Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanın dövlətçilik və mədəniyyət tarixi, qadın amilinin cəmiyyətdə sadəcə klassik mənada “köməkçi” deyil, həlledici və fundament qoyucu rolunu nümayiş etdirən parlaq nümunələrlə zəngindir. Qadın azadlığı və fəaliyyəti mövzusuna siyasi-fəlsəfi rakursdan baxdıqda, Azərbaycan qadını obrazının güc, diplomatiya və mənəviyyatın vəhdəti olduğunu görmək mümkündür.
Siyasi fəlsəfədə dövlətin gücü çox vaxt hərbi qüdrət və iqtisadi resurslarla ölçülür. Lakin Azərbaycanın tarix fəlsəfəsi bizə fərqli bir həqiqəti pıçıldayır: dövlətin əsl dayanıqlığı onun qadınlarının strateji ağlı və sarsılmaz iradəsindədir. Azərbaycan qadını heç bir zaman tarixin küncünə sıxışdırılmış “səssiz şahid” olmayıb; o, həm taxtda, həm döyüş meydanında, həm də diplomatiya masasında zaman-zaman hadisələrin axarını dəyişən subyektə çevrilib.
Azərbaycan qadınının siyasi varlığı antik dövrlərdən – Tomris anadan başlayır. Onun Kirə qarşı mübarizəsi sadəcə bir hərbi qələbə deyil, həm də şəxsi azadlığın və milli ləyaqətin dövlət maraqlarından üstün tutulmasının fəlsəfəsidir. Nizami Gəncəvinin qələmə aldığı Nüşabə obrazı isə, zəka və məntiqə söykənən qadın hakimiyyətinin estetik və intellektual gücünü nümayiş etdirir. XII əsrdə belə bir qadın obrazı yalnız böyük şairin xəyal gücünün formalaşdırdığı sima deyil, real Azərbaycan qadının poetik təsviridir.
XV əsr Avropa və Şərq diplomatiyasına nəzər saldıqda, Ağqoyunlu dövlətinin sütunu olan Sara Xatun fenomeni ilə qarşılaşırıq. Onun fəaliyyəti sübut edir ki, siyasi iradə gender baryerlərini aşan bir zəkadır. O, Osmanlı Sultanı II Mehmet kimi qüdrətli bir hökmdarla bərabərhüquqlu danışıqlar aparan, müharibələrin qarşısını alan ilk Şərq qadın diplomatı idi. Sara Xatunun şəxsində biz qadın zəkasının dövlətin beynəlxalq nüfuzunu necə qoruduğunun şahidi oluruq. Eyni sözləri Səfəvilər dövlətinin qurucusu, böyük şair Şah İsmayıl Xətainin anası Aləmşah bəyim (Məhd-I Ülya) haqqında da söyləmək lazımdır. Səfəvilər dövlətinin ideoloji və siyasi bünövrəsinin qoyulmasında mühüm rol oynayan Aləmşah bəyim Ağqoyunlu şahzadəsi olaraq iki böyük sülalə arasında körpü rolu oynamışdır.
XIX əsr Azərbaycan qadını üçün yeni bir fəlsəfi dövrün – maarifçiliyin başlanğıcıdır. Qafqazın “inci”si sayılan Xurşidbanu Natəvan təkcə şairə deyil, həm də böyük bir xeyriyyəçi və ictimai xadim idi. Şuşaya su kəməri çəkdirməsi, ədəbi məclislər qurması onun şəxsiyyətindəki “yaradıcı qadın” obrazını “qurucu vətəndaş” obrazı ilə birləşdirir. Natəvanın fəaliyyəti, qadının cəmiyyəti mənəvi və infrastruktur baxımından necə yenidən inşa edə biləcəyinin fəlsəfəsidir.
