Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Müsahibimiz tanınmış türkoloq, türkiyəli professor Yavuz Akpınardır
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ideya və elmi irsi bir əsr sonra yenidən gündəmə gətirilərək İsmailiyyə Sarayında beynəlxalq elmi konfransın təşkili mühüm elmi-mədəni hadisə oldu. 100 il əvvəl Birinci Türkoloji Qurultaya ev sahibliyi etmiş Bakıda, eyni məkanda alimlərin yenidən bir araya gəlməsi təsadüfi deyil. Tarixi qurultayda formalaşmış elmi düşüncə, ortaq dil və mədəniyyət axtarışları bu gün artıq türk dövlətlərinin geniş coğrafiyasında real əməkdaşlıq layihələri, birgə tədqiqatlar və akademik şəbəkələr şəklində öz bəhrəsini verir.
Türk dünyasının tanınmış elm adamlarını bir araya gətirən beynəlxalq elmi mühit çərçivəsində müasir türkologiyanın aparıcı simalarından biri – Yavuz Akpınar ilə görüşdük. Uzun illər Egey Universitetində ədəbiyyat fakültəsinin professoru olan alimlə söhbətimizdə Türk dünyasında ədəbi-elmi əlaqələr, Azərbaycan ədəbiyyatının beynəlxalq elmi müstəvidə yeri və ortaq gələcək perspektivləri barədə həmsöhbət olduq.
– Xoş gəlmisiniz. I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş mötəbər tədbirdə sizi görmək çox xoş oldu. Anım tədbiri ilə bağlı təəssüratlarınızı bilmək istərdik.
– Azərbaycan rəhbərliyinin və müvafiq qurumlarının Türkiyənin elmi və ictimai təsisatları ilə birgə belə bir tədbir təşkil etməsi dövlətlərimiz arasında əməkdaşlığın səmərəli və uğurlu nəticələrinin bariz nümunəsidir. Türk dünyasının tarixində mühüm hadisələrdən biri olan və latın qrafikalı əlifbanın qəbuluna yol açan Türkoloji Qurultayın 100 illiyi münasibətilə anılması isə tarixi irsə ehtiramın nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır.
– Uzun illər Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması istiqamətində ardıcıl fəaliyyətiniz türkoloji elmə hansı töhfələri verdi?
– Gördüyüm işlər haqqında fikir söyləməyi doğru saymıram. Qoy deyilən sözlərin, atılan addımların və edilən xidmətlərin dəyərini başqaları müəyyən etsin. Mənim üçün isə tək bir ölçü var: əgər yolum hansısa məqamda xalqlarımız arasında bir körpüyə çevrilə bilibsə, ürəkləri bir az da olsa bir-birinə yaxınlaşdırıbsa, bu, mənim üçün ən böyük xoşbəxtlikdir.
– Sovet dövründə Türkiyədə nəşr olunan “Qardaş ədəbiyyatlar” dərgisi elmi-ədəbi mühit üçün ümdə hadisə idi. Bu dərgi hansı zərurətdən yarandı və qarşıya hansı məqsədlər qoyulmuşdu?
– Dərginin nəşrinə həm Türkiyədə, həm də keçmiş Sovet İttifaqı məkanında aydın şəkildə hiss etdiyim ciddi bir boşluq səbəb oldu. O dövrdə nə Türkiyədə yaşayanlar SSRİ-dəki türk xalqlarını kifayət qədər tanıyırdı, nə də oradakı türklər Türkiyə cəmiyyətini və onun ədəbi-mədəni mühitini dolğun şəkildə bilirdilər. Biz bu nəşr vasitəsilə yalnız Azərbaycan türklərinin deyil, bütövlükdə Sovet məkanında yaşayan türk xalqlarının da müasir fikir və ədəbi həyatını Türkiyə ictimaiyyətinə obyektiv şəkildə təqdim etməyə çalışdıq.
Bu fəaliyyət xüsusilə gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdi və onların Türk dünyasını daha real, daha doğru şəkildə tanımasına imkan yaratdı. Əslində, əsas məqsədimiz gəncliyi gələcəyə hazırlamaq və Türk dünyası haqqında yanlış təsəvvürlərin qarşısını almaq idi. Çünki həmin dövrdə Türkiyədə yayılan solyönlü təbliğatda “SSRİ-də yaşayan türklər milli kimliklərini itirib, ruslaşıblar” kimi iddialar geniş yayılmışdı. Biz isə konkret faktlar, ədəbi nümunələr və çağdaş müəlliflərin yaradıcılığı ilə bu yanlış təsəvvürlərə elmi və inandırıcı cavab vermiş olduq.
