AZ

Mənimsəmədə ittiham olunan məktəbin direktor əvəzinə şərti cəza verildi

Gəncə Şəhər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Arzu Qafarlının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Həsənlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

Qeyd: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını təkrarən mənimsəmə və israf etmə yolu ilə talamaqda, həmçinin xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

 

İttihama görə, Arzu Qafarlı 2013-2020-ci illərdə Gəncə şəhəri Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin direktor əvəzi vəzifəsində çalışıb. Təqsirləndirilən şəxs qeyd olunan vəzifədə işlədiyi dövrdə ona verilmiş qulluq səlahiyyətlərindən qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq mənafeyinə zidd olaraq istifadə edib və bu yolla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

 

Belə ki, o, 2013-cü ildə məktəbdə 1 ştat vahidi üzrə xadimə vəzifəsinə təyin etdiyi S.S.-in (adı, soyadı şərtidir) faktiki olaraq işə gəlmədiyini və vəzifə öhdəliklərini yerinə yetirmədiyini bildiyi halda, hər ay Gəncə şəhər Təhsil İdarəsinə göndərilən məktəbin texniki işçilərinin tabel vərəqələrində onun işə gəldiyini göstərən həqiqətə uyğun olmayan imzalar atıb. Bununla yanaşı, S.S.-ə məxsus əməkhaqqı kartını özündə saxlayaraq həmin karta köçürülmüş əməkhaqqı məbləğini Gəncə şəhərində yerləşən bankomatlardan nağdlaşdırıb. Nəticədə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 11 450,96 manat məbləğində pul vəsaitini mənimsəmə yolu ilə talayıb.

 

Bundan başqa, Arzu Qafarlı 2013-cü ildə məktəbdə fəhlə vəzifəsinə təyin etdiyi D.D.-nin (adı, soyadı şərtidir) də faktiki olaraq işə gəlməməsinə baxmayaraq, tabel vərəqələrində onun işə gəldiyini göstərərək əməkhaqqı ödənişlərinin aparılmasına şərait yaradıb. Bu yolla D.D.-nin bank hesabına köçürülmüş 12 005,81 manat məbləğində pul vəsaitinin çıxarılaraq şəxsi ehtiyaclara sərf edilməsinə nail olub və həmin vəsaitin israf edilməsinə səbəb olub.

 

İttihamda göstərilir ki, təqsirləndirilən şəxs eyni üsulla məktəbdə ocaqçı vəzifəsinə təyin edilmiş F.F.-in (adı, soyadı şərtidir) də işə gəlmədiyini bildiyi halda tabel sənədlərində onun işə gəldiyini qeyd edib. F.F.-in bank hesabına köçürülmüş əməkhaqqı məbləği sonuncu tərəfindən çıxarılaraq məktəbin direktor otağında ona təqdim olunub. Bu yolla Arzu Qafarlı ümumilikdə 4 448,23 manat məbləğində pul vəsaitini mənimsəyib.

 

Bundan əlavə, o, 2014-cü ildə məktəbdə xadimə vəzifəsinə təyin edilmiş E.E.-in (adı, soyadı şərtidir) də faktiki olaraq işə gəlməməsinə baxmayaraq, tabel vərəqələrində onun işə gəldiyini göstərərək əməkhaqqı ödənişlərinin həyata keçirilməsinə şərait yaradıb. Nəticədə, sonuncunun bank hesabına köçürülmüş əməkhaqqı məbləği hər ay çıxarılaraq məktəbin direktor otağında təqsirləndirilən şəxsə verilib və bu yolla ümumilikdə 13 043,48 manat məbləğində pul vəsaiti mənimsənilib.

 

İstintaq materiallarına görə, Arzu Qafarlı 2016-cı ildə məktəbdə fəhlə vəzifəsinə təyin etdiyi V.V.-nin (adı, soyadı şərtidir) də işə gəlmədiyini bildiyi halda tabel sənədlərində onun işə gəldiyini göstərərək 7 368,07 manat məbləğində pul vəsaitinin çıxarılaraq şəxsi ehtiyaclara sərf edilməsinə şərait yaradıb.

 

Bununla yanaşı, təqsirləndirilən şəxs məktəbdə dərnək rəhbəri vəzifəsində çalışan B.B.-nin (adı, soyadı şərtidir) faktiki olaraq dərslərə gəlməməsinə baxmayaraq, əməkhaqqı cədvəllərində onun işə gəldiyini göstərərək 1 912,21 manat məbləğində vəsaitin ödənilməsinə nail olub və həmin vəsaitin israf edilməsinə şərait yaradıb.

 

O, həmçinin 2019/2020-ci tədris ilində dərsdənkənar məşğələ qruplarının komplektləşdirilməsi qaydalarını pozaraq şagird sayı normativdən az olan qruplar təşkil edib. Bunun nəticəsində həmin qruplar üzrə dərs saatlarının tarifləşdirilməsi həyata keçirilərək müəllimlərin bank hesablarına əsassız olaraq 1 156,94 manat məbləğində vəsait köçürülüb.

 

Bundan əlavə, məktəbdə rus bölməsi üzrə ixtisaslı müəllimlərin olmamasına baxmayaraq, “Texnologiya” fənni üzrə sinifləri əsassız olaraq yarımqruplara bölməsi nəticəsində müxtəlif müəllimlərin bank hesablarına ödənilmiş ümumilikdə 4 402,62 manat məbləğində pul vəsaitinin çıxarılaraq şəxsi ehtiyaclara sərf edilməsinə şərait yaradılıb.

 

Beləliklə, Arzu Qafarlı qeyd edilən qanunsuz hərəkətləri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə (indiki Elm və Təhsil Nazirliyi) məxsus olmaqla ona etibar edilmiş xeyli miqdarda pul vəsaitini təkrarən mənimsəmə və israf etmə yolu ilə talamaqla yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə edib və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

 

Məhkəmə iclasında Arzu Qafarlı ona qarşı Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, 2013-2020-ci ilədək Gəncə şəhəri 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. Çalışdığı dövrdə rəhbərliyin etimadını doğrultmağa çalışdığını, heç vaxt intizam tənbehi almadığını qeyd edib. Həmçinin 2008, 2013 və 2018-ci illərdə 17 saylı seçki məntəqəsinin sədri kimi fəaliyyət göstərdiyini və məktəbdə seçkilərin təşkilini təmin etdiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 10 Mart 2026, 08:21   
Seçilən
77
pravda.az

1Mənbələr