AZ

Tehran üçün köhnə taktika: hücum et, sonra “biz etmədik” de

“İranın Azərbaycana qarşı törətdiyi növbəti təxribat bir daha göstərdi ki, Tehranın rəsmi bəyanatları ilə real addımları arasında dərin uçurum mövcuddur. Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə edilən hücum təkcə Azərbaycan dövlətinə deyil, regionda sabitliyə qarşı yönəlmiş açıq terror aktıdır. Lakin bu hadisədən sonra gözlənildiyi kimi İran üzr istəmək və məsələni obyektiv araşdırmaq əvəzinə yenə də riyakarlıq nümayiş etdirməyə başlayıb”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki,  İran prezidenti Masud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın guya heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını bəyan edib. Onun sözlərinə görə, Tehran dövlətlərin ərazi bütövlüyünə hörmət edir və Cənubi Qafqazda sabitliyin tərəfdarıdır.

Bu açıqlamalar isə baş verən reallıq fonunda tamamilə paradoksal görünür.  Çünki İranın xarici işlər naziri Abbas Əraqçi də NBC-yə açıqlamasında dronların Azərbaycana qarşı buraxılması üçün səbəb olmadığını iddia edərək hadisəni araşdırdıqlarını bildirib və hətta bunun başqa yerdən həyata keçirilə biləcəyini söyləyib. Bu isə Tehranın ənənəvi taktikasını, məsuliyyətdən yayınmaq cəhdini bir daha ortaya qoyur”.

Deputat əlavə edib ki, bütün bunlar bizim üçün tanış ssenaridir:
“Əslində bu vəziyyət Azərbaycan üçün yeni deyil. İranın oxşar davranışı 2023-cü ildə  Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı zamanı da müşahidə etmişdik. O zaman da İran ilk mərhələdə məsuliyyəti boynundan atmağa çalışdı. Lakin Azərbaycanın qətiyyətli mövqeyi vəziyyəti dəyişdi. Prezident İlham Əliyev hadisəyə son dərəcə sərt reaksiya verdi, Azərbaycan səfirliyi İrandan təxliyə edildi və diplomatik münasibətlər faktiki olaraq dayandırıldı. Nəticədə Tehran üzr istəməyə və terrorçunu cəzalandırmağa məcbur oldu. Bu hadisə göstərdi ki, İran yalnız qətiyyətli mövqe ilə danışıq aparanda geri addım atır”.
 Deputat hesab edir ki, bu dəfə baş verənlər isə daha təhlükəli xarakter daşıyır: “Çünki söhbət diplomatik nümayəndəliyə hücumdan deyil, birbaşa Azərbaycan ərazisinə edilən zərbədən gedir.

Prezident İlham Əliyev hadisəni açıq şəkildə terror aktı adlandıraraq bildirib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi pilotsuz uçuş aparatları ilə atəş altına salınmışdır”.
Dövlət başçısı xüsusilə vurğulayıb ki, hədəf mülki obyektlər olub və bu addım beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

Prezidentin sözləri ilə desək: “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar”.

Tarix göstərir ki, Tehran əvvəlcə məsuliyyəti inkar edir, sonra isə reallığın qarşısında geri çəkilməyə məcbur qalır. Bu dəfə də eyni ssenarinin təkrarlanacağı istisna deyil.
Azərbaycan tərəfi məslə ilə bağlı aydın mesajını verib:
Azərbaycan öz təhlükəsizliyinə qarşı heç bir təxribatla barışmayacaq. Əgər İran molla rejimi törətdiyi bu səhvi etiraf edib üzr istəməzsə, bunun nəticələri Tehran üçün çox ağır ola bilər. Çünki artıq regionda yeni reallıq mövcuddur. Azərbaycan dövlətinin “Dəmir yumruğu” istənilən təhdidə cavab verməyə hazırdır”.

Mürtəza

Seçilən
77
1
olke.az

2Mənbələr