Sovet vaxtı hərbi xidmətdən qayıdan və bizim kimi yeniyetmələrin yanında əsgərlik xatirələri danışan böyüklər ən azı bir neçə epizodda bizə yanlış məlumatlar veriblər.
Məsələn, bizim “blatnoy” kəndçilərimiz hərbi hissədə hamını qapazaltı (“çurban”) etdiklərindən danışarkən şişirtməyə yol verirmişlər. Heç demə, ən azı, özbək qardaşlar onların dediyi qədər fağır, üzüyola deyillər, hətta xeyli fərasətlidirlər.
Bu gün qardaş özbəklərin səsi haralardan gəlir, bilirsiniz? ABŞ-dən, Cənubi Koreyadan, Kanadadan, Meksikadan, Almaniyadan.
Rusiyanı bilirsiniz, Kalininqraddan Kuril adalarına qədər Rusiyanın bütün şəhər və qəsəbələrində milyonlarla Özbəkistan vətəndaşı yaşayır. Ruslar onlar ha deportasiya edirlər, qurtarmır.
Tramp özbək miqrantları geri göndərmək üçün xüsusi təyyarə reysləri açdırıb, eyzən daşıyırlar. Almaniya Əmir Teymurun nəvələrini həm qəbul edir, yerləşdirir, həm də ölkədən çıxarır.
O gün bir özbək miqrantın sorağı İsraildən gəlib. İran raketlərinə görə ölkədə həyəcan siqnalı veriləndə və hamı qaçıb sığınacaqlara doluşanda əkə (bu, onlarda aka – ağa deməkdir) qaçmayıb, video çəkib və özbək türkcəsində danışa-danışa baş verənləri şərh edib, deyib ki, görürsünüz, siçovullar qaçışıblar.
Adamı tapıblar, danaboyun edib içəri aparıblar. Hələ bunu qoyum, ona keçim: guya ki, gənc miqrantı bir həmyerlisi tanıyıb, orqanlara xəbər verib. Amma and içərəm ki, elə olmayıb, əməliyyatçılar başqa bir özbəyi yaxalayıblar, bir az sıxma-boğmaya aldıqdan sonra o, videoçəkən soydaşının yerini deyib. Yoxsa qərib yerdə özbək özbəyi durduq yerdə satmazdı.
Xüləs, amma qardaş yerli xalqa hörmətsizlik etməyini danıb, savadlı adamların sözü olmasın, U dönüşü edərək, deyib ki, “siçovullar qaçışıb” deyərkən, yerli əhalini yox, öz dostlarını nəzərdə tutub. Guya ki, sirena səsi gələndə onun dostları qaçıb aradan çıxıblar, amma bu, igid çıxıb, qorxmayıb, video çəkib və onlara göndərmə edib.
Yaxşı arqumentdir, kara gələ bilər. Amma yəhudilər də o qədər sadəlövh deyillər ki, xirtdəyi ələ keçən adamın əvvəl dediklərini danmasına inansınlar.
Söz yox, İranın təəssübünü çəkən özbəyi edam etməyiblər, buraxıblar gedib, amma, ola bilər, sonra “D dönüşü” (deportasiya) etdirəcəklər.
Video çəkən oğlan bilməli idi ki, belə şeyin üstündə adamın şalvarını çıxararlar. Zarafat eləmirəm. O vaxt “Mavi Marmara” haqq-hesabı baş verəndə Türkiyə ilə İsrailin arası necə dəydisə, aeroportlarda bir-birinin vətəndaşlarının şalvarlarını çıxarırdılar – təhlükəsizlik məqsədilə. Dövlətlər qırışırdı, ara yerdə sadə vətəndaşın ütülü şalvarı da künc-bucaqda qırışırdı.
Allah bilir, neçə yəhudi və ya türk qonaq gəldiyi ölkədə keçirdiyi möhtəşəm günlər barədə xoş təəssüratlarını vətəndə dost-tanışlarına danışmaq, məqalə yazmaq fikri ilə aeroporta gəlib evinə uçmaq istərkən, qəfildən görəvlilər tərəfindən belə bir əmrə məruz qalmışdı: “Kəmər kifayət deyil, şalvarı da çıxaracaqsan”.
2012-ci ildə Norveçdən paytaxtmıza, Allah qoymasa, “Eurovision”u işıqlandırmağa gəlmiş İran əsilli bir jurnalistin başına gələnləri də yada salım. O qanacaqsız məxluq video çəkərək xalqımıza qarşı hörmətsizlik etmiş, axırda bayrağımıza şıllaq atmışdı. Adam ölkəsinə qayıdanbaş aeroportda tanınmazmı? Deyilənə görə, təhlükəsizlik məqsədi ilə onun da kəmərini açıb, şalvarını əynindən çıxarıblar ki, görsünlər bu gədəni dingildədən nədir.
Hə, bu, insan haqları məsələsinə bir az düz gəlmirdi, amma bayrağa şıllaq atmağın cəzası daha ağır ola bilərdi. Kimsə başqa dövlətin bayrağına hörmət etməyə bilər, amma hörmətsizlik edə bilməz.
Ötən yay Şəhidlər Xiyabanında artıq-əskik hərəkət edən turistlər yadınızdadırmı? Cəzaları azaldılıb, yaxın vaxtlarda azadlığa buraxılacaqlar, amma ölkələrinə qayıdandan sonra “Bakıda elə lotuluq elədik, belə əyləndik” deyə bilməyəcəklər.
Gərək özbək qardaş da sığındığı İsrailə, onun camaatına qarşı hörmətsizlik etməyəydi. İran təəssübü çəkən çıxmısan, yetim? Bir dön tarixə bax, gör sənin babaların İranı neçə yüz il əsarətdə saxlayıblar.
Bir o, videoçəkən özbək deyil. İrandakı zülmdən qaçıb Avropaya sığınmış minlərlə iranlı da içində yaşadıqları xalqın, dövlətin qədrini bilməkdənsə, oturub-durub deyirlər, ağa, bu gavurların içində məhv olduq, imanımız yandı.
Bir dəfə bir eloğlu elə deyənin birinə deyib ki, qardaş, burda belə əzab çəkirsinizsə, qayıdın ölkənizə. Adam köks ötürərək deyib ki, qayıtsaq, asarlar axı.
Onda adama deyərlər, dilinizi qoyun qarnınıza, çörək tapdığınız, sağ-salamat yaşadığınız ölkənin təəssübünü çəkin.