“Öz işinə laqeyd yanaşan Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyevi, onun işçilərini göndərin kəndə, bu 3 günü bizimlə bərabər susuz qalsın, onda biləcək ki, biz nə çəkirik. Asəf Quliyev 1 aydır ki, bizi su ilə imtahana çəkir”.
Bu sözləri Musavat.com-a Ağcabədi rayonunun Şərəfxanlı kəndinin sakinləri deyib.
Hazırda kənddə ciddi narazılıq yaşanır. Kənd sakinləri 1 aya yaxındır ki, içməyə su tapmırlar. Deyirlər ki, bir müddət əvvəl kəndi su ilə təmin edən artezian quyusunun kabelləri sıradan çıxıb. O gündən kənd susuz qalıb. Şərəfxanlı kəndi Ağcabədi rayon mərkəzindən 28 kilometr məsafədə, Ağdam-Ağcabədi şose yolu üzərində, Kəhrizli və Hindarx kəndlərinin qonşuluğunda yerləşir. Kəndin əhalisi 1000 nəfərə yaxındır, ərazisi isə 5,6 kvadrat kilometrdir. Şərəfxanlıda 197 ev və 235 fərdi təsərrüfat fəaliyyət göstərir. Yəni söhbət bir neçə evdən deyil, minə yaxın insanın yaşadığı yaşayış məntəqəsindən gedir. Məhz bu kənddə hazırda əsas su quyusu sıradan çıxıb. Kənd sakinləri deyir ki, quyunun elektrik kabelləri yararsız vəziyyətə düşdüyü üçün nasos işləməyib və nəticədə kənd susuz qalıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, verilən cavab onları daha da qəzəbləndirib. Onlara bildirilib ki, dövlət tərəfindən ayrılmış kabel bütün abonentlər arasında bölünərsə, Şərəfxanlıya cəmi 25 santimetr kabel düşər. Bu cavab kəndlilərin narazılığını daha da artırıb. Çünki Şərəfxanlıda əhalinin böyük hissəsi məhz həmin quyudan istifadə edir və nasos işləmədikdə kənd faktiki olaraq içməli sudan məhrum qalır. Kəndlilər deyir ki, problemi daha dramatik edən məqam isə hadisənin Ramazan ayında baş verməsidir. Sakinlər bildirirlər ki, oruc tutan insanlar səhər və axşam yeməyi hazırlamaq üçün su tapmaqda çətinlik çəkir. Şərəfxanlıda təxminən min nəfər Azərbaycan vətəndaşı bir nasos və bir kabel probleminin, məmur laqeydliyinin girovuna çevrilib.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Asəf Quliyev dedi ki, kabeli alın, biz quraşdıraq. Məcbur olub pul toplayaraq 1200 manat vəsait hesabına yeni kabel aldıq. Martın 6-da Asəf Quliyevin müavininə dedik ki, kabeli almışıq, gəlin nasosu quraşdırın, camaatı Ramazan ayında susuzluqdan qurtarın. Dedilər ki, bu gün, yəni martın 7-də gələcəklər. Bu gün də nə qədər zəng etdik, qapılarına getdik, dedilər ki, şənbə günüdür, yarım iş günü olduğundan gələ bilmərik. Bildirdilər ki, sabah da 8 Martdır - Beynəlxalq Qadınlar Günüdür, işləyə bilmərik. Biri gün də qeyri-iş günüdür, işləmək alınmayacaq. Bu kənddə də qadınlar, qızlar, uşaqlar, yaşlılar yaşayır, bu, məmurların vecinə deyil. Ümidimiz Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevayadır. Bizi bu zülmdən qurtarın”, - kənd sakinləri deyirlər.
Yazıda adı hallanan rəsmiləri dinləməyə, mövqelərini yayımlamağa hazırıq.
E.Məmmədəliyev,
Musavat.com