AZ

TRAMP İRAN NEFTİNİ “MÜSADİRƏ EDİR” ABŞ lideri əsl məqsədlərini gizlətmir

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin indiki Prezidenti Donald Tramp Amerikanın nadir ölkə başçılarındandır ki, ölkəsinin beynəlxalq müstəvidəki gerçək məqsədlərini çox vaxt gizlətmədən, açıq şəkildə bəyan edir. Bu baxımdan İrana qarşı başlanan birgə hərbi əməliyyatın təqdimat forması da istisna təşkil etmir.

Əgər əməliyyatdan əvvəl və onun ilk günlərində Tramp tez-tez İran xalqına müraciət edərək, rejimi devirməyə, “azadlığa çıxmağa” və öz hakimiyyətini qurmağa çağırırdısa, son günlər artıq belə çağırışlar eşidilmir. Əvəzində, ABŞ-nin bu əməliyyatla bağlı gerçək məqsəd və məramları, qismən də olsa, bəyan edilməyə başlayır. Bu bəyanatlara diqqət yetirdikdə isə görünür ki, Qərbin və İsrailin İrandakı hazırkı irticaçı, məzhəbçi rejimi devirib, əsl demokratik xalq hakimiyyəti qurmaq istədiyinə inanan xəyalpərəstlər böyük səhv edirlər… 

Məsələn, Ağ Ev İslam Respublikasına qarşı iqtisadi və təhlükəsizlik strategiyasında yeni bir mərhələni qeyd edən çox açıq bir bəyanat yayıb. ABŞ administrasiyasının ABŞ-nin İranın əlində olan "bütün nefti" müsadirə etmək niyyətində olduğu açıqlanıb. Yüksək vəzifəli administrasiya rəsmisinin sözlərinə görə, bu radikal addım Fars körfəzi bölgəsində beynəlxalq gəmiçilik və enerji təhlükəsizliyinə təhdidləri birdəfəlik aradan qaldırmaq məqsədi daşıyır. Vaşinqton hesab edir ki, İran karbohidrogenlərinin tam olaraq ABŞ-nin nəzarəti altına təhvil verilməsi Tehranın dəfələrlə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı Hörmüz boğazındakı naviqasiya problemlərini aradan qaldıra bilər. ABŞ tərəfi öz hərəkətlərini strateji resursların "terrorçuların əlindən çıxarılması” zərurəti ilə əsaslandırır ki, bu da Ağ Evin fikrincə, həm də Tehrandakı mövcud rejimi əsas maliyyə mənbəyindən məhrum etmək məqsədi daşıyır.

Əslində, bu yanaşma faktiki olaraq başqa dövlətin təbii sərvətlərinin açıq şəkildə müsadirə edilməsi deməkdir. Tramp daha əvvələr İran donanmasının artıq məhv edildiyini elan etmiş və Tehrandan qeyd-şərtsiz təslim olmağı tələb etmişdi. Lakin bütün neft ehtiyatlarını fiziki olaraq ələ keçirmək planı qarşıdurmanı tamamilə yeni səviyyəyə qaldırır. Ekspertlər qeyd edirlər ki, belə bir ssenarinin həyata keçirilməsi ABŞ-dən İranın bütün istehsal və nəqliyyat infrastrukturu üzərində tam nəzarəti təmin etməyi tələb edəcək. Bunu isə fiziki olaraq yerinə yetirmək üçün hansısa formada yerüstü əməliyyata ehtiyac var ki, bu da olduqca problemli görünür.

Qlobal enerji bazarları artıq Ağ Evin ritorikasını narahatlıqla izləyir, nefti zorla ələ keçirmək cəhdinin qlobal iqtisadiyyat üçün gözlənilməz nəticələrə və beynəlxalq hüququn son həddə çökməsinə səbəb olacağından ehtiyat edirlər.

Ancaq bu mövzuyla bağlı başqa bir yanaşma da var. “NBC” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb ki, Tramp gələcəkdə Vaşinqton və Tehran arasında neft sektorundakı münasibətlərin ABŞ və Venesuela arasındakı tərəfdaşlığa bənzər şəkildə inkişaf edə biləcəyinə ümid edir. Yəni ki, İranda Xameneinin yerinə gələcək rəhbərlik ABŞ ilə neft sahəsində əməkdaşlığa getməli, öz enerji mənbələrini ABŞ-nin üzünə açmalıdır.

Bütün bu reallıqların fonunda Vaşinqton üçün İranda demokratiyanın, İranda yaşayan xalqların taleyinin qətiyyən birinci dərəcəli olmadığı aydın görünür. Bunu Tramp özü də gizlətmir. O, son açıqlamasında deyib ki, hərbi əməliyyat başa çatdıqdan sonra İranın demokratiyaya çevrilməsi mütləq deyil. Əksinə, ABŞ-yə bu ölkənin yeni liderinin sadəcə, Vaşinqtona və İsrailə loyal münasibəti lazımdır. CNN-ə verdiyi müsahibədə o, ABŞ meyarlarına cavab verərsə, İrana başçılıq edəcək yeni dini liderə və əvvəlki idarəçilik sisteminə etiraz etməyəcəyini deyib. Trampın sözlərinə görə, İranın hazırkı rəhbərliyi "zəifləyib və ölkə bir həftə əvvəlki ölkə deyil", ona görə də Ağ Ev Venesueladakı son hadisələrə bənzər şəkildə yeni hökumətin qurulmasında iştirak etməyə ümid edir.

"Bu, çox asanlıqla işləyəcək. Venesuelada olduğu kimi işləyəcək. Orada əla liderimiz var. O, əla iş görür", - deyə Tramp prezident vəzifəsini icra edən Delsi Rodrigezə işarə edib. 

Daha əvvəl Tramp sosial media hesabı olan “Truth Social”-da İranla atəşkəs danışıqlarını istisna etmişdi. O, "İranla heç bir razılaşma olmayacaq, yalnız qeyd-şərtsiz təslim olmaqdan başqa!" yazmışdı. 

Ancaq göründüyü kimi, hərbi əməliyyatların gedişi, İranın cavab zərbələri, İran əhalisinin gözlənilənlərin əksinə olaraq, rejimi devirmək üçün küçələrə çıxmaması Tramp administrasiyasını daha elastik, dəyişkən, çevik siyasət yürütməyə vadar edib. Bu zaman isə həqiqətləri olduğu kimi demək zərurəti yaranıb – ABŞ-yə İranda demokratiya yox, neft və İsrailə qarşı loyal münasibətdə olan, sözəbaxan hakimiyyət lazımdır! 

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
50
azpolitika.info

10Mənbələr