AZ

40 milyonluq soydaşımızın taleyi: Azərbaycan qaçqın axınına hazırdır? - MÜSAHİBƏ

ABŞ və İsrailin İrana qarşı müharibəsi bir həftədir davam edir. Hərbi qarşıdurmanın nə qədər sürəcyi məlum deyil. Müharibə İran daxilində və ətrafında gərginliyi getdikcə artırır. Bu isə ölkədən qaçqın axını ehtimalı yaradır. İslam Respublikasından qaçqın axını ilk növbədə qonşu ölkələrə təsir edə bilər.  

Türkiyə artıq potensial qaçqın və miqrant axınına dair ssenarilər üzərində işləyir. Bəs Azərbaycan, bu mümkün miqrasiya təzyiqinə necə hazırlaşır?

Prezident yanında Xüsusi İdarənin keçmiş rəisi, ehtiyatda olan polkovnik Cavanşir Vəliyev “Yeni Sabah”ın mövzu ilə bağlı suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.  

- Müharibə daha da kəskin forma alarsa, İrandan Azərbaycana köç axını ola bilərmi?

- Azərbaycan ən zəif vaxtında belə bir milyon köçkünü yerləşdirən, onlara qayğı göstərən ölkədir. Bizə təşrif buyuranlar bizimlə imperiyalar qurmuş və idarə etmiş soydaşlarımız olacaq. Bu gün Azərbaycan çox güclü ölkədir. Hadisələri diqqətlə izləyir və lazımı hazırlıq işlərini görür. Təbii ki, Azərbaycan xalqı müharibədən narahatdır. İranda 40 milyondan çox azərbaycanlı var və biz onların yanındayıq.

Azərbaycan ilk mərhələdə tranzit ölkə rolunda olacaq və artıq olub, uzunmüddətli yerləşmə ehtimalı aşağıdır. Ən real ssenari qısa müddətli 10-50 min nəfərlik miqrasiya axınıdır.

Azərbaycan üçün üç əsas ssenari mövcuddur. Birinci, məhdud qaçqın axınıdır və ən real ssenaridir. İranın şimal bölgələrindən, xüsusən Təbriz, Ərdəbil və Urmiya şəhərlərindən qardaşlarımız təhlükəsizlik üçün müvəqqəti olaraq köç edə bilər. Əsas istiqamətlər Azərbaycan, Türkiyə və çox az ehtimalla Ermənistan olacaq. Bu halda Azərbaycana 10-50 min nəfər arası qısa müddətli axın mümkündür.

İkinci ssenari regional müharibə ilə bağlıdır. Əgər İran ərazisi geniş hərbi zərbələrə məruz qalsa, yüz minlərlə insan ölkə daxilində köç edəcək və 100-300 min nəfərin sərhədlərə yaxınlaşması mümkündür. Lakin onların böyük hissəsi İran daxilində qalmağa çalışacaq. Azərbaycan bu halda qardaşlarına əlindən gələn köməyi göstərəcək.

Üçüncü ssenari dövlət sabitliyinin zəifləməsi ilə bağlıdır və ən riskli ssenaridir. Əgər İran daxilində siyasi sistem zəifləsə və milyonlarla insan miqrasiya etmək istəsə, əsas istiqamətlər Türkiyə, İraq Kürdüstanı və Azərbaycan olacaq. Bu ssenari hələ aşağı ehtimallıdır, amma strateji planlarda nəzərə alınır.

- Azərbaycan belə axına hazırdırmı?

- Əminəm ki, hazırdır. Çünki acı təcrübəmiz var. Rəsmi şəkildə geniş planlar açıqlanmır, amma ciddi strukturlar mövcuddur. Azərbaycanın üstünlükləri sərhədin hərbiləşdirilməsi, keçid məntəqələrinin nəzarət altında olması və təhlükəsizlik infrastrukturunun güclü olmasıdır.

Amma problemlər də mövcuddur. Kütləvi qaçqın axını üçün hazır düşərgə infrastrukturu zəifdir. Humanitar logistika planları geniş ictimaiyyətə məlum deyil, ona görə də xalq narahatdır. Açıq mənbələrə istinad etsək, qiymətləndirmə orta səviyyədədir.

- Sərhəd infrastrukturu kifayət edirmi?

- İranla əsas keçidlər Astara və Biləsuvardadır. Bu keçidlər gündə minlərlə insan üçün nəzərdə tutulub, on minlərlə qaçqın üçün yox. Müvəqqəti düşərgələr azdır, humanitar qəbul zonaları məhduddur.

- Azərbaycan nə kimi planlar hazırlamalıdır?

- Analitik yanaşmaya görə, beş əsas addım vacibdir. Birincisi, sərhəd tampon zonalarının yaradılmasıdır. Sərhəd yaxınlığında müvəqqəti humanitar zonalar və qeydiyyat, filtrasiya mərkəzləri hazırlanmalıdır. İkincisi, qaçqın düşərgələrinin yaradılmasıdır. Cənub bölgələrində, xüsusən Saatlı, Sabirabad və İmişlidə müvəqqəti düşərgə infrastrukturu yaradıla bilər. Üçüncüsü, beynəlxalq koordinasiya çox önəmlidir. Uğurlu xarici siyasət nəticəsində bu məsələlər asanlıqla həll edilə bilər. Əsas tərəfdaşlar UNHCR və International Organization for Migration təşkilatlarıdır.

Dördüncüsü, risk qruplarının filtrasiya sistemi vacibdir. Axın içində radikal qruplar, kəşfiyyat agentləri və kriminal şəbəkələr ola bilər. Buna görə təhlükəsizlik yoxlaması yüksək səviyyədə həyata keçiriləcək. Beşincisi, regional koordinasiya önəmlidir. Azərbaycan miqrasiya marşrutlarını zəncirvari olduğundan Türkiyə və Gürcüstanla koordinasiya aparacaq.

- Təhlükəsizlik riskləri yüksəkdir?

- Ən böyük risklər agentura və kəşfiyyat fəaliyyəti, radikal qruplar və sosial gərginlikdir. DTX bu istiqamətdə ciddi işlər aparır. İranın xüsusi xidmət orqanları qaçqın axını ilə daxil ola bilər. Regionda fəaliyyət göstərən şiə radikal qrupları və kriminal şəbəkələr də təhlükə yarada bilər. Birdən böyük axın olsa, sosial xidmətlərə təzyiq, iqtisadi gərginlik və ictimai narahatlıq yaranacaq.

Analitik nəticə olaraq, əgər İran daxilində ciddi böhran baş versə, Azərbaycan ilk mərhələdə tranzit ölkə rolunda olacaq və uzunmüddətli yerləşmə ehtimalı aşağıdır. Real ssenari 10-50 min nəfərlik qısa müddətli miqrasiya axınıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
113
yenisabah.az

1Mənbələr