AZ

İrana gedən deputatlar danışdılar: Xameneini görənlər, izlənənlər, qorxanlar...

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqdə son günlər baş verən hadisələr, xüsusilə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar vəziyyəti xeyli gərginləşdirib. Artan təhlükəsizlik riskləri səbəbindən bir çox ölkələr öz vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edir, bəzi uçuşlar isə müvəqqəti olaraq dayandırılıb. Mövcud vəziyyət fonunda bu ölkəyə səfərlərlə bağlı xatirələr və şəxsi təəssüratlar da yenidən diqqət mərkəzinə gəlir.

Modern.az bu kontekstdə müxtəlif illərdə İrana səfər etmiş Azərbaycan deputatlarının həmin ölkə ilə bağlı yadda qalan xatirələrini və təəssüratlarını öyrənib. Deputatlar İranın şəhərləri, parlamenti, dini mərasimləri və yerli əhali ilə təmasları ilə bağlı maraqlı məqamları bölüşüblər.

Elman Nəsirov: İran İslam Respublikasında indiyədək iki dəfə olmuşam. Hər ikisi Məhəmməd Xatəminin prezidentlik dövrünə təsadüf edir. Onun hakimiyyətə gəlişi ilə İranda liberal proseslər başlamışdı, xeyli xarici ölkənin vətəndaşları İrana gəlir, beynəlxalq konfranslar keçirirdilər. Səhv etmirəmsə sonuncu dəfə 2004-cü ildə İranda səfərdə oldum. Beynəlxaq konfrans idi, Tehranda keçirilirdi. Həmin konfransda təhlükəsizlik məsələləri ilə bağlı çıxışım oldu. Konfransdan sonra Tehranın görməli yerlərini gəzərkən nümayəndə heyəti ilə birlikdə hara gedirdiksə bir "quyruq" bizim ardımızca gəlirdi. Hər birimiz hiss edirdik ki, bir nəfər hara gedirdiksə bizi izləyirdi, amma onun xəbəri yox idi ki, bilirdik ki, o bizi izləyir. Mütəmadi olaraq imkan tapıb baxırdıq ki, eyni adam arxamızca gəzir. Yadımda bir şey də qaldı: konfransda fasilə verilərkən körfəzdən tutulmuş böyük balığı qızartmışdılar. Həmin balığı 6 nəfər çiynində restorana gətirdilər. Sonda o balıqdan ancaq skeleti qalmışdı. Gələndə İran bazarına da getmişdik ki, bir az çərəz, ədviyyat alaq və oradakı azərbaycanlılarla söhbət etdik. Onlar bəzi yüksək vəzifələrdə olan azərbaycanlılardan şikayət etdilər. Dedilər ki, onlar bizə daha çox təzyiq edilər. Sanki bəziləri farsdan daha çox farsa bənzədiklərini göstərmək üçün daha çox qəddarlıq edirlər. Amma Tehranda da azərbaycanlıların sayı milyonlarla idi. Onların böyük hissəsi Azərbaycanı sevir, "Qurban olum Azərbaycana" deyirdilər.

Aydın Mirzəzadə: İndiyədək İranda iki dəfə olmuşam. İlk səfərim Bakı–Məşhəd aviareysinin açılması münasibətilə təşkil olunmuşdu. İran səfirliyi bu münasibətlə, aralarında deputatların da olduğu bir qrup Azərbaycan ziyalısının Məşhədə səfərini təşkil etmişdi. Həmin gün əvvəlcə aeroportda, daha sonra isə müqəddəs İmam Rza kompleksində olduq. Şəhəri əsasən avtomobillə hərəkət edərkən görmək imkanımız oldu və Məşhəd mənə daha çox qədim Şərq şəhəri təsiri bağışladı. Bizimlə təmasda olan insanlar azərbaycanlı olduğumuzu biləndə böyük hörmət göstərir, bizi dost və qardaş xalqın nümayəndələri kimi qarşılayırdılar.

İkinci səfərim isə 2017-ci ildə İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimi ilə bağlı olub. Həmin vaxt Milli Məclisdən bir qrup deputat mərasimdə iştirak etmək üçün İrana getmişdi. Dəfn mərasimində ali dini lider Əli Xamenini uzaqdan görmək imkanım olmuşdu. Bu səfər zamanı mərasimlə yanaşı, şəhəri də qismən gəzmək imkanımız yarandı.