– Mirzə Fətəli Axundzadənin yaradıcılığına həsr etdiyiniz dissertasiya işi və “Azəri ədəbiyyatı araşdırmaları” kitabınız Türkiyədə Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədqiqatlar üzərində işləyərkən sizi əsasən hansı elmi problemlər düşündürürdü?
– Əvvəlcə, onu qeyd edim ki, kitabıma “Azəri ədəbiyyatı araşdırmaları” adını verməyim Fuad Köprülünün elmi baxışlarına və mövqeyinə duyduğum hörmətlə bağlıdır. Bu adın İranda irəli sürülən və elmi əsası olmayan “Azərbaycan türkləri azəridir, yəni farsların bir qolu olmuş, monqollar dövründə dilləri türkcəyə çevrilmişdir” kimi iddialarla heç bir əlaqəsi yoxdur.
Azərbaycan ədəbiyyatının ideya və mətbuat həyatı ilə bağlı apardığım araşdırmaların hamısı bu kitabda cəmləşdirilməyib. Kitaba daxil edilməyən, müxtəlif elmi jurnallarda dərc olunmuş xeyli məqalələrim də var. Təəssüf ki, indiyədək həmin yazıları ayrıca bir toplu halında nəşrə hazırlamaq üçün vaxt tapa bilməmişəm.
Tədqiqatlarımın ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, mövzulara qiymət verərkən Sovet ideologiyasının və onun formalaşdırdığı baxış bucağının təsiri altında qalmamağa çalışmışam. Cənubi Azərbaycan ədəbiyyatının əsas əsərlərini Türkiyə elmi mühitinə tanıtmağım, eləcə də bu yaradıcılıq nümunələri haqqında elmi rəylər və təhlillər təqdim etməyim, düşünürəm ki, Azərbaycan ədəbiyyatının bütöv şəkildə öyrənilməsi baxımından faydalı olmuşdur.
– Cənubi Azərbaycan ədəbiyyatından söz düşmüşkən, apardığınız araşdırmalar bu sahədə mövcud elmi boşluqların doldurulmasına ciddi töhfə verib. Bu gün həmin sahənin vəziyyətini necə qiymətləndirirsiniz?
– Bu gün Türkiyədə yalnız Cənubi Azərbaycan ədəbiyyatı, dili və tarixi deyil, ümumilikdə, İran türkləri mövzusu üzrə ixtisaslaşan gənc tədqiqatçı nəsli formalaşıb. Bu yeni elmi nəslin ortaya qoyduğu çoxsaylı sanballı araşdırmalar İran türklərinin dili, ədəbiyyatı, tarixi və mədəni kimliyinin daha dərindən öyrənilməsində və obyektiv şəkildə tanınmasında mühüm rol oynayıb.
– Tərəfinizdən İsmayıl bəy Qaspıralının külliyatının nəşri Türk dünyasında maarifçilik ideyalarının yenidən gündəmə gətirilməsi baxımından mühüm mərhələ oldu. Sizcə, bu nəşrlər bugünkü Türk dünyasına hansı mesajları verir?
– Bu, olduqca mühüm məsələdir. İsmayıl bəy Qaspıralı XIX əsrin sonu – XX əsrin əvvəllərində bütün türk xalqları tərəfindən yekdilliklə dəyərləndirilən, sevilən, fikirləri qəbul olunan və türkçülük yolunu açan böyük şəxsiyyət idi. Lakin Sovet İttifaqı dağılana qədər onun Rusiyanın kitabxanalarında “əsir qalmış” əsərlərini tapıb yenidən türklüyün xidmətinə vermək mümkün olmamışdı. Mən əlimdən gəldiyi qədər bunu etməyə çalışdım və bu gün də çalışıram.
Çünki bütün türk xalqlarını bir-birinə bağlayan ən doğru yol – “sırat-i müstəqim” məhz onun ideyaları və ideallarıdır. Bu gün Qaspıralının fikirlərini zamanın tələblərinə uyğun şəkildə yenidən dəyərləndirmək Türk dünyasını parlaq gələcəyə aparacaq. Onun “parçalanmayın, bir millət olduğunuzu unutmayın!” çağırışı daim qulaqlarımızda səslənməli və bizə yol göstərməlidir.
– Milli mətbuat tariximizə dair tədqiqatlarınız bir çox unudulmuş qəzet və jurnalların yenidən elmi dövriyyəyə qaytarılmasına imkan yaradıb. Bu sahədə gördüyünüz işlər haqqında nə deyərdiniz?
