İsrail və ABŞ-nin İran ərazisinə endirdiyi hərbi zərbələrdən sonra ölkədə siyasi və hərbi sistem ciddi zərbə alıb. Baş verən hücumlar nəticəsində İranın ali dini rəhbəri Əli Xamenei, bir sıra yüksək rütbəli generallar və dövlət aparatında mühüm vəzifələr tutan şəxslər həlak olub. Bundan sonra ölkədə hakimiyyətin davamlılığını təmin etmək üçün yeni qərar qəbul edilib və Əli Xameneinin oğlu Müctəba Xamenei İranın yeni ali dini rəhbəri – faktiki olaraq ölkənin rəhbəri seçilib. Bu hadisələr İranın siyasi sistemində böyük dəyişikliklərə səbəb olub və ölkənin gələcəyi ilə bağlı müxtəlif suallar doğurub.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli bildirib ki, İranın hazırkı vəziyyəti ölkə tarixində ən mürəkkəb və kritik mərhələlərdən biri hesab oluna bilər.
Onun sözlərinə görə, həm xarici hərbi zərbələr, həm də ölkə rəhbərliyində baş verən itkilər İranın mövcud siyasi sisteminə ciddi təsir göstərir.
Ekspert qeyd edib ki, İranın siyasi modeli uzun illərdir ali dini lider institutuna əsaslanır və bu institut dövlət idarəçiliyinin əsas mərkəzi sayılır:
“Əli Xameneinin ölümü İranın siyasi sistemində böyük boşluq yaratdı. Onun yerinə Müctəba Xameneinin seçilməsi isə faktiki olaraq hakimiyyətin ailə daxilində davam etdirilməsi kimi qiymətləndirilə bilər. Bu, İran İslam Respublikasının ideoloji modelinə formal olaraq zidd olmasa da, cəmiyyət daxilində müxtəlif reaksiyalar yarada biləcək bir hadisədir”.
Elçin Xalidbəyli hesab edir ki, hazırkı vəziyyət İran daxilində siyasi gərginliyin artması üçün zəmin yarada bilər:
“Son illərdə ölkədə sosial-iqtisadi problemlər, sanksiyaların təsiri və müxtəlif etiraz aksiyaları artıq cəmiyyət daxilində ciddi narazılıq formalaşdırıb.
İran cəmiyyəti uzun illərdir iqtisadi çətinliklər, beynəlxalq təcrid və siyasi məhdudiyyətlərlə üzləşir. Belə bir şəraitdə həm xarici hərbi zərbələrin baş verməsi, həm də ölkə rəhbərliyində köklü dəyişikliklərin yaşanması daxildə yeni siyasi prosesləri hərəkətə gətirə bilər. Bu baxımdan müəyyən etiraz dalğasının və ya daha geniş siyasi hərəkatların baş verməsi ehtimalı tamamilə istisna deyil”.
Bununla belə, Elçin Xalidbəyli qeyd edir ki, İran kimi sərt təhlükəsizlik sisteminə malik ölkədə inqilabın baş verməsi asan proses deyil:
“İranın güc strukturları – xüsusilə SEPAH və digər təhlükəsizlik qurumları dövlət sisteminin qorunmasında əsas rol oynayır.
İranın siyasi sistemi çox ciddi təhlükəsizlik mexanizmləri üzərində qurulub. SEPAH yalnız hərbi qurum deyil, həm də siyasi və iqtisadi təsir imkanlarına malik böyük bir strukturdur. Bu səbəbdən hər hansı inqilabın baş verməsi üçün yalnız cəmiyyətin narazılığı kifayət etmir, eyni zamanda güc strukturlarının mövqeyi də həlledici rol oynayır”, – deyə o vurğulayıb.
Ekspert demokratik hakimiyyətin qurulması perspektivinə də toxunaraq bildirib ki, İran daxilində belə bir transformasiya qısa müddətdə baş verə biləcək proses deyil:
“Əgər ölkədə ciddi siyasi dəyişiklik baş verərsə, əvvəlcə uzun keçid mərhələsi yaşana bilər:
Elə bir siyasi lider və ya təşkilatlanmış qüvvə hələ görünmür ki, sabah İran daxilində hakimiyyət dəyişərsə, dərhal demokratik sistem qurmaq imkanına malik olsun. İran müxalifəti müxtəlif qruplara bölünüb – həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən siyasi qüvvələr var. Lakin onların vahid siyasi platforma ətrafında birləşməsi və geniş xalq dəstəyi qazanması məsələsi hələ də açıq qalır”.
Ekspertin sözlərinə görə, İran kimi böyük və mürəkkəb siyasi sistemə malik ölkədə baş verəcək hər hansı ciddi dəyişiklik yalnız daxili siyasətə deyil, həm də bütün regionun geosiyasi vəziyyətinə təsir göstərə bilər:
“İran Yaxın Şərqdə və regionda mühüm geosiyasi oyunçudur. Bu ölkədə baş verəcək siyasi transformasiya yalnız İranın gələcəyini deyil, həm də Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada qüvvələr balansını dəyişə bilər. Buna görə də İranın gələcək siyasi taleyi region üçün strateji əhəmiyyət daşıyır”.
Tunar
NOCOMMENT.az