AZ

Macar diplomat Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı

BAKI, 6 mart. TELEQRAF

Macarıstanın Kiyevdəki səfirliyinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirliyin saytında bildirilir: "Macarıstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər vəkili Avstriya ilə Ukrayna arasında nağd pul daşıyan"Oschadbank"ın işçilərinin saxlanılması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb".

Qeyd edək ki, martın 5-də Macarıstanda Ukrayna dövlətinə məxsus "Oschadbank"dan qiymətli əşyaların daşınması üçün istifadə edilən iki zirehli maşın müsadirə edilib. Macarıstan Milli Vergi və Gömrük Administrasiyası Ukrayna xüsusi xidmət orqanlarının keçmiş generalı da daxil olmaqla, yeddi Ukrayna vətəndaşının həbs olunduğunu elan edib. Macarıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Avstriyadan Ukraynaya ümumilikdə 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl daşıyırdılar. Onlara qarşı çirkli pulların yuyulması işi açılıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto məsələ ilə bağlı Kiyevdən izahat tələb edib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, bankda işləyən Ukrayna vətəndaşları Macarıstanda tutulub və Budapeştə onların azad edilməsi tələbi ilə nota göndərilib. Ukrayna hakimiyyət orqanlarının məlumatına görə, vəsait Avstriyanın "Raiffeisen" bankı ilə bağlanmış müqavilə çərçivəsində dövlətə məxsus "Oschadbank" üçün daşınıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr