AZ

Naxçıvanda mülki infrastrukturun vurulması dinc əhaliyə qarşı terror aktı kimi qiymətləndirilə bilər ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən edilmiş terror hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər və Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin bəyanatları göstərir ki, bu, təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası baxımından ciddi siyasi və hüquqi nəticələr doğuran hadisədir.

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ərazisinə yönəlmiş bu hücum regionda sabitliyə və təhlükəsizliyə açıq təhdid olmaqla yanaşı, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, dövlətimizin başçısının çıxışında vurğulandığı kimi, İran tərəfinin bu təxribatı həm hərbi, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir: “Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir və bu prinsiplərə qarşı yönəlmiş istənilən hərəkət beynəlxalq sistemdə legitim sayılmır. Xüsusilə də mülki obyektlərin hədəf seçilməsi müasir beynəlxalq hüququn humanitar normalarına ziddir. Bu baxımdan Naxçıvanda mülki infrastrukturun vurulması təkcə dövlətə qarşı yönəlmiş hərbi addım deyil, eyni zamanda, dinc əhaliyə qarşı təhlükə yaradan terror xarakterli akt kimi qiymətləndirilə bilər. Belə səpkili davranışlar Azərbaycan tərəfindən rəsmi olaraq ərazi bütövlüyümüzə qəsd, vətəndaşlarımıza qarşı isə cinayət kimi qiymətləndirilir. Bu, həm Azərbaycan, həm də beynəlxalq hüquqla təsbit olunur”.

Politoloq qeyd edib ki, Azərbaycanın mövqeyi isə hər zaman olduğu kimi aydın və ardıcıldır: “Rəsmi Bakı uzun illərdir regionda sülh və əməkdaşlıq prinsiplərini dövlət siyasətinin əsas prioriteti kimi müəyyən edib. Prezident İlham Əliyevin çıxışında da bu prinsip xüsusi olaraq vurğulanaraq qeyd olunub ki, Azərbaycan bütün qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin qurulmasına sadiqdir. Lakin, eyni zamanda, dövlət öz suveren ərazilərinə qarşı hər hansı təxribat və təhlükə yarandığı halda adekvat cavab vermək iqtidarında olduğunu da açıq şəkildə nümayiş etdirir. Bu mövqe beynəlxalq hüququn özünümüdafiə hüququnu tanıyan prinsipləri ilə də tam uyğunluq təşkil edir”.

Amid Əliyevin sözlərinə görə, məsələnin siyasi aspektlərindən biri də Azərbaycanın son illər regionda nümayiş etdirdiyi humanitar və konstruktiv sülh siyasətinin fonunda İran tərəfindən belə bir addımın atılmasıdır: “Azərbaycan dəfələrlə region ölkələrinə humanitar yardım göstərib, müxtəlif böhran vəziyyətlərində həmrəylik nümayiş etdirib və qonşularla münasibətlərdə qarşılıqlı etimad mühitinin formalaşdırılmasına çalışıb. Bu baxımdan Naxçıvanda mülki obyektin hədəfə alınması yalnız hərbi təxribat deyil, həm də bu humanitar yanaşmaya qarşı açıq hörmətsizlik kimi qiymətləndirilə bilər. İranın bu addımı həm riyakarlıq, həm də regional geosiyasi reallıqlar fonunda qısqanclıq və strateji narahatlığın təzahürü kimi görünür ki, bu da onun beynəlxalq imicinə ciddi zərbə vurur".

Politoloq əlavə edib ki, baş verən hadisə ilə bağlı beynəlxalq reaksiyalar da onun regional və qlobal əhəmiyyətini göstərir: “Bir sıra dövlətlər və beynəlxalq aktorlar Azərbaycanın suverenliyini müdafiə etmək hüququnu dəstəklədiklərini bildirərək, regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Bu cür diplomatik mesajlar həm beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə yönəlmiş mövqeni, həm də Cənubi Qafqazda güc balansının qorunmasına xidmət edən strateji yanaşmanı əks etdirir.

Vacib faktorlardan biri də odur ki, hadisədən əvvəl Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə getməsi və baş verən hadisələrlə bağlı olaraq rəsmi başsağlığı bildirməsi və bundan sonra isə bu hücumun olması faktı əlavə olaraq Azərbaycanda geniş şəkildə hiddət və narazılıq hissi yaratdı”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
azertag.az

1Mənbələr