AZ

Pezeşikan nə üçün SEPAH-a sözünü keçirə bilmir – Önəmli DETALLAR 

İran Prezidenti Məsud Pezeşkianın son açıqlamaları və SEPAH-ın buna reaksiyası ölkədəki siyasi-hərbi iyerarxiyanın mürəkkəbliyini bir daha ortaya çıxarıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sosial media hesabı vasitəsilə prezident Məsud Pezeşkianın qonşu ölkələrə hücum etməyəcəyinə dair verdiyi bəyanatın səhv olduğunu vurğulayıb. Açıqlamada bildirilir ki, “Prezident Pezeşkian səhv etdi və qüvvələrimiz bunu açıq şəkildə nümayiş etdirdi. Onun sözləri beş saat əvvəl deyildi və o vaxtdan bəri Dubay və Əbu-Dabi hücuma məruz qalır. Pezeşkianın müharibə zamanı verdiyi açıqlamalara məhəl qoymayın.”

Siyasi şərhçi Elçin Xalidbəyli NOCOMMENT.az-a açıqlamasında bildirib ki, bu vəziyyət İranda prezident və hərbi struktur arasındakı güc balansının necə qurulduğunu göstərir.

Elçin Xalidbəyli

Onun sözlərinə görə, SEPAH İranın hərbi və strateji siyasətində mərkəzi rola malikdir və prezidentin fərdi bəyanatları bu qurumun operativ qərarlarının qarşısında hər zaman ikinci planda qalır:

“SEPAH İranın milli təhlükəsizlik və regional siyasət baxımından əsas təmsilçisi kimi çıxış edir. Prezidentin verdiyi bəyanatlar daha çox rəsmi diplomatik ton daşıyır, lakin müharibə və hərbi əməliyyatlar zamanı SEPAH-ın əmrləri qanun və praktika baxımından üstünlük təşkil edir”.

O əlavə edib ki, SEPAH-ın prezidentdən üstün olmasının əsas səbəbi onun təşkilati strukturu və siyasi-iqtisadi təsiridir:

“SEPAH yalnız hərbi qüvvə deyil, həm də İranın daxili siyasətində, iqtisadi resursların idarə olunmasında və regional strateji qərarlarda həlledici rol oynayır.

Məsud Pezeşkianın açıqlamaları əməliyyat planları ilə ziddiyyət təşkil etdiyindən, SEPAH bu açıqlamanı düzəltmək və mövcud hərbi strategiyanı davam etdirmək haqqını özündə saxlayır. Bu, sadəcə prezidentin deyil, İran dövlətinin müharibə və təhlükəsizlik siyasətində SEPAH-ın real gücünü göstərir”.

Siyasi ekspert həmçinin bildirib ki, beynəlxalq media və diplomatlar tez-tez İran prezidentini ölkənin rəhbəri kimi təqdim etsələr də, SEPAH-ın nüfuzu və qərarvermə səlahiyyətləri onun təsirini üstələyir:

“Bu da göstərir ki, Tehranda verilən hərbi və strateji qərarlar birbaşa hərbi komandanlıq və SEPAH tərəfindən müəyyənləşdirilir, prezident yalnız diplomatik açıqlamaları ilə bu prosesləri tamamlayıcı şəkildə təsdiqləyir.

SEPAH-ın Pezeşkianın bəyanatına reaksiyası həm daxili güc balansını, həm də İranın regional siyasətdə hərbi-strateji üstünlüyünü nümayiş etdirir. Prezidentin sözləri münaqişə zamanı praktiki olaraq əməliyyat planlarını dəyişdirmir, bu isə Tehranın hərbi qərarvermə sistemində SEPAH-ın mərkəzi rolunu bir daha təsdiqləyir”.

Tunar
NOCOMMENT.az

Seçilən
110
nocomment.az

1Mənbələr