimai fəaliyyətinin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. Onun hədəf göstəricilərində qadınların ictimai fəallığının artırılmasına xüsusi diqqət çəkilir. Bu istiqamət qadınların təşəbbüskarlığının xüsusilə həssas sosial qrupların – uşaqların, yaşlıların, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin problemlərinin gündəmə gətirilməsində mühüm əhəmiyyət daşıyır, eləcə də inklüziv siyasətin daha ədalətli və ehtiyaclara uyğun formalaşdırılmasına şərait yaradır. İnklüziv cəmiyyət müxtəlifliyin qəbul edilməsi və hər bir fərdin potensialının reallaşdırılması üzərində qurulur. Milli Fəaliyyət Planında əsas hədəflərdən olan əmək bazarında gender fərqlərinin aradan qaldırılması məqsədilə qadınların rəqabət qabiliyyətinin artırılması ilə bağlı maddə məhz bu potensialı üzə çıxarmağa imkan verir.

Qadınların sosial-ictimai fəaliyyəti bu potensialın cəmiyyətin ümumi inkişafına yönəldilməsini təmin edir. Sosial cəhətdən həssas qrupdan olan qadınların tibbi, psixoloji, sosial və hüquqi yardımlara çıxış imkanlarının genişləndirilməsi, qadınların iqlim dəyişiklikləri ilə mübarizə üzrə fəaliyyətə cəlb olunması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılması kimi maddələr qadınların elmi, ictimai-siyasi, sosial-mədəni fəallığının gücləndirilməsinə yönəlmişdir. Xüsusilə qadınların rəqəmsal savadlılığının artırılması ilə bağlı hədəf ən aktual məsələlərdəndir. 

Rəqəmsal inkişaf, süni intellektdən səmərəli istifadə hazırda günümüzün qlobal çağırışlarındandır. Bu sahədə Azərbaycan qadınına göstərilən yüksək etimad 2026-cı il 27 fevral tarixində yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına rəhbərliyin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsində öz təsdiqini tapır. Bu, Azərbaycan qadınının intellektual, siyasi-ictimai inkişafının gəldiyi yüksək mövqeyi sübut edən dəyərli fakt, eyni zamanda zərif, lakin səmərəli qadın əməyinə verilən qiymətdir. Mehriban xanım Əliyeva “yumşaq güc”ün simvolu olub, inklüziv fəaliyyəti ilə Azərbaycan qadınının nüfuzunu daha da yüksəyə qaldırmışdır. Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bir çox fundamental layihələr ölkəmizin milli maraqlarının qorunmasına, tariximizin və mədəniyyətimizin beynəlxalq miqyasda təbliğinə qiymətli töhfələr verir. Nəticə etibarı ilə, Azərbaycan qadınının liderlik qabiliyyəti və təşkilatçılıq bacarığı sosial innovasiyaların yaranmasına, birgə təşəbbüslərin inkişafına və ictimai nəzarət mexanizmlərinin güclənməsinə şərait yaradır.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, qadınların sosial-ictimai fəaliyyəti inklüziv cəmiyyətin formalaşmasında yalnız iştirak faktoru deyil, həm də strateji inkişaf mexanizmidir. Qadın potensialının tam və bərabər reallaşdırılması sosial ədalətin möhkəmlənməsinə, ictimai sabitliyin qorunmasına və davamlı inkişafın təmin edilməsinə xidmət edir.

Milli dəyərlərinə daim sadiq olan, ailə dəyərlərini hər zaman qoruyan Azərbaycan qadını innovativ ideyalara və müasir çağırışlara da adekvat cavab verərək, təbiətindən gələn qayğıkeşlik, mərhəmət və əzmkarlıq kimi çoxtərəfli fəaliyyəti ilə inklüziv cəmiyyətin formalaşmasına töhfə verir.

Zeynəb Quliyeva

Ali Məclisin deputatı, Tarix elmləri doktoru, AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
525.az

1Mənbələr