Azərbaycanın ilk ali təhsilli qadınlarından biri olan Hənifə xanım Məlikova-Zərdabi Həsən bəy Zərdabinin sadəcə həyat yoldaşı deyil, onun ən böyük ideoloji tərəfdaşı idi. O, müsəlman qadınlarının təhsili üçün ilk gizli məktəbləri açmış, “Əkinçi” qəzetinin nəşrində texniki və redaktə işlərini öhdəsinə götürərək məsuliyyətlə icra etmişdi. Onun fəaliyyəti qadının ictimai sahədə iştirakçılıq fəlsəfəsinin ilk praktiki nümunəsi kimi dəyərlidir. Təsis etdiyi (1911) “İşıq” qəzetində Hənifə xanımla birlikdə çalışmış Xədicə xanım Əlibəyovanın fəaliyyəti Azərbaycanın siyasi-fəlsəfi tarixində “Qadın intellektualizminin institusionallaşması” kimi qiymətləndirilə bilər. O, təkcə bir jurnalist deyil, həm də Şərq qadınının ictimai rəy formalaşdıra biləcək bir güc olduğunu sübut edən ilk media rəhbərlərindən biridir. Belə ki, “İşıq” qəzeti Azərbaycan tarixində sırf qadınlar üçün nəzərdə tutulmuş və qadın tərəfindən idarə olunan ilk mətbuat orqanı kimi qadın məsələsini məişət səviyyəsindən çıxarıb milli tərəqqi səviyyəsinə qaldırmışdı.
Əlbəttə, bu mərhələdə Azərbaycan qadınlarının kifayət qədər diqqətəlayiq ictimai fəallığı olub, sadəcə sovet dövrünün ilk illərində qadın azadlığı mövzusu daha çox bolşevik ideologiyası ilə əlaqələndirildiyi üçün, həmin milli-burjua və maarifçi köklərə sahib olan qadınlarımızın rolu uzun müddət kölgədə saxlanılıb.
Bu baxımdan Azərbaycan qadınının ləyaqət fəlsəfəsini tamamlayan ən parlaq simalardan biri də Cəlil Məmmədquluzadənin ən yaxın məsləkdaşı olan Həmidə xanım Cavanşirdir. O, Azərbaycanın ilk qadın sahibkarlarından biri kimi iqtisadi müstəqilliyin milli azadlıqla vəhdətini nümayiş etdirmiş, öz vəsaiti hesabına məktəb və xəstəxana açmaqla, qadın xeyriyyəçiliyini “milli dirçəliş hərəkatı” səviyyəsinə qaldırmışdı. Onun fəaliyyəti sübut edir ki, Azərbaycan qadını üçün xidmət fərdi deyil, kollektiv tərəqqinin əsas hərəkətverici qüvvəsidir.
Azərbaycan qadınının iqtisadi qüdrətini bəşəri dəyərlərlə birləşdirən Nabat xanım Aşurbəyova xeyriyyəçiliyi fərdi bir rəhm hissindən çıxarıb, şəhərsalma və mənəvi dirçəliş hərəkatına çevirdi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakının neft bumu dövründə bir neçə neft mədəninə və geniş mülklərə sahib olan nadir qadınlardan olan nabat xanımın Bakıda ucaltdığı Təzəpir məscidi (1905-1914-cü illərdə inşa olunub) bir qadın iradəsinin daşa və mənaya həkk olunmuş təzahürüdür. Nabat xanım sübut etdi ki, böyük sərvət ancaq xalqın rifahına və mənəviyyatına xidmət etdikdə ölməzlik qazanır. O, Bakı neft sənayesinin inkişaf etdiyi bir dövrdə böyük sərvətini fərdi lüksə deyil, şəhər infrastrukturuna (su kəmərləri, xəstəxanalar, hamamlar) yatıran bir filantrop (insanpərvər) idi. Bu, Azərbaycan qadınının iqtisadi gücünü cəmiyyətin rifahına yönəltməsinin ən bariz nümunəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü XIX əsrin II yarısı-XX əsrin əvvəllərinin qadın hərəkatının zirvə nöqtəsidir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi “İstiqlal Bəyannaməsi” və sonrakı qanunvericiliklə Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ verildi. Xatırladaq ki, Xalq Cümhuriyyəti bu addımı ilə ABŞ (1920), Britaniya (1928), Fransa (1944) və İtaliya (1945) kimi ölkələri qabaqladı. Bu, Şərqdə və İslam dünyasında bir ilk idi. Cümhuriyyət dövründə qadınlara seçki hüququ verməsi təsadüfi olmayıb, əsrlər boyu formalaşmış “Azərbaycan qadını” paradiqmasının hüquqi təsbiti idi.
