AZ

Məsud Pezeşkianın Bakıya zənginin şifrələri - Nələr gözlənilir?

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini müsbət qiymətləndirirəm. Kaş ki, bu zəng məlum hadisədən dərhal sonra edilərdi. Bütün hallarda Məsud Pezeşkianın telefon zəngi zamanı Azərbaycan Prezidentinin İranın Ali Rəhbəri Əli Xameneinin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirməsi əhəmiyyətlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Məsud Pezeşkianın Naxçıvanın dron hücumuna məruz qalması ilə bağlı insidentin araşdırılacağını vurğulaması da vacibdir.

“Doğrudur, İran Prezidenti yenə əvvəlki fikrini təkrarlayaraq hadisənin İslam Respublikası ilə əlaqəsi olmadığını iddia edib. Önəmli olan Pezeşkianın məsələni araşdırılacağını vəd etməsidir. Öz növbəsində telefon danışığı zamanı İlham Əliyevin İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verməsi ölkəmizin qonşu öılədə müharibənin əleyhinə olduğunun göstəricisidir. Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir, əksinə ortaq layihələrin və qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq. Təsadüfi deyil ki, telefon söhbətindən dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub”.

Siyasi icmalçının fikrincə, önəmli olan İrandakı bütün qüvvələrin Prezident Məsud Pezeşkianın Azərbaycanla tərəfdaş münasibətləri saxlamasına əngəl olmamasıdır:

“Təəssüf ki, həmin qüvvələr Prezidentə tabe deyillər. Ancaq onlar anlamalıdırlar ki, ölkəmiz əleyhinə təxribatlarını davam etdirsələr, həm Məsud Pezeşkianı pis vəziyyətdə qoyacaqlar, həm də Azərbaycanla bütün körpüləri yandıracaqlar. Bunun hansı mənfi nəticələrə gətirəcəyini anlamaları lazımdır”.


Telegram kanalımız
Seçilən
98
3
yenisabah.az

10Mənbələr