AZ

Nankorluq və şərəfsizlik: Naxçıvan hücumu İranın əsl niyyətini göstərdi

Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qalib Rəhimli

Ermənistanın zəngi və İranın utancı

Naxçıvana atılan dronlar təkcə mülki obyektləri hədəfə almadı. Onlar eyni zamanda İranın illərlə danışdığı “qonşuluq”, “dostluq” və “İslam həmrəyliyi” kimi şüarların da üzərindən xətt çəkdi. Bir müsəlman ölkəsinin başqa bir müsəlman ölkəsinin şəhərinə pilotsuz aparatlarla zərbə endirməsi artıq diplomatik insident deyil. Bu, açıq siyasi və mənəvi iflasdır. Ən acınacaqlısı isə budur ki, onilliklər boyu Ermənistanı himayə edən, onun sərhədlərini “qırmızı xətt” elan edən Tehran bu gün elə bir vəziyyətə düşüb ki, həmin Ermənistanın xarici işlər naziri Naxçıvana hücumdan sonra Bakıya zəng edib İranın yaratdığı gərginliyi müzakirə edir. Bu, sadəcə ironik situasiya deyil. Bu, 40 illik siyasətin iflasının ən rüsvayçı göstəricisidir.

Martın 5-də İranın pilotsuz uçuş aparatları ilə Naxçıvan istiqamətində həyata keçirdiyi hücum regionda onsuz da kövrək olan təhlükəsizlik mühitinə ağır zərbə vurdu. Naxçıvan Beynəlxalq Hava Limanının və mülki obyektlərin, o cümlədən məktəbin hədəfə alınması nəticəsində insanların yaralanması bu hücumun mahiyyətini açıq göstərdi. Söhbət sadəcə hərbi insidentdən yox, mülki infrastruktura qarşı yönəlmiş açıq təhdiddən gedir. Azərbaycan Prezidenti dərhal orduya hazırlıq əmri verdi və bu təxribatı qətiyyətlə pislədi. Dövlət başçısının Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər isə təkcə bir diplomatik reaksiya deyil, həm də siyasi qiymətləndirmə idi. Orada işlədilən “nankorluq” və “şərəfsizlik” ifadələri emosional ritorika yox, uzun illər yığılan faktların siyasi nəticəsi kimi səsləndi. Çünki burada söhbət təkcə bir hücumdan yox, onilliklər boyu formalaşmış münasibətlər sisteminin ifşasından gedir.

Üzr istəmək də bir mədəniyyətdir

Dövlətlərarası münasibətlərdə üzr istəmək zəiflik deyil. Bu, siyasi mədəniyyətin göstəricisidir. Tarixdə saysız-hesabsız nümunələr var ki, dövlətlər səhvlərini etiraf etməklə böhranların böyüməsinin qarşısını alıblar. Diplomatiya yalnız güc nümayiş etdirməkdən ibarət deyil. Diplomatiya həm də məsuliyyət deməkdir. Əgər bir dövlətin pilotsuz uçuş aparatları qonşu ölkənin mülki obyektlərinə zərbə endirirsə, bununla bağlı izahat vermək, məsuliyyəti qəbul etmək və üzr istəmək siyasi etikaya uyğun davranışdır. Amma İranda hardandır bu mədəniyyət? İran sanki belə bir anlayışdan uzaqdır. Sükut, bəhanə və məsuliyyətdən yayınma – bu gün Tehranın seçdiyi xətt budur.

İslam Respublikası niyə müsəlman qonşularını hədəfə alır?

İran özünü “İslam Respublikası” adlandırır. Bu ad böyük məsuliyyət deməkdir. Çünki İslam dini qardaşlıq, ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Qurani-Kərim müsəlmanları bir-birinə düşmən yox, dayaq olmağa çağırır. Lakin paradoks ondadır ki, son onilliklərdə Tehran məhz müsəlman ölkələri ilə qarşıdurma siyasəti yürüdür. Türkiyə ilə gərginlik, Azərbaycanla düşmən ritorikası və zaman-zaman açıq təhdidlər bu siyasətin nümunəsidir. Belə olan halda sual yaranır: İslam Respublikasının siyasəti doğrudanmı İslamın prinsiplərinə uyğundur? Cavab çox sadə və 3 hərfli bircə sözdən ibarətdir. Yox.

İranın Azərbaycandan alıb verə bilmədiyi nədir?

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşuları ilə balanslı siyasət aparmağa çalışıb. İranla münasibətlərdə də rəsmi Bakı uzun illər səbir və təmkin nümayiş etdirib. Buna baxmayaraq, Tehran daim Azərbaycana şübhə ilə yanaşıb. Azərbaycanın güclənməsi, regionda söz sahibi olması, Türkiyə ilə strateji ittifaq qurması və beynəlxalq layihələrdə aparıcı rol oynaması İranın bəzi siyasi dairələrində narahatlıq yaradıb. Demək olar ki yuxularını ərşə çəkib. Bu narahatlıq isə bəzən açıq düşmənçilik siyasətinə çevrilib.