Daha sonra İran parlamentinin iclasını kənardan müşahidə etmək imkanımız oldu. Parlamentin sədri bizi təqdim etdikdən sonra demək olar ki, parlamentin bütün üzvləri ayağa qalxaraq bizi alqışlarla qarşıladılar. Parlamentdə olduğumuz vaxt İran–Azərbaycan dostluq qrupunun nümayəndələri ilə də görüş keçirdik. Onların arasında xeyli sayda azərbaycanlı deputatlar var idi. Maraqlı məqam isə ondan ibarət idi ki, həmin deputatlar bizimlə Azərbaycan dilində danışırdılar.

Ceyhun Məmmədov: Mən İranda 2008–2009-cu illərdə olmuşam. Həmin dövrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışırdım və səfərimiz rəsmi xarakter daşıyırdı. Bu səbəbdən yerli əhali ilə geniş şəkildə ünsiyyət qurmaq imkanımız olmasa da, imkan daxilində ətraf mühitlə tanış olmağa çalışırdıq.

Diqqətimi çəkən əsas məqamlardan biri İran tərəfinin müxtəlif ölkələrdən gələn qonaqlara öz mədəniyyətləri və dövlətləri haqqında geniş məlumat verməyə çalışması idi. Onlar qonaqlarla ünsiyyətdə kifayət qədər fəal davranır, ölkələri barədə mümkün qədər ətraflı məlumat təqdim etməyə səy göstərirdilər. Ümumilikdə isə İranda həyatın çox qaynar olduğunu müşahidə etdim. Şəhərin küçələri son dərəcə izdihamlı idi. Çox gəzmək imkanımız olmasa da, şəhərdə hərəkət edərkən avtomobillərin və motosikletlərin sayının həddən artıq çox olması diqqətimi çəkdi. Bu səbəbdən yolları keçmək bəzən xeyli çətinlik yaradırdı.

Razi Nurullayev: İranda olmağı hər zaman istəmişəm. Bu ölkəni görmək, onun tarixini və mədəniyyətini yaxından tanımaq mənim üçün maraqlı olub. Lakin indiyə qədər bir dəfə də olsun İrana səfər edə bilməmişəm. Bunun əsas səbəbi isə zaman-zaman İranla bağlı müəyyən tənqidi fikirlər səsləndirməyimdir. Açığını desəm, bu cür mövqeyimə görə öz təhlükəsizliyimlə bağlı müəyyən narahatlıqlarım olub və məhz buna görə ziyarətim indiyədək baş tutmayıb.

Fəzail İbrahimli: 2022-ci ildə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Tehranda keçirilən konfransda iştirak etmişəm. Cəmi bir günlük səfər idi. Şəhəri gəzmək imkanım olmasa da onu deyə bilərəm ki, hava limanından otelə gedənə qədər artıq məndə şəhərlə bağlı müəyyən təəssüratlar yaranmışdı. Yol boyu ürəkaçan bir şey görmədim. Bir də qəribə mənəvi-psixoloji mühit var idi. Bilmirəm, bu mənim keçirdiyim hislərdir, yoxsa hamı bu hisləri keçirir. Diplomatların münasibətinə gəldikdə isə onu qeyd edə bilərəm ki, parlamentin sədri Baqeri, digər nümayəndələr kimi bizi də yüksək səviyyədə, təbəssümlə qarşıladı. Diplomatik gedişlərlə hər şey qəlbdə, düşüncədə olur, sima isə həmişə gülür. İclas zamanı isə İran parlamentindən olan nümayəndələrin sayı az idi və ayrı-ayrı yerlərdə oturduğu üçün heç bir ünsiyyəti olmadı.  

Tahir Rzayev: Mən İran İslam Respublikasında olmamışam, ancaq olanların demək olar ki, əksəriyyətinin təsəvvürləri mənfidir. Çünki İran torpağına qədəm qoyan hər bir kəs izlənilir, onun hərəkətləri müşahidə edilir. Bir çox hallarda onlara qarşı təhqiramiz hərəktlərə yol verilib və o adamlar daim həyacan içərisində yaşayıblar. Çünki bilirlər ki, onlar izlənilib, ən adi halda sorğu-suala tutulurlar. Bu səbəbdən İrana getmək də istəməmişəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
modern.az

1Mənbələr