AZ

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

BAKI, 8 mart. TELEQRAF

Bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir.

Teleqraf xatırladır ki, qadın hərəkatının kökləri 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil işçiləri olan qadınların 12 saatlıq iş gününə etiraz aksiyasına dayanır.

Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı.

Azərbaycan Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Bu il Azərbaycan Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edərək, bildirib ki, Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərib. Azərbaycan Prezidenti təbrikində ötən illərdə sosial-mədəni təşəbbüskarlıqları ilə yüksək ictimai mövqe və nüfuz sahibi olmuş qadınlarımız təhsil, mədəniyyət, səhiyyə və elm sahələrində bu gün də uğurla çalışmaqda olduqlarına diqqət çəkib.

İlham Əliyevin rəhbərliyi altında qadınların təhsil alması, karyera qurması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri isə qadınların həm milli-mənəvi dəyərlərimizi yaşatmasına, həm də elm, mədəniyyət, səhiyyə və sosial sahələrdə yüksək uğurlar qazanmasına geniş imkanlar yaradır.

Azərbaycan qadını müxtəlif sahələrdə ölkəmizi ləyaqətlə təmsil edir. Onlar elm və təhsildə yüksək nailiyyətlər əldə edir, biznesdə uğur qazanır, siyasət və dövlət idarəçiliyində mühüm mövqelər tutur, incəsənət və idmanda ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər.

Azərbaycan qadını həm də torpaqlarımızın müdafiəsində igidlik göstərib. 44 günlük Vətən müharibəsində qadın hərbçilərimiz cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər.

Qadın sevginin, qayğının, fədakarlığın, gücün rəmzidir. Onlara yalnız bir gün deyil, hər gün dəyər verilməlidir.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edirik!

Seçilən
36
45
teleqraf.com

10Mənbələr