AZ

Qlobal silah ixracı artıb, Rusiyanın payı kəskin azalıb HESABAT

Modern.az saytına istinadən ain.az xəbər verir.

Dünyada əsas silahların dövlətlərarası ixracında son 5 ildə artım qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2021–2025-ci illəri əhatə edən hesabatında bildirilib. Hesabata görə, qlobal silah ixracı əvvəlki beşillik dövrlə (2016–2020) müqayisədə 9,2% artıb.

Araşdırmaya əsasən, son 5 ildə ixracı azalan yeganə böyük silah təchizatçısı Rusiya olub. SIPRI-nin hesablamalarına görə, Rusiyanın silah ixracı 2021–2025-ci illərdə 64% azalıb. Bu səbəbdən ölkə ən böyük silah ixracatçıları siyahısında ikinci yerdən üçüncü yerə düşüb və hazırda qlobal əsas silah ixracının 6,8%-ni təşkil edir.

Hesabatda qeyd olunur ki, qlobal silah ixracının 42%-i ilə ABŞ birinci yerdə qərarlaşıb. Bu göstərici əvvəlki beşillik dövrlə müqayisədə 6% çoxdur. Son iyirmi ildə ilk dəfə olaraq ABŞ silah ixracının əsas hissəsi Avropa ölkələrinə (38%) yönəlib, halbuki əvvəllər əsas istiqamət Yaxın Şərq (33%) idi.

Siyahıda ikinci yeri 9,8% payla Fransa tutur. Fransanın silah ixracının təxminən dörddə biri (24%) Hindistana göndərilib. Hindistan eyni zamanda Rusiya silahlarının da ən böyük idxalçısıdır və Rusiyanın ixracının təxminən 48%-i bu ölkənin payına düşür.

Hesabatda həmçinin bildirilir ki, Ukrayna Avropada ən böyük silah idxalçısı olaraq qalır. 2021–2025-ci illərdə ölkə qlobal silah idxalının 9,7%-ni təşkil edib. Ukraynaya əsas silah təchizatçıları isə ABŞ (41%), Almaniya (14%) və Polşa (9,4%) olub.

SIPRI qeyd edir ki, 2025-ci ildə Ukraynaya göndərilən silahların həcmi əvvəlki illərlə müqayisədə azalıb. Mütəxəssislər bunu Donald Trampın hakimiyyətə qayıtmasından sonra ABŞ-dan birbaşa hərbi təchizatın azalması ilə əlaqələndirirlər.

Araşdırma müəllifləri bildirirlər ki, Ukraynaya silah tədarükü son beş ildə qlobal silah ixracının artmasının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bununla yanaşı, bir çox Avropa ölkəsi də Rusiyadan gələn təhlükənin artması fonunda silah alışını artırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
modern.az

1Mənbələr