Doğrudur, sonralar seçki əsasında yox, Milli Şuranın Cümhuriyyətin etnik-siyasi palitrasına müvafiq şəkildə müəyyən etdiyi kvotaya əsasında formalaşan parlamentdə qadın deputatlar olmasa da, Xalq Cümhuriyyətinin siyasi arxitekturasında Şəfiqə Əfəndizadə adı qadın zəkasının dövlət intizamı ilə vəhdətini təmsil edir. Parlamentin dəftərxana müdiri kimi dövlət idarəçiliyinin mərkəzində dayanan bu ötkəm publisist, Azərbaycan qadınının sadəcə hüquq istəyən deyil, həm də hüquq yaradan və dövlət quran bir güc olduğunu sübut etdi. Şəfiqə Əfəndizadənin dövrün “Açıq söz”, “Azərbaycan”, “İqbal” kimi mətbuat orqanlarında mütəmadi dərc olunan yazılarında qadın azadlığını romantik istəkdən çox, milli istiqlalın tərkib hissəsi kimi təqdim edirdi. O, 1917-ci ildə Moskvada keçirilən Rusiya Müsəlmanları Qurultayında iştirak edən azsaylı qadınlardan biri idi.
Sovet hakimiyyəti dövrü bütövlükdə ölkəmiz, eləcə də Azərbaycan qadını üçün də ziddiyyətli, lakin mühüm bir transformasiya dövrü idi. Bir tərəfdən ideoloji çərçivələr mövcud olsa da, digər tərəfdən qadınların elm, siyasət, aviasiya və incəsənət kimi “qeyri-ənənəvi” sahələrdə kütləvi şəkildə özlərini təsdiq etməsi baş verdi. Azərbaycanın ilk dövlət xadimlərindən olan Ayna Sultanova müxtəlif illərdə Xalq Maarif Komissarı və Ədliyyə Komissarı (naziri) vəzifələrində çalışmış, “Şərq qadını” jurnalının redaktoru kimi qadın azadlığı hərəkatında fəallıq etmişdir. Azərbaycanın ilk qadın Xarici İşlər Naziri (1959-1983), BMT-nin sessiyalarında Azərbaycanı təmsil edən ilk diplomat qadınlarımızdan olan Tahira Tahirova neft sənayesi üzrə mütəxəssis idi. Həkim-pediatr Lütfiyyə Əsgərzadə (Lütfi Zadənin anası) dövrünün intellektual mühitində fəal iştirak etmiş, savadsızlığın ləğvi və uşaq sağlamlığı sahəsində ictimai fəaliyyət göstərmişdir. Azərbaycanın ilk qadın kimyaçı alimi, akademik İzzət Oruczadə eyni zamanda, səssiz kinomuzun ilk qadın aktrisası (“Sevil” və “Almaz” filmləri) kimi qadın obrazının cəmiyyətdə dəyişməsində rəmzi rol oynamışdır.
Şərqin ilk qadın təyyarəçisi kimi 1931-ci ildə ilk uçuşunu həyata keçirən və II Dünya müharibəsi illərində yüzlərlə desant və təyyarəçi yetişdirən Leyla Məmmədbəyova Azərbaycan qadınının göylərə ucalan qorxmaz iradəsinin simvoludur. İlk hərbi təyyarəçi qadınlarımızdan Züleyxa Seyidməmmədova müharibə dövründə qırıcı təyyarəçi kimi fərqlənmiş, sonralar isə Azərbaycan SSR-in İctimai Təminat Naziri vəzifəsində çalışmışdı.
Milli musiqinin qorunması və təbliği işində mühüm xidmətləri olan Şövkət Ələkbərova və Sara Qədimova, şeirləri ilə qadın mənəviyyatını, vətən sevgisini və ictimai fəallığı tərənnüm edən xalq şairləri Mirvarid Dilbazi və Nigar Rəfibəyli, tariximizin ən qaranlıq və unudulmuş səhifələrini bədii boyalarla canlandıraraq, millətin öz köklərini tanımasında böyük rol oynayan yazıçı, tarixi roman janrının qadın zirvəsi Əzizə Cəfərzadə, Şərqdə ilk opera yazan qadın bəstəkar kimi adını tarixə yazdıran Şəfiqə Axundova sovet hakimiyyəti illərində öz yaradıcılıqları ilə ictimai rəyə mühüm təsir göstərirdilər.