– İlk növbədə, qeyd etməliyəm ki, “Ziya”, “Ziyayi - Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Dilək”, “Açıq söz” və onlarla mətbu orqan sovet ideologiyasının insan düşüncəsini donduran təsirindən kənar şəkildə araşdırılmalıdır. Sevindirici haldır ki, artıq bu istiqamətdə ciddi elmi işlər aparılır. Mən də bu sahədə imkanım daxilində töhfə verməyə çalışmışam və xüsusilə Cəlal Ünsinin Türkiyədəki həyatı və fəaliyyəti ilə bağlı faktları üzə çıxarmışam.
Eyni zamanda, “Əkinçi” və “Şərqi-Rus” qəzetlərini təkcə Azərbaycan mühiti çərçivəsində deyil, bütövlükdə, Rusiya türklərinin mətbuat və fikir mühiti kontekstində araşdıraraq bu nəşrlərə yeni elmi baxış formalaşdırmağa çalışmışam.
Digər tərəfdən, mühacirətdə milli mübarizəni davam etdirən ziyalıların nəşr etdikləri “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu yurd”, “Qurtuluş”, “Azərbaycan” kimi dövri mətbuat orqanları həm milli istiqlal mübarizəsi tarixinin öyrənilməsi, həm də sovet ideologiyasının yerini hansı ideya və dəyərlərin tutmalı olduğunu anlamaq baxımından son dərəcə mühüm mənbələrdir.
Biz “Yeni Qafqasiya” jurnalını latın qrafikasına köçürərək gənc nəslin bu nəşrdən daha asan istifadəsini təmin etdik. Eyni zamanda, “Azəri Türk” dərgisini də yenidən nəşrə hazırlamışıq və yaxın vaxtlarda onun çapı nəzərdə tutulur.
– Anım konfransında etdiyiniz məruzə Rusiyada yaşayan türklərin mətbuatında ortaq ədəbi dil problemi ilə bağlı idi. Məsələnin aktuallığını nədə görürsünüz?
– Artıq proses başa çatıb: yeni türk milli kimlikləri – qazaxlıq, qırğızlıq, özbəklik və başqaları formalaşıb. Ayrı-ayrı ədəbi dillər və ədəbiyyatlar yaranıb, bütün ortaq türk tarixi sanki miras kimi bölüşdürülüb. Ancaq bu bölgüdən qardaş xalqların heç biri razı qalmayıb. Beləliklə, bir zamanlar mövcud olan “vahid türk milləti” təxminən otuz “millətə” və otuzdan çox ədəbi dilə parçalandı. Bəs bundan kim qazandı? Heç şübhəsiz, ruslar.
Dünyada bu gün də “həyat uğrunda mübarizə” hökm sürür. Zəif olana haqlı olsa belə heç kim rəhm etmir. Biz parçalandıq və zəiflədik. Əgər dünyada var olmaq, azad və ləyaqətli yaşamaq istəyiriksə, yollarımızı yenidən birləşdirməliyik. Qaspıralı da bizə məhz bunu tövsiyə edirdi.
Bu gün türk dövlətləri arasında yaxınlaşma və əməkdaşlıq prosesləri gələcəyə ümidlə baxmağımıza əsas yaradır. Ziyalılar və alimlər bu istiqamətdə fəaliyyətlərini davam etdirməlidirlər. Unutmamalıyıq: millətlərimiz çox ola bilər, amma mahiyyət etibarilə vahid bir millətik.
– Bakı ədəbi və elmi mühiti ilə tanışlığınızın tarixi sovet dövrünə qədər uzanır. Bu uzunmüddətli elmi və mənəvi əlaqələr sizin üçün nə ifadə edir?
– Haqlısınız, bu mühit həyatımın önəmli və böyük bir hissəsi olub. Qazandığım dostlar, mənəvi zəngilik və daha böyük uğurlar bunların sırasında xüsusi yer alır. Onlara baxanda həyatımı boşa sərf etmədiyimi görürəm. Xoşbəxtəm, rahatam. Millətimə bacardığım qədər xidmət etməyə çalışdım...
– Sovet illərində Azərbaycanın tanınmış alim və ədibləri ilə yaxın ünsiyyətiniz və dostluq münasibətləriniz olub. Dövrün ziyalı çevrəsi haqqında nə söyləyə bilərsiniz?
