AZ

“İmişli” Qubadakı stadionda gördüyü işləri açıqladı – premyer-liqa klubları zülmdən xilas olacaq?

Xatırlayırsızsa, martın 1-də 2-ci liqanın 16-cı turunun “Quba” – “Kür-Araz” matçı əvvəlcədən nəzərdə tutulduğu kimi Quba Olimpiya İdman Kompleksinin stadionunda yox, Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirildi.

Peşəkar Futbol Liqası bunu qeyri-münasib hava şəraiti üzündən idman qurğusunun oyuna hazır vəziyyətə gətirilməsinin mümkün olmamasıyla əlaqələndirdi. Hadisənin ev oyunlarını Qubada keçirən “İmişli”nin də bu stadiondan istifadəsinə mane olub-olmayacağını soruşduğumuz PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev isə qazonun növbəti oyunlara hazır vəziyyətə gətirilməsi üçün işlərin görüldüyünü dedi.

Bəs. söhbət konkret hansı işlərdən gedir?

Bu sualı isə “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudluya ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Stadionun ot örtüyünün tam şəkildə yenilənməsi hazırkı mərhələdə mümkün olmasa da, mövcud örtüyün mümkün qədər yaxşı vəziyyətə gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Stadion əməkdaşları bu istiqamətdə maksimum səylə çalışırlar. Meydançaya peşəkar mütəxəssislər tərəfindən mütəmadi qulluq göstərilir. Seyrək və narazılıq doğuran sahələrə əlavə toxum səpilir, həmçinin müvafiq aqrotexniki qulluq və dərmanlama işləri aparılır”.

Xatırladaq ki, “İmişli”nin növbəti ev oyunu “Sabah”a qarşıdı. 24-cü turun matçı martın 14-ü, saat 15.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
97
2
football-plus.az

3Mənbələr