AZ

İstanbul toplantısı və qəbul edilən „Birgə Bəyanat“ TDT daxilində güclü diplomatik həmrəyliyin ifadəsidir

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurası operativ şəkildə 7 mart 2026-cı ildə İstanbulda toplanması çox müsbət hadisədir. TDT-nin Yaxın Şərqdəki son inkişaflarla bağlı qəbul etdiyi Birgə Bəyanat təşkilatın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi. Sənəd göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız iqtisadi və humanitar əməkdaşlıq platforması kimi deyil, eyni zamanda regional təhlükəsizlik və siyasi məsələlər üzrə koordinasiyalı mövqe nümayiş etdirmək iqtidarında olan mühüm aktora çevrilməkdədir. İstanbulda keçirilən toplantı təşkilatın Yaxın Şərqdə baş verən hadisələrə operativ reaksiya vermək və üzv dövlətlərin ortaq maraqlarını müdafiə etmək iradəsini ortaya qoydu.Birgə Bəyanatda vurğulanır ki, TDT regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə hazırdır. Üzv dövlətlər mövcud vəziyyəti diqqətdə saxlamaq və qarşılıqlı koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Bu yanaşma təşkilatın regional və beynəlxalq diplomatiyada rolunun getdikcə gücləndiyini və türk dövlətləri arasında siyasi həmrəyliyin daha da möhkəmləndiyini göstərir.Sənəddə xüsusi olaraq qeyd olunur ki, TDT üzv dövlətlərindən birinin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdid bütün təşkilat üçün narahatlıq doğurur. Bu prinsip təşkilat daxilində siyasi həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm göstəricisi kimi təsbit olunub. Bu həm ikitərəfli, həm də çoxtərəfli formatda türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bəyanatda xüsusilə „Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyünə güclü dəstək“ və Azərbaycan və Türkiyənin „xalqları və hökumətləri ilə tam həmrəylik“ ifadə olunması çox təqdirə layiqdir.Birgə bəyanatda İran ərazisindən Türkiyə Respublikasına və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumlar qətiyyətlə pislənmişdir. Nazirlər bu kimi hərəkətlərin regional sabitliyi təhlükə altına qoyduğunu və gərginliyin daha da artmasına səbəb ola biləcəyini narahatlıqla qeyd etmişlər. Bu mövqe Türk Dövlətləri Təşkilatının regional təhlükəsizlik məsələlərində prinsipial yanaşmasını əks etdirir.Ümumilikdə, İstanbul bəyanatı Türk Dövlətləri Təşkilatının regional və qlobal proseslərdə daha fəal rol oynamaq niyyətini, üzv dövlətlərin təhlükəsizlik və sabitlik məsələlərində vahid mövqedən çıxış etmək iradəsini nümayiş etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Belə ki, nazirlər məsələni diqqətdə saxlamağa, bu və ortaq narahatlıq doğuran digər əlaqədar məsələlər üzrə TDT çərçivəsində sıx koordinasiyanı davam etdirməyə razılaşdılar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
81
1
newscenter.az

2Mənbələr