AZ

Dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır

Hər bir millətin ruhu, qan yaddaşı, xarakteri, mədəniyyəti, mənəvi dəyərləri, bir sözlə, hər şeyi ilk növbədə ana laylası, ana tərbiyəsi ilə formalaşır. Bu baxımdan Azərbaycan qadını tarixən müstəsna üstünlüklərə, özəlliklərə sahibdir. Bizim qadınlar təkcə mərhəmətin, şəfqətin, qayğıkeşliyin, fədakarlığın, sədaqətin və ləyaqətin simvolu kimi deyil, həm də torpağı Vətənə çevirən igid, qəhrəman oğulların həyat mənbəyi kimi fərqlənib, ad qazanıb. Ona görə də biz öz ölkəmizi, yurdumuzu “Ana Vətən” adlandıran yeganə xalqıq.

Azərbaycan qadınları tarixin mürəkkəb, həlledici məqamlarında milli varlığımızın, dilimizin, dəyərlərimizin qorunub saxlanılmasında həmişə xüsusi fədakarlıq nümayiş etdiriblər. Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz xidməti vardır.

Azərbaycanlı anaların cəsur, mərd, mübariz, vətənpərvər ruhda böyütdüyü övladlar 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatında gerçək qəhrəmanlıq nümayiş etdirdilər, öz adlarını qızıl hərflərlə tarixə yazdırdılar. Biz bu gün onların sayəsində qalib xalq kimi qürurla yaşayır, işğaldan azad olunmuş torpaqlarımızın bərpasını həyata keçirir, Böyük Qayıdışımızı uğurla davam etdirirk. Bu gün Qarabağımızın, Şərqi Zəngəzurumuzun hər guşəsində üçrəngli Azərbaycan bayrağımız Zəfər, Bütövlük və Suverenlik rəmzi kimi qürurla dalğalanır. Bu cür cəsur oğulları böyüdüb ərsəyə gətirən qeyrətli analarımıza təşəkkür edirik, Şəhid və qazi analarının əllərindən öpürük, əsgər analarına dərin ehtiramımızı bildiririk. Bütün Azərbaycan analarımızı, bacılarımızı və qızlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Bayramınız mübarək olsun!

Əlisahib Hüseynov –
Azərbaycan Həmrəylik Komitəsinin sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı

Seçilən
81
ictimairey.az

1Mənbələr