1920-1991-ci illər Azərbaycan qadını üçün “evdən cəmiyyətə” böyük bir çıxış dövrü idi. Bu dövrün qadınları öz fədakarlıqları ilə sübut etdilər ki, Azərbaycan qadını ən mürəkkəb siyasi sistemlər daxilində belə öz milli kimliyini və yaradıcı gücünü qorumağa qadirdir. Onlar “sovet qadını” obrazını “Azərbaycan ziyalısı” obrazı ilə milli çalarlarla zənginləşdirərək müstəqilliyə gedən yolun intellektual bünövrəsinin qoyulmasında mühüm xidmət göstərdilər.
Bu baxımdan, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycanın həm tibb, həm də ictimai fikir tarixindəki yeri, qadın dühasının “şəfqət, elm və fədakarlığın vəhdəti” kimi xarakterizə olunmalıdır. O, təkcə görkəmli bir alim deyil, həm də dövlət idarəçiliyinin ən yüksək zirvəsində dayanan bir ailənin mənəvi sütunu, nəciblik simvolu idi. Zərifə xanım oftalmologiya sahəsində dünya miqyaslı uğurlara imza atmış bir alimdir. Onun fəaliyyətinin mərkəzində insana xidmət fəlsəfəsi dayanırdı. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını tədqiq etmişdir. Xüsusilə kimya və neft sənayesində çalışan insanların görmə qabiliyyətinin qorunması sahəsində apardığı fundamental işlər onu dünya tibb elminin zirvəsinə daşımışdır. Oftalmologiyanın ən nüfuzlu mükafatlarından olan M.İ.Averbax adına mükafatı alan (1981) ilk qadın alim olması, Azərbaycan qadınının elmi iradəsinin beynəlxalq təsdiqi idi. Zərifə xanım üçün həkimlik sadəcə peşə deyil, bir mənəvi missiya idi. Onun “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” əsəri tibb işçilərinin etik davranış qaydaları və cəmiyyətdəki rolu haqqında bir növ fəlsəfi traktatdır. Zərifə xanım Əliyeva elmlə mənəviyyatı elə bir nöqtədə birləşdirmişdi ki, onun şəxsiyyəti xəstələr üçün həm də mənəvi şəfa mənbəyi idi.
Ümummilli Lider Heydər Əliyev kimi dünya miqyaslı bir siyasətçinin xanımı olmaq həm böyük şərəf, həm də böyük məsuliyyət idi. Zərifə xanım bu rolu böyük bir nəcabətlə daşıyırdı. O, Heydər Əliyevin ən çətin və mürəkkəb siyasi mübarizələrində ən etibarlı dayağı, mənəvi arxası olmuşdur. Bu, Azərbaycan ailə modelinin – qarşılıqlı hörmət, intellektual bərabərlik və milli dəyərlərə sadiqlik prinsiplərinin ən ali nümunəsidir. Bir sözlə, XX əsr Azərbaycan qadınının intellektual və mənəvi ucalığının ən parlaq təcəssümü akademik Zərifə xanım Əliyevadır. O, öz dövrünün Azərbaycan ictimai fikrində “elm, ləyaqət və dövlətçilik” trideminin vəhdətini təmsil edir. O, Azərbaycan qadınının həm müasir elm dünyasında söz sahibi olduğunu, həm də milli ailə dəyərlərini necə uca tutduğunu göstərən ən kamil nümunədir.
Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olan professor Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunurdu ki, bu da bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaratmışdı. Yaxın tariximizdə ərəb filologiyası və Şərq-Qərb ədəbi əlaqələri sahəsində fundamental işlər görmüş bu xanımın fəaliyyəti elmi-fəlsəfi müstəvidə çox önəmlidir. Aida xanım Şərq qadınının intellektual imkanlarını dünya elmi mühitinə təqdim edərək, “Şərq passivdir, Qərb aktivdir” stereotipini elmi şəkildə dağıtmışdır.
