AZ

Moskva-Sitidə qalmaqal

Rusiyanın dövlət şirkəti RJD qalmaqallı göydələni satışa çıxarsa da, cəmi bir neçə saat sonra qərarını geri götürüb.

Musavat.com xəbər verir ki, Rusiya Dəmir Yolları (RJD) martın 6-da Moskva-Sitidə yerləşən 62 mərtəbəli “Moscow Towers” göydələnini hərraca çıxarıb.

Lakin bir neçə saat sonra şirkət satış elanını ləğv edərək təklifin artıq aktual olmadığını bildirib.

Məlumata görə, dövlət şirkəti bu binanı cəmi bir il yarım əvvəl almışdı və razılaşmaya əsasən obyektin əvvəlki sahibinə 2044-cü ilə qədər ümumilikdə 200 milyard rubla yaxın ödəniş edilməli idi. Bundan əvvəl göydələnin sahibi kimi biznesmen Qriqori Bayevski göstərilirdi. Araşdırmalara görə, Bayevski müxtəlif mənzilləri Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonovaya, həmçinin Putinin yaxın çevrəsində olduğu deyilən Alina Kabayevanın qohumlarına hədiyyə edib.

RJD-nin bu obyekt və digər daşınmaz əmlaklarını satışa çıxarmaq qərarı şirkətin ağır maliyyə vəziyyəti ilə əlaqələndirilir. Bildirilir ki, dövlət monopoliya şirkətinin borcu 4 trilyon rubla çatıb və artmaqda davam edir.

Məlumata görə, borcları azaltmaq üçün RJD Moskvada, Krasnodarda və Krasnoyarskda yerləşən bir sıra obyektləri, o cümlədən Riqa vağzalını da satışa çıxarıb. Bundan əlavə, ölkənin ən böyük yük daşıma operatorlarından biri olan FGK şirkətinin 49 faizlik payının da satılması planlaşdırılır.

Qeyd olunur ki, şirkət 200 milyard rubla yaxın “qeyri-profil aktivləri” satışa çıxarmağı planlaşdırır.

Xatırladaq ki, “Moscow Towers” layihəsinin tikintisinə 2011-ci ildə başlanıb. Sonrakı illərdə layihə bir neçə dəfə sahib dəyişib və müxtəlif araşdırmalarda onun Putinin yaxın çevrəsi ilə əlaqəli biznes strukturlarıyla bağlı olduğu iddia edilib.

Musavat.com

Seçilən
94
musavat.com

1Mənbələr