Son iki ildə regionda baş verən iki hadisə - Azərbaycan təyyarəsinin vurulması və Naxçıvana dron hücumu həm təhlükəsizlik, həm də siyasi reaksiyalar baxımından diqqət çəkdi. Maraqlıdır ki, hər iki hadisədə fərqli ölkələr iştirak etsə də, rəsmi reaksiyalar müqayisədə bir-birinə bənzədi.

Məlum olduğu kimi, 2024-cü ildə Azərbaycan ictimaiyyətini sarsıdan hadisələrdən biri Azərbaycan Hava Yollarına(AZAL) məxsus təyyarənin vurulması oldu. Hadisə ilə bağlı açıq-aşkar məlum idi ki, təyyarə Rusiya hava məkanında vurulmuşdu. Rəsmi Bakı bu hadisə ilə bağlı izahat və məsuliyyət məsələsinin aydınlaşdırılmasını tələb etdi. Azərbaycan cəmiyyətində də gözlənti Moskvanın üzr istəməsi və hadisəyə görə məsuliyyətin qəbul olunması idi.
Lakin Putin rəhbərliyindəki Rusiya tərəfi birbaşa üzr istəmək əvəzinə hadisə ilə bağlı rəsmi hesabat təqdim etməyə üstünlük verdi. Moskva hadisənin müxtəlif texniki və əməliyyat səbəbləri ilə bağlı araşdırıldığını bildirdi. Əlbəttə ki, bu mövqe Azərbaycanda birmənalı qarşılanmadı və hadisə uzun müddət siyasi müzakirələrin mövzusu oldu.

2026-cı il martın 5-də isə regionda yeni gərginlik yaradan başqa bir hadisə baş verdi. Dronların hücumu nəticəsində ərazisində, Naxçıvan hava limanı və kənd məktəbi yaxınlığında partlayışlar qeydə alındı. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirildi. Azərbaycan tərəfi hücumun mənbəyi ilə bağlı araşdırma aparıldığını açıqladı və rəsmi Tehrandan üzr və izahat tələb etdi. Azərbaycan Prezidenti İlham Əliyev səviyyəsində gözlənti ondan ibarət idi ki, İran rəhbərliyi məsələ ilə bağlı Bakıya birbaşa izahat verəcək.
Lakin gözlənilən telefon danışığı Bakıya deyil, Moskvaya oldu. İran Prezidenti Məsud Pezeşkian hadisədən sonra Vladimir Putin ilə telefon danışığı apararaq dron hücumunu təkzib etdi.
Pezeşkianın açıqlamasında hücumun İran tərəfindən həyata keçirilmədiyi bildirildi və bunun “düşmən qüvvələrin təxribatı” ola biləcəyi iddia edildi. İran tərəfi dolayısı ilə hadisənin arxasında ABŞ və İsrailin ola biləcəyi ehtimalını səsləndirdi. Beləliklə, hər iki hadisədə diqqət çəkən əsas məqam Moskva və Tehrandan gələn oxşar ritorika oldu - AZAL təyyarəsi insidentində Rusiya üzr istəmək əvəzinə hesabat təqdim etdi, Naxçıvan dron hücumunda isə İran ittihamları təkzib edib məsuliyyəti başqa qüvvələrin üzərinə yönəltdi. Başqa sözlə, həm Moskva, həm də Tehran hadisələrə görə birbaşa məsuliyyət qəbul etməkdən yayınan diplomatik yolu seçdi.
Lakin Azərbaycan isə hər iki hadisədə əsas mövqeyini dəyişməz saxlayıb: hadisələrin obyektiv araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və rəsmi izahat verilməsi...
Xalidə Gəray
Musavat.com