AZ

Deputat: İranın hücumu ilə bağlı Prezidentə zənglər bizə düşmən gözü ilə baxanlara mesajdır

İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə edilən zənglər bizə düşmən gözü ilə baxanlar üçün mesajdır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, dünən Naxçıvana İrandan dron hücumu ilə bağlı bir sıra dövlət başçılarının dövlət başçımızla telefon əlaqəsi saxlayaraq münasibət bildirməsi, belə halların qəbuledilməz olduğunu vurğulaması və mənəvi dəstəklərini nümayiş etdirməsi ölkələrarası münasibətlərin göstəricisi və dost yanaşmasının ifadəsidir: “Dost dar gündə tanınar. Naxçıvana edilmiş terror hücumundan dərhal sonra dünyanın müxtəlif yerlərindən ölkəmizə dəstək zəngləri və məktubları gəlməkdə davam edir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed və Pakistanın Baş naziri Şahbaz Şərifin dövlət başçımızla birbaşa əlaqə saxlayaraq ölkəmizə edilmiş bu terror aktını qınadıqlarını və ölkəmizin yanında olduqlarını ifadə etmələri bizə düşmən gözü ilə baxanlar üçün bir mesajdır. Azərbaycan bu ölkələrlə strateji tərəfdaş və müttəfiqdir”.

Azər Badamov qeyd edib ki, Pakistanın nüvə dövləti kimi Azərbaycanı dəstəkləməsi mühüm amildir: “Bu gün Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.
Bu, Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğundur. Pakistanın Ermənistanı təcavüzkar dövlət kimi tanıması, onunla diplomatik əlaqələr qurmaması, hətta bu məsələni Azərbaycanın mövqeyi ilə uzlaşdırması, Pakistan Baş nazirinin və hərbçilərinin Bakıda keçirilmiş hərbi paradda iştirakı xüsusi qeyd olunmalıdır. Bir məqamı da xatırlatmaq gərəkdir. İranın Pakistan istiqamətində də raket atəşi həyata keçirməsi və layiqli cavabını alması yaddaşlardan silinməyib. Aydın görünür ki, İran yalnız onun başa düşdüyü dillə danışmağı qəbul edir. Eynilə Azərbaycanın sərt mövqeyi də İranı geri çəkilməyə məcbur etdi, hərbi hissələrini sərhəddən uzaqlaşdırdı. Azərbaycanın texniki imkanları böyükdür və hətta İranın dərinliyində də hərəkətliliyi müşahidə etməyə imkan verir. Buna görə də İran tərəfi bilməlidir ki, Azərbaycana qarşı hər hansı hərəkətlilik mütləq şəkildə layiqincə cavablandırılacaq”.

Deputat vurğulayıb ki, bu gün dövlət başçımıza edilən zənglər ölkəmizin tək olmadığını, yanımızda güclü dostlarımızın olduğunu bir daha təsdiq edir: “Dövlət başçımızın uğurlu beynəlxalq siyasəti və dövlət başçıları ilə formalaşmış şəxsi dostluq münasibətləri ölkəmizin gücünü bir daha artırır və mövqeyimizi gücləndirir. Azərbaycan tək deyil və dostları ilə birlikdə daha güclüdür”.

Seçilən
92
2
apa.az

3Mənbələr