AZ

Qərb kəşfiyyatı Türkiyəyə yenə savaş açıb: Yaxın Şərqdə müəmmalı "lider ovu" başladıldı

Kəskin ziddiyyətlərin yaradılmasına hesablanmış kəşfiyyat məlumatlarının sürətlə yayılması Yaxın Şərqdə geopolitik qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir... Bu baxımdan, Suriya lideri Əhməd əş-Şaraanın həyatına sui-qəsd törədilməsinə yönəlik gizli planların ola biləcəyi də qətiyyən istisna deyil...

Son vaxtlar Yaxın Şərqdə geopolitik qarşıdurmaların kəskinləşdiyi bir dövrdə informasiya müharibəsi də buna paralel şəkildə dərinləşir. Belə ki, son günlər Qərb mətbuatında Türkiyənin Suriya lideri Əhməd əs-Şaraanın təhlükəsizliyi üçün Böyük Britaniya kəşfiyyatından yardım istədiyi barədə məlumatlar yayılıb. Ancaq iddia xarakteri daşıyan bu məlumatlar rəsmi Ankara tərəfindən dərhal və qəti şəkildə təkzib edilib.

Onu da qeyd etmək lazımdır ki, bu hadisə ilk baxışdan, sadəcə, media məkanında açılmış məqsədyönlü polemika təsiri bağışlayır. Ancaq daha fəqrli istiqamətlərə diqqət yetirdikdə bunun həm də regional güclər arasında gedən geopolitik savaşın məhz informasiya müstəvisindəki təzahürü olduğu qənaətinə gəlmək mümkündür. Və bu, Yaxın Şərqdə böyük güclərin maraqlarının nə qədər kəskin şəkildə toqquşduğunu açıq-aşkar göstərir.

erdo-sur-zidd-Снимок.JPG

Məsələ ondadır ki, həmin məlumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının — Milli İstihbarat Teşkilatı (MİT) — guya Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan "Secret Intelligence Service" ilə əlaqə saxlayaraq, Suriyanın lideri üçün təhlükəsizlik dəstəyi istədiyi iddia olunmuşdu. Bu məlumat əvvəlcə beynəlxalq xəbər agentliyi "Reuters" tərəfindən yayılan materiallarda qeyd edilmişdi.

Ancaq Türkiyə prezident administrasiyasının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Bu barədə rəsmi açıqlamada vurğulanıb ki, Türkiyə kəşfiyyatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etsə də, Suriyanın siyasi rəhbərliyinin təhlükəsizliyinin təmin olunması üçün Böyük Britaniyaya müraciət etməyib. Və bu barədə son vaxtlar informasiya məkanında dövriyyəyə buraxılmış məlumatlar tamamilə əsassızdır.

Digər tərəfdən, rəsmi Ankara həmçinin qeyd edib ki, dövlət təhlükəsizliyi və kəşfiyyat əməliyyatları suverenlik məsələsidir. Türkiyə bu kimi məsələləri vaxtında və problemsiz həll etmək üçün kifayət qədər geniş resurslara və imkanlara malikdir. Və belə anlaşılır ki, Suriya faktorunun yaratdığı təhlükəsizlik mühiti son vaxtlar qlobal güclər arasındakı kəskin rəqabətdə xüsusi rol oynayır.

Təbii ki, süni şəkildə yaradılmış bu mübahisənin baş verməsi qətiyyən təsadüfi deyil. Çünki Suriya coğrafiyası artıq uzun müddətdən bəridir ki, regional və qlobal güclərin qarşıdurma məkanına çevrilib. Ona görə də, müxtəlif silahlı qruplaşmaların fəaliyyət göstərdiyi, xarici aktorların geopolitik maraqlarının kəskin şəkildə toqquşduğu bu məkanda Suriyanın dövlət rəhbərliyinə qarşı sui-qəsd iddiaları və təhlükəsizlik riskləri tez-tez gündəmə gəlir.

