AZ

8 Martın bilinməyən tarixi – qadınların qanla yazılan mübarizə günü

Bu gün dünyada milyonlarla insanın qeyd etdiyi 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu tarix yalnız bayram və təbriklərlə məhdudlaşmır. Əslində 8 mart qadınların hüquqları uğrunda apardıqları çətin və uzun mübarizənin simvolu hesab olunur. Bu gün qadınların cəmiyyətdə daha azad və bərabər mövqeyə sahib olmasının arxasında dayanan tarixləri xatırlatmaq üçün xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır ki, bu bayramın yaranma tarixini və arxasında duran hadisələri bir çox insan tam bilmir.

8 martın tarixi necə başlayıb?

8 martın tarixi XIX əsrə gedib çıxır. 1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabriklərində çalışan qadın işçilər ağır əmək şəraitinə etiraz olaraq küçələrə çıxıblar. Onların əsas tələbləri 10 saatlıq iş günü, daha yaxşı və təhlükəsiz iş şəraiti və kişilərlə bərabər əməkhaqqı idi.

Həmin dövrdə qadın işçilər sutkada 16 saata qədər işləyir, lakin bunun müqabilində çox az əməkhaqqı alırdılar. Qadınların aksiyası isə faciə ilə nəticələnir. Polis nümayişi dağıtmaq üçün müdaxilə edir və işçiləri fabrikin daxilinə sıxışdırır. Bu zaman müəssisədə yanğın baş verir. Fabrikin qapılarının bağlı olması səbəbindən işçilər çölə çıxa bilmirlər və nəticədə 129 nəfər, əksəriyyəti qadın olmaqla, yanaraq həyatını itirir.

Bu faciə qadınların əmək hüquqları uğrunda mübarizəsinin ən acı və yadda qalan səhifələrindən biri kimi tarixə düşür. Həmin işçilərin dəfn mərasimində 100 mindən çox insan iştirak edir və bu hadisə bütün dünyada böyük rezonans doğurur.

8 martın rəsmi bayrama çevrilməsi

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Kopenhaqen şəhərində keçirilən II Beynəlxalq Sosialist Qadınlar Konfransında mühüm qərar qəbul edilir. Konfransda Almaniya Sosial Demokrat Partiyasının tanınmış nümayəndələrindən biri olan Klara Zetkin tekstil fabrikində həlak olmuş qadın işçilərin xatirəsinə 8 martın Dünya Qadınlar Günü kimi qeyd olunmasını təklif edir. Bu təklif konfrans iştirakçıları tərəfindən qəbul edilir.

İlk dəfə necə qeyd olunub?

Beynəlxalq Qadınlar Günü ilk dəfə 1911-ci ildə qeyd edilib. Həmin il bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə martın 19-da keçirilib. O dövrdə keçirilən yürüş və mitinqlərdə bir milyondan çox qadın və kişi iştirak edib. Onlar qadınların səsvermə hüququ, işləmək və dövlət idarəçiliyində iştirak etmək hüququ tələb edirdilər.

1917-ci ildə Rusiyada baş verən hadisələr də bu günün tarixində mühüm rol oynayıb. Həmin il qadınlar “Çörək və sülh” şüarı ilə etiraz aksiyalarına başlayırlar. Bu aksiyalar nəticəsində cəmi bir neçə gün sonra çar hakimiyyəti devrilir və Nikolay II taxtdan imtina edir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə də məhz martın 8-nə təsadüf edir və həmin tarix qadınların siyasi hüquqları uğrunda mübarizəsinin simvoluna çevrilir.

Azərbaycanda 8 mart

Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd olunmağa başlayıb. Sovet dövründə isə bu bayram rəsmi status qazanıb. 1965-ci ildən etibarən keçmiş SSRİ-də 8 mart Beynəlxalq Qadınlar Günü rəsmi istirahət günü elan edilib.
Daha sonra bu tarix beynəlxalq səviyyədə də tanınmağa başlayıb. 1975-ci ildə BMT ilk dəfə rəsmi şəkildə Beynəlxalq Qadınlar Gününü qeyd edib. 1977-ci ildə isə BMT-nin Baş Assambleyası 8 martı Qadın Hüquqları və Beynəlxalq Sülh Günü kimi rəsmiləşdirib.

Bayramın qadağan olunduğu ölkələr

Buna baxmayaraq, 8 mart bəzi ölkələrdə mübahisəli tarix hesab olunur. Xüsusilə bəzi müsəlman ölkələrində bu bayramın qeyd olunmasına məhdudiyyətlər tətbiq edilib. Bunun səbəbi kimi isə müxtəlif dini və ideoloji arqumentlər irəli sürülür. Bəzi iddialara görə, bu bayramın yəhudilərin Purim adlı bayramı ilə eyni günlərə təsadüf etdiyi və buna görə də qəbul edilmədiyi bildirilir. Lakin tarixçilər bu iddiaların elmi əsasının olmadığını vurğulayırlar.

Xalidə Gəray
Musavat.com

Seçilən
154
musavat.com

1Mənbələr