AZ

Deputat: Azərbaycan sülh tərəfdarıdır, lakin Naxçıvana hücum qəbulolunmazdır

Bakı, 6 mart, AZƏRTAC

Martın 5-də İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumuna dövlətimiz sərt reaksiya verdi. Beynəlxalq ictimaiyyət də İranın Naxçıvana dron hücumunu pisləyir. Dost, qardaş ölkələr Azərbaycanın yanında olduqlarını bildirirlər. Hər zaman sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olan Azərbaycanın xarici siyasətinin əsas prinsipləri bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurmaq, heç bir dövlətin daxili işinə müdaxilə etməmək, həmçinin öz daxili işinə müdaxiləyə yol verməməkdir. Dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında bütün bu məqamlara xüsusi diqqət yönəldərək qarşı tərəfə sərt mesajlarını çatdırdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

İran dövlətinin Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirməsinin ilk dəfə olmadığını deyən deputat əlavə edib: “Bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdi”.

Azərbaycanın həmişə əməkdaşlıq məkanı olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə deyib ki, Azərbaycan ərazisindən heç bir dövlətə, o cümlədən qonşu ölkələrə qarşı istifadə olunmayacaq. Buna imkan verilməyəcək. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün çirkin, şər-böhtan kampaniyası apardı. Çünki bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir.

“İranın törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. İranda son hadisələr baş verən zaman Azərbaycan dövləti başsağlığı verdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll ediləcəyiinə dair ümid ifadə olundu, bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulandı. Prezident İlham Əliyevin martın 4-də İranın ölkəmizdəki səfirliyində başsağlığı verməsi iki ölkənin münasibətlərinin, Azərbaycanın baş verən hadisələrə mövqeyinin aydın ifadəsidir. İranın bu diqqətin qarşılığında martın 5-də Naxçıvana dron hücumu bu ölkənin nə qədər riyakar, nankor olduğunu təsdiqlədi”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman çətinlikdə, dar gündə olanlara dəstəyi ilə beynəlxalq ictimaiyyətin diqqətində olub. İranla münasibətlərində daim qonşuluq prinsiplərinə sadiqliyik nümayiş etdirib. İranda baş verən son hadisələrlə əlaqədar olaraq respublikamız bu ölkəyə humanitar yardım göndərməyi planlaşdırırdı. Dövlətimizin başçısı İlham Əliyevin çağırışı İran dövlətinin münasibətlərdəki riyakarlığının, dostunu və düşmənini hələ də düzgün müəyyən edə bilməməsinin aydın mənzərəsini ortaya qoydu.

“Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin məhz bu prinsiplər əsasında nizamlanmasına səy göstərir. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir, regionda gərginliyin artmasına xidmət edir”, - deyən deputat bu terror aktının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq cavabsız qalmayacağına əminliyini ifadə edib.

Seçilən
35
50
azertag.az

10Mənbələr