Tarixən qırılmaz zəncir məntiqi ardıcıllığı ilə ötürülmüş Azərbaycan qadını obrazının XXI əsr üçün ən yüksək zirvəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın fəaliyyəti əsrlər boyu formalaşmış klassik Azərbaycan qadını irsi ilə modern idarəçilik prinsiplərinin ən mükəmməl sintezidir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında “humanitar diplomatiya” modelini yaradıb. Heydər Əliyev Fondunun rəhbəri kimi o, Azərbaycanın mədəni irsini (muğam, xalçaçılıq, kəlağayı və s.) YUNESKO səviyyəsində tanıtmaqla millətin “mənəvi pasportunu” dünyaya təqdim etdi. O, sübut etdi ki, dövlətin gücü həm də onun mədəniyyəti, tolerantlığı və bəşəri dəyərlərə verdiyi töhfə ilə ölçülür. Vatikan katakombalarının bərpasından Fransadakı tarixi abidələrin qorunmasına qədər atılan addımlar Azərbaycanı dünya mədəniyyətinin ayrılmaz hissəsi kimi möhkəmləndirdi.
Mehriban xanımın fəaliyyətinin ana xəttini insan amili təşkil edir. Onun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” kimi layihələr Nabat xanım Aşurbəyova, Həmidə xanım Cavanşirin, Zərifə xanım Əliyevanın xeyriyyəçilik ənənələrinin müasir və institusional davamıdır. Onun əsasında “Mənim amalım xalqa xidmət etməkdir” prinsipinin durduğu fəlsəfəsində xeyriyyəçilik sadəcə yardım deyil, cəmiyyətin sosial rifahının bərpası və hər bir vətəndaşın qayğı ilə əhatə olunmasıdır. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr xalqın keçmişi ilə gələcəyi arasında qurulmuş mənəvi körpüdür. O, təkcə dövlət xadimi deyil, milli mədəniyyətin hamisi və humanizm simvolu kimi həm də Azərbaycan ruhunun, mədəniyyətinin və milli qürurunun dünyadakı ən parlaq elçisidir.
Mehriban xanım Əliyevanın 2017-ci ildən Birinci vitse-prezident vəzifəsində çalışması Azərbaycan dövlətçilik tarixində yeni bir mərhələdir. Bu, qadın zəkasının dövlətin ən strateji qərarlarında (sosial islahatlar, iqtisadi inkişaf, şəhid ailələrinə qayğı) həlledici rol oynamasının hüquqi təsbitidir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı və mənəvi dayağı olaraq, dövlət idarəçiliyinə qadın zərifliyi və eyni zamanda prinsipiallığını qatmışdır. Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı bərpa prosesində (Şuşanın dirçəldilməsi, “Xarıbülbül” festivalları) onun rolu milli birliyin simvoluna çevrilmişdir.
Müasir Azərbaycanın ictimai-siyasi mənzərəsində Mehriban xanım Əliyeva obrazı ləyaqət, zəka və xeyirxahlığın ali vəhdətidir. O, Azərbaycan qadınının əsrlərlə formalaşmış mənəvi ucalığını müasir dövlətçilik təfəkkürü ilə birləşdirərək, dünyaya yeni qadın liderliyi modeli təqdim edir.
Beləliklə, Azərbaycan tarixinin, dövlətçilik irsinin və mədəni xəzinəsinin hər bir mərhələsində qadınlarımızın xüsusi yeri, rolu və töhfələri olmuşdur. Bu baxımdan Azərbaycan qadınının milli-mənəvi və ictimai-siyasi rolu 2020-ci ilin Vətən müharibəsində də qabarıq şəkildə özünü göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsində misilsiz şücaət göstərən oğullarımızın vətənpərvər ruhda tərbiyə olunması bilavasitə Azərbaycan analarının fədakar əməyi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əməyi yüksək qiymətləndirərək deyir: “Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur”.
Azərbaycan qadını təkcə ailənin deyil, həm də cəmiyyətin möhkəm dayağıdır və bu dayağın gücü sayəsində ölkəmiz gələcəyə daha inamla addımlayır. Azərbaycanda qadın hərəkatının tarixi sübut edir ki, bizim cəmiyyətdə qadın azadlığı kənardan gətirilmiş bir model deyil, milli intibahın daxili tələbatı olmuşdur. Bu gün Azərbaycan qadını həm ailə dəyərlərinin qoruyucusu, həm də müasir dövlətin qurucularından biridir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.