Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Boxum”la oyunun iştirakçısı olub.
Səfərdə baş tutmuş bu görüş “Kayzerslautern”in 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb.
25 turdan sonra 37 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 25 oyunda 11 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 8 oyuna çıxıb, 1 qola imza atıb.
Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