– Bu mövzuda çox şey söyləmək olar, amma təəssüf ki, bu, müsahibə çərçivəsinə sığmaz. Yalnız onu deyim ki, köhnə dostların səmimiyyəti, təvazökarlığı, yardımsevərliyi və ən əsası, millət və vətən sevgisi məni valeh etmişdi. Bu gün də hər dəfə Bakıya gələndə bu xoş auranın cazibəsinə düşürəm.
– Xüsusilə Abbas Zamanovla münasibətləriniz hər zaman diqqət çəkib. Onun şəxsiyyəti və elmi irsi haqqında nə deyərdiniz?
– Bu mövzuda Azərbaycanda kifayət qədər yazılıb və danışılıb. Onun elmi fəaliyyəti ədəbi mühitə yaxşı məlumdur. Abbas bəy Sovet dövründə Azərbaycanın dünyaya açılan pəncərəsi idi. O pəncərədən Türkiyədən, İrandan, İraqdan gələn işıqlar Azərbaycana ümid verir, sovet qaranlığını dağıdırdı.
O, bütün siyasi və ideoloji təzyiqlərə baxmayaraq, bu pəncərəni açıq saxlamaq cəsarətini göstərən böyük millət aşiqi, vətənpərvər idi. Mənim də əlimdən tutdu, Azərbaycan ziyalıları ilə tanış etdi və işimi böyük ölçüdə asanlaşdırdı.
Azərbaycan–Türkiyə əlaqələri istiqamətində nələrsə edə bilmişəmsə, bu, böyük ölçüdə onun yardımları sayəsində olub. Allah rəhmət etsin, ruhu şad olsun.
– Bu gün Azərbaycan müstəqil, suveren və ərazi bütövlüyünü bərpa etmiş ölkədir. Azərbaycanın bu tarixi mərhələyə gəlib çatması Türk dünyası üçün nə deməkdir?
– Hər şeydən əvvəl, bu, milli oyanışa və istiqlala can atmağın canlı nümunəsidir. Çətin və mürəkkəb bir dövrdə xalq milli kimliyi qorumağın, azadlıq arzusunu diri saxlamağın nə qədər önəmli olduğunu göstərdi.
Türkiyə ilə digər türk dövlətləri arasında qardaşlıq münasibətlərinin qurulmasında Azərbaycanın təsiri və yardımları isə son dərəcə mənalı və faydalıdır. Azərbaycan hər zaman ortaq tarixə, dilə və mədəniyyətə söykənən birliyin möhkəmlənməsinə töhfə vermişdir. Xüsusilə çətin məqamlarda göstərilən mənəvi və siyasi dəstək Türk dünyasında həmrəyliyin güclənməsinə xidmət etmişdir.
Bu münasibətlər təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, mədəni, elmi və mənəvi bağların daha da dərinləşməsinə zəmin yaradır. Bütün bunlar isə Türk dünyasında birliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir.
– Azərbaycanın elmi və mədəni qurumları ilə əlaqələriniz varmı? Son illərdə bu sahədə həyata keçirilən təşəbbüslər barədə fikirləriniz maraqlıdır.
– Düzü, prosesləri əvvəlki cəldliyimlə izləyə bilmirəm. Lakin “görünən kənd bələdçi istəməz”, - deyiblər. Görünən odur ki, çox müsbət inkişaf var. Keçmiş Sovet məkanında fəaliyyət göstərən qurumlar artıq “rus qorxusunu”, “sovet psixologiyasını” böyük ölçüdə üzərlərindən atıblar. Türkiyə qurumları da “turançılıq”, “faşistlik” kimi ittihamlardan, nəhayət ki, çəkinmirlər.
Bu gün daha sərbəst düşüncə, açıq əməkdaşlıq və daha inamlı addımlar müşahidə olunur. Keçmişin qorxu və kompleksləri tədricən aradan qalxır, yerini özünəinam və milli iradə tutur.
Sanki hamımız birlikdə “Ergenekon”dan çıxmışıq – dar çərçivələrdən, qorxu və təzyiq mühitindən azad olaraq daha geniş üfüqlərə doğru irəliləyirik. Bu isə gələcək üçün ümidverici və ruhlandırıcı mənzərə yaradır.
– Sonda Azərbaycan oxucularına və gənc tədqiqatçılara çatdırmaq istədiyiniz xüsusi bir mesaj varmı?
– Etimad və dəyərinizə görə minnətdaram, amma bilmirəm, bu mövzuda söz deməyə haqqım varmı?!
– Çox sağ olun, maraqlı həmsöhbət oldunuz.
Söhbəti apardı:Namiq QƏDİMOĞLUXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.