AZ

Kitabın keşiyini zərifliklə çəkənlər

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səyyarə MƏMMƏDOVA

AMEA-nın Mərkəzi Elmi Kitabxanası

Təqvimdə 8 Mart - Dünya Qadınlar Günü kimi qeyd olunur. Bu erkən yaz gününün qadınlara həsr edilməsi bəlkə də təsadüfi deyil. Necə ki, təbiət hər bahar yenilənir, torpaq oyanır, çiçəklər açır, eləcə də qadınlar həyatın başlanğıcı, ailənin dayağı, cəmiyyətin mənəvi sütunudur. Kitabxanaçı qadın isə həm də elm, bilik işığını yandıran çıraqdır. Onun varlığı kitabxanaya ruh, kitablara nəfəs, oxucuya isə ümid verir. Ömrünü kitablara bağışlayan, qoruduğu kitablardan daha az yaşayan kitab adamıdır kitabxanaçı. Çox vaxt dəyəri layiqincə verilməsə də, zamanın dəyişən küləklərinə boyun əyməyən, müqəddəs saydıqları peşəni sədaqətlə, yorulub-usanmadan yerinə yetirən fədakar insanlardır kitabxanaçılar. Onlara əmanət edilən kitabları zərifliklə, qayğıkeşliklə qoruyur, mühafizə etdikləri kitablar kimi öz mənəvi dəyərlərini də saf və ləkəsiz saxlamağı bacarırlar. İllər keçdikcə sanki özləri də kitablaşırlar. Hər gün oxucu ilə təmasda olmaq, hər səhifədə bir düşüncə ilə qarşılaşmaq kitabxanaçı ruhunu qidalandırır, ona müdriklik, mənəvi zənginlik bəxş edir. Kitab səhifəsi kimi ləkə götürməyən paklığın, səbir və təmkinin rəmzinə çevrilirlər. Onlar zəhmətini, gözünün nurunu müqəddəs kitaba fəda edən, dünyanın hay-küyündən uzaq bir guşədə keçmişin səsini qoruyub saxlayan, onu gələcəyə ötürməyə çalışan səssiz, sadə, təmənnasız qəhrəmanlardır. Kitabxanaçı sadəcə kitab verən və ya qəbul edən şəxs deyil, o, biliklə insan arasında körpüdür, doğru kitabı doğru oxucu ilə görüşdürən incə zövq sahibidir. O, bəzən bir gəncin həyat yolunu dəyişən tövsiyənin müəllifi, bəzən bir uşağın ilk mütaliə sevincinin şahidi, bəzən də ömrünün payız çağını yaşayan bir insanın ən sədaqətli həmsöhbətidir. Onlar sözün keşiyində duran, düşüncənin sərhədlərini qoruyan, biliyin səssiz mühafizəçiləridir.

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində qələmə aldığım bu yazı məşhur kitabxanaçı qadınlardan biri, mənim mənəvi müəllimim Tamilla İsmixanovanın xatirəsinə ithaf olunur.

Qərbi Azərbaycandan olan dəyərli pedaqoq Əşrəf Bayramovun ailəsində dünyaya göz açmış Tamilla İsmixanovanı tanıyanlar onun Azərbaycan qadınına xas ən ümdə xüsusiyyətləri daşımaqla yanaşı, həm də nümunəvi rəhbər, bacarıqlı təşkilatçı olduğunu yaxşı bilirlər. Kitabxana sahəsində tanınmış ziyalılardan olan Tamilla xanım həm də mərd, cəsur, olduqca qətiyyətli və qeyrətli bir xanım kimi milli-mənəvi dəyərlərə sadiq, sözübütöv, insanpərvər, el-oba təəssübkeşi olaraq da şöhrət qazanmışdı. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Tamilla xanım uzun illər Azərbaycan Ensiklopediyasının redaksiyasında Xalq şairi Rəsul Rzanın rəhbərliyi altında çalışmışdı. Sonralar səhhətindəki problemlərlə əlaqədar ali təhsil müəssisələrindən birinin kitabxanasında fəaliyyətini davam etdirən Tamilla xanım işlədiyi müəssisədə yerdə əyləşib kitabların tozunu sildiyi zaman o vaxtlar Respublika Ali Sovetinin sədri Elmira Qafarovanın diqqətini cəlb edir. Və taleyin xoş təsadüfü nəticəsində təhsil sistemi kitabxanalarının metodik mərkəzi olaraq yaradılmış Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına rəhbər təyin olunur və qırx il həmin müəssisəyə rəhbərlik edir. Kitaba və kitabxanalara xüsusi sevgisi ilə yaddaşlarda iz qoymuş Tamilla xanım rəhbərlik etdiyi müəssisədə uşaqdan-böyüyə hər kəsin hörmətini qazanmışdı. Tabeliyində olan hər kəsə əvvəlcə bir ana, daha sonra bir əməkdaş kimi yanaşan Tamilla xanım sosial idarətemə qanunlarını bilən nadir liderlərdən idi. Mən bəzən idarəetmə ilə bağlı kitablar oxuyarkən onun bu kitablarda yazılanları necə doğru tətbiq etməsindən heyrətlənərdim. Tamilla xanım təhsil müəssisələri kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması, uşaq mütaliəsinin səmərəli təşkili üçün təkliflər verər, öz təşəbbüsləri ilə hər zaman yeni nəslin ömürboyu təhsilinin təşkilinin formalaşmasında məktəb kitabxanalarının nə qədər böyük rolu olduğunu ön plana çəkməyə çalışardı. Hazırladığı metodik vəsaitlər, tövsiyə nəşrləri, bülletenlər, keçirilmiş seminarlar, konfranslar kitabxanaçıların bilik və bacarıqlarının artırılmasına xidmət etməklə yanaşı, həm də uşaq mütaliəsinin təşkili və məktəb kitabxanalarının problemlərinin həllinə istiqamətlənmişdi. Ona görə də kitabxanaçı kadrlar daima ondan öyrənməklə yanaşı həm də onun əzminin pərəstişkarı idilər. Tamilla xanım, eyni zamanda gözəl ailə başçısı, qayğıkeş ana və mehriban nənə idi.

O, səssizliyi ilə müdriklik öyrədir, təmkinli davranışı ilə örnək olur, qayğıkeş münasibətilə həmkarlarının və oxucuların qəlbində iz qoyurdu.

Tamilla İsmixanovanın ömrü kitab səhifələri kimi sakit, amma məzmunlu keçdi. Bu gün onun əməyi oxucularının yaddaşında, qoruduğu kitabların səssiz nəfəsində və davam edən mütaliə ənənəsində yaşayır.

Bu bayram münasibətilə Tamilla xanımı sonsuz ehtiramla yad edir, onun timsalında bütün kitabxanaçı xanımların zəhmətinə və sədaqətinə dərin hörmətimi bildirirəm.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
525.az

1Mənbələr