AZ

İranda yeni ali dini lider rəsmən elan edildi – xalq küçələrə axışdı - VİDEO

İranda yeni ali dini liderin seçilməsi ilə bağlı məlumat artıq rəsmən elan edilib.

Musavat.com xəbər verir ki, İranın Ekspertlər Şurası ölkənin yeni ali dini lideri kimi Müctəba Xameneinin seçildiyini rəsmi şəkildə açıqlayıb.

Məlumata görə, İran konstitusiyasına uyğun olaraq ali dini liderin seçilməsi səlahiyyəti 88 nəfərdən ibarət olan Ekspertlər Şurasına məxsusdur. Şura üzvlərinin keçirdiyi səsvermə nəticəsində mərhum ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəyə seçilib.

Bu barədə məlumat ilk olaraq müxtəlif beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə yayılıb. Daha sonra İranla əlaqəli bəzi kanallar və informasiya mənbələri də bu xəbəri təsdiqləyən məlumatlar yayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Müctəba Xameneinin ali dini lider seçildiyi barədə ilkin məlumatlar ortaya çıxmışdı. Həmin vaxt bildirilirdi ki, proseslə bağlı müəyyən siyasi və təhlükəsizlik prosedurları davam etdiyinə görə qərarın rəsmi elan olunması bir qədər gecikə bilər.

Nəhayət, Ekspertlər Şurasının qərarı ictimaiyyətə açıqlanıb və Müctəba Xameneinin İranın yeni ali dini lideri olduğu bildirilib.

Yeni liderin seçilməsi ölkənin müxtəlif şəhərlərində müəyyən reaksiyalar doğurub. Tehranda və digər şəhərlərdə insanlar küçələrə çıxaraq bu hadisəni qeyd edir, İran bayraqları ilə yürüşlər keçirir və yeni ali dini lideri təbrik etdiklərini bildirirlər.

Sosial şəbəkələrdə və bəzi media platformalarında yayılan görüntülərdə insanların meydanlarda toplaşaraq şüarlar səsləndirdiyi və yeni rəhbərliyin seçilməsini dəstəklədiyi görünür. 

Musavat.com-a daxil olan videolarda da Tehranda və digər şəhərlərdə toplaşan insanların bayraqlar qaldıraraq yeni ali dini liderin seçilməsini coşqu ilə qarşıladığı müşahidə olunur.

Hadisənin İran daxilində siyasi və ictimai mühitə necə təsir göstərəcəyi isə yaxın günlərdə daha aydın görünəcək.

 

Musavat.com

Seçilən
140
35
musavat.com

10Mənbələr