2b2bff6b4335f366d6ad13b9b64c694e.jpeg

Türkiyə isə Suriyada həm hərbi, həm də siyasi baxımdan, ən aktiv regional oyunçulardan biridir. Rəsmi Ankara Suriyanın şimalında PKK-ya bağlı terror təşkilatlarına qarşı hərbi əməliyyatlar aparır. Türkiyə həmçinin bu bölgədə təhlükəsizlik balansının formalaşmasında da olduqca mühüm rol oynayır. Və bu baxımdan, Türkiyə kəşfiyyatının regional proseslərdə iştirak etməsi qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, bəzi ekspertlərin fikrincə, belə dezinformasiya xarakterli məlumatların Qərb mediasına sızdırılması bir neçə məqsədə xidmət edə bilər. Birinci məqsəd, regional güclərin nüfuzuna zərbə vurmaq və onların təhlükəsizliyə təminat imkanlarını şübhə altına almaqdır. Çünki əgər, Türkiyənin başqa ölkənin kəşfiyyatına müraciət etdiyi təəssüratı yaradılarsa, bu, rəsmi Ankaranın regional liderlik imicinə ağır zərbə xarakteri daşıya bilər.

İkincisi, bu tip əsassız məlumatlar ölkələrin kəşfiyyat strukturları arasında real və ya ehtimal olunan əməkdaşlıqları siyasi manipulyasiya predmetinə çevirə bilər. Belə hallarda məlumatın məzmunu ilə yanaşı, onun informasiya savaşında necə istifadə olunması da böyük əhəmiyyət daşıyır. Çünki regional geopolitik kontekstdə Suriyaya nəzarət prosesinin inkişaf istiqamətləri də həlledici faktorlardan biri hesab olunur.

Yaxın Şərqdə mövcud olan indiki geopolitik mühitdə Türkiyə bir tərəfdən Qərb strukturları ilə əməkdaşlıq edir. Digər tərəfdən isə həm də regionda müstəqil strateji kurs yürütməyə çalışır. Və rəsmi Ankaranın bu paralel fəaliyyət strategiyası bəzi qlobal güclərin maraqlarına ciddi problemlər yaratdığından, Türkiyəyə qarşı siyasi-ideoloji manipulyasiyalar qətiyyən gözlənilməz xarakter daşımır.

b9d761ae-37b7-4443-9f00-f075fec605f6.jpg

Məsələ ondadır ki, Türkiyə NATO-nin üzvü olsa da, rəsmi Ankara bir çox strateji məsələlərdə daha çox müstəqil təhlükəsizlik siyasəti yürüdür. Üstəlik, rəsmi Ankara Yaxın Şərq üzrə regional proseslərdə ilk növbədə Türkiyənin geopolitik maraqlarını prioritet hesab edir. Bu səbəbdən də rəsmi Ankara belə əsassız iddiaları operativ şəkildə təkzib etməklə, həm Türkiyənin suveren təhlükəsizlik siyasətini vurğulayır. Və həm də Türkiyənin regional güc statusunu qorumağa, dəyişməz saxlamağa çalışır.

Göründüyü kimi, MI6 ilə bağlı əsassız iddiaların rəsmi Ankara tərəfindən dərhal təkzib edilməsi bir daha onu göstərir ki, Yaxın Şərqdə geopolitik rəqabət yalnız hərbi və siyasi-diplomatik sahədə deyil. Yəni, bu rəqabət qlobal informasiya məkanında da həm kəskin, həm də intensiv şəkildə davam edir. Və rəsmi Ankaranın Qərb siyasi dairələrinin dezinformasiya cəhdlərinə belə sərt reaksiya verməsi isə Türkiyənin regional təhlükəsizlik sistemində müstəqil aktor kimi mövqeyini qorumaq istədiyindən qaynaqlanır.

Eyni zamanda, informasiya müharibəsinin getdikcə gücləndiyi indiki şəraitdə belə müəmmalı iddiaların ortaya çıxması qətiyyən səbəbsiz deyil. Ziddiyyətlərin yaradılmasına hesablanmış bu məlumatların sürətlə yayılması Yaxın Şərq regiondakı geopolitik qarşıdurmaların yeni mərhələyə keçdiyini də göstərir. Və bu baxımdan, Suriya lideri Əhməd əş-Şaraanın həyatına sui-qəsd törədilməsinə yönəlik gizli planların ola biləcəyi də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Seçilən
156
musavat.com

1Mənbələr