AZ

Kamanın mehri və Mehrinin kamanı

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Kənan HACI 

Musiqi alətləri içərisində kamançanın əlahiddə yeri var. İnsan qəlbinin simlərinə toxunmaq qüdrəti kamançanı digər alətlərdən fərqləndirir, o həm də insan səsinə ən çox yaxın olanıdır. Amma kamançanın bətnində uyuyan səsi vücuda gətirmək də bir hünərdir. Qrammatikada sifətin ismə uyğun gəldiyi kimi kaman da daim insan barmaqlarına doğru can atır; barmaqlar simlərə toxunanda sanki ruh bədənə daxil olur, kaman canlanır, səxavətini əsirgəmir, möcüzələr göstərməkdə davam edir. Yetər ki, onu can qulağıyla dinləyəsən. Sözsüz, sənət adamları seçilmişlərdir, başqasına sirr olan onlara aşkar görünür, çünki onların İlahi ilə bir irtibatı var. 

Mehri Əsədullayeva kamana ruh bəxş etməyi bacaran nadir istedad sahiblərindəndir. Hər dəfə onun ifasını dinləyəndə xəyal məni Buzovnanın qumlu sahillərinə aparıb çıxarır, dalğaların ritmini Abşeron mühitinin rənglərini görürəm o xallarda. Qəribə assosiasiyalardır. Bəlkə də bu, mənim də, onun da Bakı mühitində yetişməyimizlə bağlıdır. Çox güman ki, belədir. Mehri xanımın ifasında Şərqlə Qərbin təmasları çox rahatlıqla çulğaşır, keçidlər o qədər ahəngdarlıqla, harmonik şəkildə tətbiq olunur ki, qulağa yad gəlmir, əksinə, qəlbə rahatlıq, ruha dinclik gətirir.

Kamanın arxaikası, semantikası və mədəniyyət şəbəkəsində “kaman” anlayışı ilə bağlı paradiqmalar geniş və müfəssəl şərh tələb edən mövzulardır. Bu barədə mənim fərqli düşüncələrim var, yəqin ki, nə vaxtsa bu barədə də yazacağam. İndi isə yol alıram bu günlərdə baş vermiş xoş bir sənət hadisəsinin fəlsəfi-estetik mətləbinə...

Mehri Əsədullayeva musiqiçi ailəsində dünyaya gəlib. Atası Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev muğamlarımızı nota köçürən nadir kaman ifaçısıdır. Onun bu xidməti musiqi mədəniyyətimiz üçün əvəzsiz bir töhfədir. Anası Azərbaycanda ilk qadın solist kamança ifaçısı olmuş Xalq artisti Şəfiqə xanım Eyvazova ifaçılıq sənətimizin zirvələrindəndir. Belə bir ailədə dünyaya göz açmaq onun gələcək taleyini müəyyənləşdirməkdə idi. Mehri də valideynləri kimi sənət yolunu seçdi və böyük uğurlar qazandı. Ölkəmizdən kənarda da Azərbaycan musiqisini ləyaqətlə təmsil etməklə yanaşı sənətə yeniliklər gətirməyə can atdı və buna nail oldu.

Beynəlxalq Muğam Mərkəzində Mehrinin növbəti konserti keçirilirdi və zal ağzına qədər dolu idi. Bu insanlar onun heyranları, pərəstişkarları idi və düşünürəm ki, tamaşaçı sevgisini qazanmaq hər bir sənətkar üçün böyük xoşbəxtlikdir. Mehri bu sevgini çoxdan qazanıb. Dünya xalqlarının nəğmələrini, eləcə də Azərbaycan bəstəkarlarının mahnılarını fonoqramsız, canlı oxudu və alqışlar, səhnəyə yağan gül-çiçək yağışı tamaşaçıların sevgisinin, rəğbətinin ifadəsi idi.

Konsert proqramında bəndənizin də bir şeiri səsləndi və düşünürəm ki, kamanın səsinə sözlə qoşulmaq səslə sözün vəhdətinə bir işarədir. Fürsətdən istifadə edib şeirimi proqrama daxil etdikləri üçün konsertin təşkilatçılarına təşəkkürümü bildirirəm. Mən bu tədbirdən ruhuma dinclik gətirən xoş əhvalla ayrıldım, Mehrinin ifaları duyğularıma yelkən açmışdı və mən həm də onu düşünürdüm ki, bu qəbil sənət gecələri təkcə videolentə köçürülməli deyil, həm də yazıya çevrilməlidir. Gələcək illərdə yaşayacaq insanlarımız üçün bu günlər əlbəttə, tarixi günlərdir. Bu gecələr tarixin tərkib hissəsidir, mədəniyyətimizin bir parçasıdır.

Mehri Əsədullayevanın konserti sözün əsl mənasında bir sənət bayramı idi. Bu kiçik yazı ilə dəyərli sənətkarımızı təbrik edir, gələcək illərdə böyük səhnələri fəth etməsini arzulayıram.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
100
reyting.az

1Mənbələr