Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
1-ci liqada turnir cədvəlinə başçılıq edən “Şəfa”da srağagün sürpriz istefa baş verib. Belə ki, klub prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib. O, son açıqlamasında “səbəb odu ki, strategiya ilə bağlı fikir ayrılığı mövcuddu. “Şəfa”ya uğurlar arzulayıram, orda mənə əziz insanlar çalışır. Özüm isə fəaliyyətimi, Allahın köməyi ilə, daha miqyaslı layihələrlə davam edəcəyəm” sözlərini deyib.Çox maraqlıdı, artıq sabiq prezident strategiya ilə bağlı fikir ayrılığı deyərkən nəyi nəzərdə tutub? İlkin variant kimi yəqin hər kəsin ağlına legionerlərin transferi gəlir. Axı klub uzun müddətdi yalnız yerli futbolçuların əməyindən yararlanır. Bu qəfil istefa ilə bağlı suallara aydınlıq gətirmək üçün əvvəlcə klub prezidentinin müşavirləri Əfran İsmayılov və İlkin Əliyev ilə söhbət etdik. Əfran bəylə dialoqumuz belə oldu:- Sərdar Salmanzadə ilə dostluq münasibətində olduğunuz üçün ona kömək etdiyinizi deyirdiz. Artıq Sərdar bəy klubdan ayrılıb. Siz də ayrılmısız, ya da ayrılmaq fikriniz var? - Mənim orda vəzifəm yoxdu, ayrılmışam. - Sərdar bəylə birgə ayrılmısız, yoxsa daha əvvəldən? - Mən daha əvvəl çıxmışam. - Sizcə, ancaq yerli futbolçularla oynamaq doğru seçimdi? Nəzərə alsaq ki, komanda gələn mövsüm elitada da zəif komanda kimi çıxış etmək istəmir. - Mən o klubda vəzifə daşımıram. - Bildim, mütəxəssis kimi fikrinizi öyrənmək istəyirdim. - ... (cavab vermədi) Daha sonra İlkin Əliyevlə danışdıq: - Sərdar Salmanzadə klubdan gedib. Siz də onunla birgə ayrıldız? - Xeyr, mən klubda qalıram.- Sərdar bəy ayrılıq səbəbi kimi strateji məsələrdə fikir ayrılığını göstərib. Bu fikir ayrılığı legionerlərə münasibətlə bağlıdı? Elədisə, Sərdar bəy əcnəbi futbolçuların gətirilməsinin lehinə idi, yoxsa əleyhinə? - Bu barədə nəsə deyə bilmərəm, məlumatım yoxdu. Sərdar bəy öz işləri ilə bağlı klubdan ayrıldı, başqa səmtdə də işləri var. - Əfran İsmayılov onunla dostdu. Əfran bəy də ayrıldı? - Əfran bəy bizə kömək edir, futbolu bilir, tanınmış futbolçu olub, indi məşqçidi, futbolun içindədi. Dost münasibətlərimiz olduğuna görə kömək edir. - Əfran bəy komandadan ayrılmayıb? - Xeyr, Sərdar bəy ayrılıb. Əfran İsmayılovla hamımızın yaxşı münasibəti var. - Anladım, amma fikir ayrılığının nə olduğu açıqlanmır... - Gizli məqam yoxdu, nə varsa, açıq şəkildə danışan insandı Sərdar bəy. - Bəs bundan sonra legioner transferi ola bilər? - Hələ ki xeyr. Amma zaman göstərəcək, bəlkə də oldu. “Şamaxı” nümunəsi var ki, eyni şeyi etdi, uğursuz oldu. Bu suala hazırda ətraflı cavab vermək olmur, elitaya yüksələk, sonra görək nə olur. - Yəni mümkündü ki, “Şəfa” da əcnəbi futbolçu transfer etsin? - Hazırda klubun strategiyası budu, bir-iki il sonra dəyişiklik də ola bilər. Bizim klub olaraq, əsas məqsədimiz yerli futbolçuları üzə çıxarmaq, Azərbaycan futbolunun inkişafına təkan verməkdi. İnşallah, yerli futbolçularla davam edərik. Yeni Qurban Qurbanovlar, Əfran İsmayılovlar yetişdirərik. - Bəs hazırda klubun rəhbər şəxsi kimdi? - Yaxın vaxtlarda açıqlanacaq. Amma bizdə Kənan müəllim də var (Kənan Sadıqlı – red.). O da Sərdar bəylə birgə klub rəhbəri idi. MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.