Nankorluğun və şərəfsizliyin siyasi ifadəsi

Azərbaycan Prezidenti son çıxışında çox haqqlı olaraq İranın davranışını “nankorluq” və “şərəfsizlik” kimi xarakterizə etdi. Bu ifadələr təsadüfi deyildi. Çünki Azərbaycan uzun illər İranla münasibətlərin pozulmaması üçün ciddi səylər göstərib. İqtisadi əməkdaşlıq, nəqliyyat layihələri, humanitar əlaqələr – bütün bunlar münasibətlərin inkişafı üçün atılan addımlar idi. Lakin bunun qarşılığında Azərbaycanın təhlükəsizliyinə yönəlmiş addımlar atılırsa, buna artıq başqa ad vermək çətindir.

40 illik siyasətin iflası

Son hadisələr İranın regionda qurduğu siyasətin nə qədər yanlış olduğunu açıq şəkildə göstərdi. Onilliklər boyu Tehran Ermənistanı açıq şəkildə dəstəklədi. Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistanın iqtisadi və logistika baxımından nəfəs almasına məhz İran imkan yaratdı. İran rəsmiləri dəfələrlə Ermənistan sərhədlərini özlərinin “qırmızı xətti” adlandırdı. İndi isə paradoksal bir mənzərə yaranıb. 40 ilə yaxın himayə etdiyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Naxçıvana hücumdan sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək İranın yaratdığı vəziyyəti müzakirə edir. Bu fakt Tehranın siyasətinin iflasının ən simvolik göstəricisidir. İran 40 il ərzində Ermənistanı müdafiə etdi, onu “strateji tərəfdaş” adlandırdı, onun sərhədlərini öz “qırmızı xətti” elan etdi. Bəs indi həmin Ermənistanın xarici işlər naziri Bakıya zəng edərək İranın addımını müzakirə edəndə Tehran heç utandımı? Bu sual təkcə Azərbaycanda yox, regionun hər yerində səslənir.

İran daxilindəki Azərbaycan reallığı

İranda 40 milyondan artıq azərbaycanlı yaşayır. Onlar bu ölkənin iqtisadiyyatında, mədəniyyətində və tarixində böyük rol oynayırlar. Bu reallıq İranın region siyasətində nəzərə alınmalı olan ciddi faktordur. İran heçmi düşünmür 40 milyonluq insan seli rejimi kökündən silib apara bilər? Azərbaycanla düşmənçilik siyasəti aparmaq təkcə xarici siyasət qərarı deyil, həm də İran daxilində yaşayan milyonlarla insanın hisslərini nəzərə almamaq deməkdir. Bu isə İranın odla oynamağı deməkdir.

Son olaraq deməliyəm ki, Naxçıvana edilən hücum təkcə hərbi təxribat deyil. Bu hadisə İranın onilliklər boyu qurduğu region siyasətinin necə iflasa uğradığını açıq şəkildə göstəricisidir. İllərlə Ermənistanı himayəsində saxlayan, onun sərhədlərini “qırmızı xətt” elan edən, Azərbaycanın haqlı mövqeyinə qarşı çıxan Tehran bu gün tamamilə başqa mənzərə ilə üz-üzədir. Dünənə qədər arxasında dayandığı Ermənistanın xarici işlər naziri bu gün Bakıya zəng edib İranın yaratdığı vəziyyəti müzakirə edir. Məncə bu, sadəcə diplomatik epizod deyil. Bu, 40 illik siyasətin iflasının ən açıq və acı etirafıdır. Azərbaycan isə bütün bu proseslərdə öz mövqeyini açıq və qəti şəkildə ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi “nankorluq” və “şərəfsizlik” ifadələri emosional ritorika deyil, reallığın sərt və açıq təsviridir. Tarix göstərir ki, qonşularına qarşı düşmənçilik siyasəti quran dövlətlər gec-tez bunun nəticəsini yaşayırlar. Naxçıvan hadisəsi bir həqiqəti də göstərdi: region dəyişir, güc balansı dəyişir, siyasət dəyişir. Dəyişməyən yalnız bir şeydir – Azərbaycan xalqının öz dövlətinə və torpağına sahib çıxmaq iradəsi. Bu iradə qarşısında isə nə dron hücumları, nə də köhnə siyasi oyunlar dayana bilər. Ən başlıcası Naxçıvana edilən hücum təkcə hərbi insident deyil. Bu İranın onilliklər boyu qurduğu region siyasətinin iflasını göstərən bir siqnaldır. Diplomatiyada səhv etmək mümkündür. Lakin səhvi etiraf etməmək, məsuliyyətdən qaçmaq və qonşulara qarşı düşmənçilik siyasətini davam etdirmək daha böyük səhvdir. Üzr istəmək mədəniyyətdir. Bu mədəniyyət isə yalnız güclü və məsuliyyətli dövlətlərə xasdır. Naxçıvana uzanan dronlar bir şeyi hamıya göstərdi. Xəyanət siyasətinin sonu həmişə eyni olur – siyasi iflas və tarixi utanc. Artıq İran bunu yaşayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
icma.az

3Mənbələr