AZ

Aygün Attar CHP-li sabiq səfirin açıqlamasını sərt tənqid etdi

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, tanınmış siyasi tarixçi, professor doktor Aygün Attar təqaüddə olan səfir və keçmiş CHP millət vəkili O. Faruk Loğoğlunun Azərbaycan Prezidenti İlham Əliyevi hədəf alan qeyri-etik paylaşımına sərt reaksiya verib.


Musavat.com xəbər verir ki, Professor Aygün Attar sosial şəbəkədə paylaşdığı açıqlamada Loğoğluna müraciət edərək onun mövqeyini kəskin tənqid edib və bir sıra mühüm məqamlara diqqət çəkib.

Attar bildirib ki, İran əhalisinin yarısının türklərdən ibarət olmasına və Azərbaycanla eyni dini paylaşmasına baxmayaraq, Tehran son 30 ildə Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında dayanıb. O xatırladıb ki, 44 günlük Qarabağ müharibəsi dövründə də İran Azərbaycan və Türkiyə ilə ortaq mövqedən yayınaraq öz ərazisindən Ermənistana silah daşınmasına imkan verib.

Professor qeyd edib ki, buna baxmayaraq Azərbaycan çətin vəziyyətlərdə belə İrana qarşı sərt addımlar atmayıb. Onun sözlərinə görə, rəsmi Bakı sərhədləri bağlamayıb, əksinə müharibənin qarşısını almaq üçün Türkiyə ilə birlikdə fəal şəkildə çalışıb və heç bir ölkənin öz ərazisindən İrana qarşı hücum etməsinə icazə verməyəcəyini açıq şəkildə bəyan edib.

Aygün Attar vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali lideri Əli Xameneinin vəfatından sonra başsağlığı vermək üçün Tehranın Bakıda yerləşən səfirliyinə şəxsən gedən dünyada yeganə dövlət başçısı olub.

Qeyd edib ki, Naxçıvana hücumdan az əvvəl də İlham Əliyev İranın Livandakı diplomatlarının təxliyəsi ilə bağlı Tehranın müraciətinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə bütün lazımi dəstəyi göstərmək tapşırığını verib və belə çətin vaxtlarda qonşu dövlətlərin bir-birinə dəstək olmalı olduğunu bildirib.

Professor Attar bu xoş niyyətlərə baxmayaraq, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən beynəlxalq hava limanına və orta məktəbə İrandan göndərilən hərbi sursatla hücum edilməsinin qəbuledilməz olduğunu qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyevin reaksiyası dövlət başçısı kimi məsuliyyətindən və baş verən hadisələrin yaratdığı emosional ağırlıqdan qaynaqlanır və bu reaksiyanı başa düşmək çətin deyil.

Aygün Attar həmçinin O. Faruk Loğoğlunun mövqeyinin diplomatik etikaya uyğun olmadığını vurğulayıb. O bildirib ki, Loğoğlunun keçmiş CHP millət vəkili kimi siyasi kimliyi diplomatik kimliyindən üstün gəldiyi üçün belə bir bəyanat verməsi başadüşüləndir, lakin Azərbaycan məsələsindən Türkiyənin daxili siyasəti üçün istifadə olunması təəssüf doğurur.

Professor qeyd edib ki, bu cür yanaşma nə Türkiyədə, nə də Azərbaycanda dəstək tapır. Onun sözlərinə görə, təqaüdə çıxmış bir səfirin fəaliyyət göstərən dövlət başçısına xoşagəlməz tonda məsləhətlər verməsi və ona nə etməli olduğunu deməsi diplomatik qarşılıqlılıq prinsipinə ziddir və bu, sadə dillə desək, həddi aşmaq deməkdir.

Attar sonda bildirib ki, həqiqəti eşitmək kimlərisə narahat edə bilər, lakin bölgədə sülhə və Türkiyə ilə Azərbaycanın qardaşlığına xidmət edən hər kəsə hörmətlə yanaşmaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl də CHP-nin xarici siyasət üzrə sədr müavini və keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun xarici siyasət məsələləri üzrə müşaviri olmuş təqaüdçü səfir Ünal Çeviköz televiziya proqramında qalmaqallı açıqlama verərək Türkiyənin Azərbaycana silah yardımı etdiyini və bəzi cihadçı qrupların da Azərbaycana göndərildiyi barədə iddialar səsləndirmişdi.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr